Nizami Gəncəvinin yaradıcılığı Almaniyada təbliğ olunur - FOTO

Nizami Gəncəvinin yaradıcılığı Almaniyada təbliğ olunur - FOTO

Oktyabrın 20-də başlayan Frankfurt Beynəlxalq Kitab Sərgisi zəngin proqramı və əməkdaşlıq görüşləri ilə dünyanın bir çox ölkələrindən minlərlə mütəxəssisi qonaq edir.
 

Sərginin ikinci günündə ölkəmizə aid stenddə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib.
 

Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov və Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxışlarında "Nizami İli"ndə ölkəmizdə və onun sərhədləri xaricində Nizami irsinin tanıdılması ilə bağlı görülən işlərdən bəhs ediblər. Tədbir zamanı Nizami yaradıcılığının hər dövrdə yenidən öyrənilməsinə və dünyada təbliğinə zərurət olduğu vurğulanıb.
 

Yazıçı, publisist Orxan Aras "Nizami İli"ndə nəşr edilən, müəllifi olduğu "Nizami Gəncəvinin aforizmləri alman dilində" adlı kitabı və Nizami irsinin tədqiqatçısı Sevil Fuksun alman dilində hazırladığı 1798-ci ildən günümüzə qədər dünya ədəbiyyat xadimlərinin Nizami ilə bağlı yazılarının toplandığı "Nizami nəsrdə və poeziyada, 1798-2021" adlı kitabı təqdim edib.
 

Səfirliyin birinci katibi Elman Muradov, nazirliyin əməkdaşları İslam Hüseynov və Lalə Məmmədova tədbir çərçivəsində milli stenddə Nizami Gəncəviyə və 44 günlük Vətən müharibəsində tarixi qələbəmizə həsr olunan guşələr haqqında qonaqlara məlumat veriblər.
 

Tədbirin bədii hissəsində Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Tural və tədbirin aparıcısı İrem Karaboğa Nizaminin şeirlərini Azərbaycan və alman dillərində səsləndiriblər. Almaniyada yaşayan Azərbaycanlı musiqiçilərin ifaları ilə yekunlaşan tədbir sərgi iştirakçılarının və ziyarətçilərin marağı ilə qarşılanıb.
 

Qeyd edək ki, Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-dək işini davam etdirəcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]