İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturu yenidən qurulur - FOTO

İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturu yenidən qurulur - FOTO

20-22 oktyabr 2021-ci il tarixlərində keçirilən “Rebuild Karabakh” – 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən və planlaşdırılan dəmir yolu layihələri barədə məlumat da yer alıb.
 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri intensiv şəkildə həyata keçirilir.
 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir.
 

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək. Həmçinin yol üzrə 114 ədəd süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Hazırda dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilməkdədir.
 

Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik  tədqiqat işləri tamamlanmışdır və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.
 

İcrasına başlanılan layihələrlə yanaşı, ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu  birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]