GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#cərimə İkinci doza vaksin vurdurmayan sürücü və sərnişinlər cərimələndilər

 

Əvvəlcədən elan edildiyi kimi, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.

 

 

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

 

 

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

 

 

Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 50-yə yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib.

 

 

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

 

========================================

 

#təcavüz Taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istədi

 

Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonuna kursa apardığı azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

 

Məlumata görə, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

 

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıb. Həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb.

 

=========================================


#patı Narkotik maddə satan şəxs saxlanılıb

 

Şirvan şəhər ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olan Vüsal Mirzəyev saxlanılıb.

 

Onun yaşadığı evə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin, heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

==========================================

 

#itkin İtkin düşmüş bu şəxs axtarılır

 

Yevlax rayonunda qeydiyyatda olan 69 yaşlı Səlim Səlimov 2021-ci il sentyabrın 26-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.

 

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, həmin gün onun əynində üzərində boz nöqtələri olan qara rəngli köynək, qara rəngdə şalvar, göy rəngdə ayaqqabı olub. Ağ saçlı, dişləri seyrəkdir, qüsurlu danışır, çilə barmaqlarının hər ikisində ət xalı var.

 

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (051) 300-03-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

============================================

 

 #polis Polisə zor tətbiq edənlərin işi MƏHKƏMƏDƏ

 

30 mart 2021-ci ildə Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

 

 

Bu barədə Baş Prokurorluqdan  verilən məlumatda bildirilib.

 

İstintaqla müəyyən edilib ki, şəhər sakini Vüsal Səmədov tanışları Abit İsmayılov və Əmrah Əhmədov ilə idarə etdikləri avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olarkən RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən avtomobildə narkotik vasitələrin olması barədə əldə edilmiş əməliyyat məlumatı əsasında onlardan avtomobili saxlamaları tələb edilib.

 

Lakin sonuncular idarə etdikləri avtomobili polis əməkdaşlarının olduğu avtomobillərə çırparaq, oradan qaçmağa cəhd göstərib. Həmçinin öz xidməti vəzifəsini icra edən polis əməkdaşının üzərinə avtomobili sürərək ona qarşı müqavimət göstəriblər.

 

Avtomobilə baxış keçirilərkən oradan külli miqdrada müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb.

 

Abit İsmayılov, Vüsal Səmədov və Əmrah Əhmədov Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin müvafiq qərarları ilə həbs və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]