Aynurə Əliyeva "Həkim məsləhəti" rubrikasında "Göz ağrısının yaranma səbəbləri" mövzusunda ətraflı məlumat verib

Aynurə Əliyeva "Həkim məsləhəti" rubrikasında "Göz ağrısının yaranma səbəbləri" mövzusunda ətraflı məlumat verib

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu, t.f.d. Aynurə Əliyeva "Həkim məsləhəti" rubrikasında "Göz ağrısının yaranma səbəbləri" mövzusunda ətraflı məlumat verib.


Ağrı iltihab əlamətlərindən biridir. Lokalizasiyasından asılı olaraq ağrının kəskinliyi, şiddəti dəyişir. Sinirlərlə zəngin olan göz və orbita – göz yuvası hər hansı iltihabi, işemik, törəmə kimi səbəblərdən, beyin mənşəli səbəblərdən ağrıya bilər.


Göz almasının önündə, arxasında lokalizasiya olunan, göz almasının hərəkəti ilə əlaqəli olan və ya hərəkətlə əlaqədar olmayan, qırpma zamanı hiss olunan, səhər saatlarında yaxud günün sonuna doğru yaranan, qızartı və ya şişkinliklə müşayiət olunan, baş ağrısı fonunda, ürək bulanma ilə müşahidə olunan göz ağrısı şikayətləri ilə oftalmoloqa müraciət edən  pasiyentlərdə diferensiasiya etməklə diaqnoz qoyulur.


Göz ağrısı şikayəti ilə müşahidə olunan bir çox patoloji vəziyyət var. Bunları göz xəstəliklərinin əlaməti və göz ilə əlaqədar olmayan hallar kimi qruplaşdırmaq olar. Göz ilə əlaqədar olan vəziyyətlərdə adətən digər başqa göz simptomları da olur.


Gözdə qızartı, batma, sulanma, yad cisim hissi ilə, işığa həssaslıqla müşahidə olunan keratitlər gözdə ağrı ilə özünü büruzə verirlər. Bu zaman pasiyentlər ağrının qırpma ilə əlaqədar olduğunu və qapaq altına yad cisim düşməsi hissinin olduğunu bildirirlər.


Göz alması daxili qatlarının iltihabı, uveitlər gözdə qızartı, duman, bəbəklərin işığa reaksiyasının dəyişilməsi, bəbəklərdə bitişmələrin olması və ağrı ilə pasiyentləri həkimə gətirir.


Göz daxili təzyiqin yüksəlməsindən əziyyət çəkən qlaukoma xəstələrində də mütəmadi göz ağrıları ola bilir. Kəskin və şiddətli ağrı, qızartı, göz önündə rəngli həlqələrin görülməsi, görmə zəifləməsi, ürəkbulanma, qusma isə qlaukomatik kriz əlamətidir.


Görmə siniri iltihabi – optik nevrit zamanı göz almasında yaranan ağrı, xüsusilə göz almasının hərəkəti zamanı narahat edir, yaxud olan ağrı hərəkət zamanı daha da kəskinləşir.


Kəskin konyunktivitlər zamanı ağrı qızartı, ifrazat, ödemlərlə müşahidə olunur.


Qapaq iltihabı – blefarit və «it dirsəyi» zamanı ağrı qapaqlarda lokal şişkinliklə, qızartıyla başlayır.


Göz yuvası toxumalarının müxtəlif səbəblərdən iltihabi zamanı orbitaya sirayət edən ağrıları pasiyentlər səhvən göz alması ağrısı kimi ifadə edirlər. Miozit, orbital selulit  kimi vəziyyətlərdə ağrı görmə zəifləməsi, qapaqlarda və ətrafında kəskin ödem, göz alması hərəkətində məhdudiyyət ilə müşahidə olunur.


Gözə düşən yad cisim, gözdə kəskin quruluq, göz alması «ağı» – skleranın iltihabi olan sklerit və episkleritlər ağrı verir.


Müxtəlif dərəcəli refraksiya qüsurları, hipermetropiya, astiqmatizm  korreksiya olunmadığı hallarda görmə gərginliyi zamanı ağrı yarana bilər. Xüsusilə qaşarası nahiyədə hiss olunan ağrıya iş gününün sonunda baş və boyun ağrıları da qoşulur. Bəzi çəplik  növlərində gözdə ağrı olur. Belə hallarda ağrılar tək əlamət və şikayət olduğuna görə oftalmoloji patologiyanın aşkar yaxud inkar edilməsi üçün müayinə vacibdir.


Göz ilə əlaqədar olmayan ağrılar isə sinusit, diş iltihabı, miqren tutması, üçlü sinirin birinci şaxəsinin nevralgiyası, AT yüksəlməsi, hərarət yüksəlməsi zamanı, orbita divarı ətrafındakı sümüklərin travmatik sınıqları yaxud yumşaq toxumanın müxtəlif iltihabları zamanı müşahidə oluna bilər.


Göz ağrılarının müalicəsi səbəbindən asılı olaraq aparılır. İsti yerli kompres, görmə gərginliyinin azaldılması, 8-9 saatlıq yuxu, istirahət, yerli medikamentoz müalicə, lazım olduğu hallarda sistematik müalicə təyin olunmaqla ağrı aradan qaldırılır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]