Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılış mərasimi keçirilib - FOTO

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılış mərasimi keçirilib - FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Qarakalpaqstan Respublikası və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılış mərasimini keçirilib.

 

 


Qeyd edək ki, tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.


Qarakalpaqstanın mərkəzi Nukus şəhərindəki Berdaq adına Dövlət Musiqili Teatrında baş tutan mərasimdə dövlət qurumlarının nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, ictimaiyyətin nümayəndələri, jurnalistlər, Azərbaycan nümayəndə heyəti  iştirak edib.


Tədbiri Qarakalpaqstan  Respublikası Nazirlər Şurası sədrinin müavini Rasul Zareneyev açaraq Özbəkistanla, həmçinin Qarakalpaqstanla Azərbaycan arasında əlaqələrin inkişafından danışıb. O, xalqlarımız arasında tarixi dostluq haqqında danışaraq, belə səfərlərin tez-tez təşkil olunması mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına təkan verdiyini söyləyib, Azərbaycan tərəfinə ilk dəfə olaraq Qarakalpaqstanda keçirilən möhtəşəm tədbirə görə öz təşəkkürünü bildirib.

 
Özbəkistandakı Heydər Əliyev  adına Azərbaycan Mədəniyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli əlaqələr, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən layihələr haqqında danışıb, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanda, onun regionlarında tanıdılması, Qarakalpaqstan Respublikasında və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, kitabxanalara Azərbaycana dair nəşrlərin hədiyyə olunması, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Samir Abbasov vurğulayıb ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Prezident İlham Əliyev “Nizami Gəncəvi ili” elan edib. Bu il özbək xalqının iftixarı Əlişir Nəvainin 580 illiyi  münasibəti ilə də müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur, xatirəsi ehtiramla yad edilir. Çıxışının sonunda S. Abbasov Rasul Zareneyevə “İrəvan xalçaları” kitabını hədiyyə edib.


Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycandan qardaş Özbəkistana və qardaş qaraqalpaq xalqına salam gətirdiyini bildirib. Qənirə Paşayeva deyib ki, bu gün Azərbaycan və Özbəkistan Prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev dövlətlərimizin inkişafı üçün var qüvvələri ilə çalışırlar. Ölkələrimiz arasında heç bir problem yoxdur. Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması Türk Şurasını daha da gücləndirib.


Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olmasından danışan komitə sədri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əskər və zabitlərimiz Qarabağımızı və gözəl Şuşanı erməni əsarətindən xilas etdi. Milli Məclisin deputatı bildirib ki, özbək və qaraqalpaq xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.


Sonra Azərbaycanın Qarabağ diyarının milli qadın və kişi geyimlərinin moda sərgisinin nümayişi keçirilib və “Qarabağ şikəstəsi”nin sədaları altında çıxışlar alqışlarla qarşılanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid libasları Nukus Dövlət Universitetinin tələbə oğlan və qızları təqdim etdilər.


Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova xalq mahnıları və muğamlarımızı, tanınmış saz ustadı İlham Abdullayev qədim saz havalarımızı, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmişlər.


Qeyd edək ki, Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsinə hər iki ölkənin mədəniyyət nazirlikləri, yerli hakimiyyət, Azərbaycanın Özbəkistandakı Səfirliyi müvafiq dəstək göstərir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]