"Kamil Əliyev: rəssam və dövr" - FOTO

"Kamil Əliyev: rəssam və dövr" - FOTO

Oktyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərginin açılış mərasimi keçirildi. Sərgi Kamil Əliyevin (1921-2005) 100 illiyi haqqında dövlət başçısının müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyi ilə Milli Xalça Muzeyi tərəfindən təşkil olunub.

 

 

Muzeyin direktoru Şirin Məlikova qonaqları salamlayaraq diqqətə çatdırdı ki, Xalq rəssamı Kamil Əliyev ömrünü xalqımızın həyatında müstəsna yer tutan xalça sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına həsr edib: “Onun yaratdığı portret-xalçalar mədəniyyətimizin qızıl fondunun inciləridir. Kamil Əliyevin misilsiz nailiyyəti – xalçanın səthində realistik, sanki canlı insan obrazını yaradan ən incə rəng, işıq-kölgə çalarları ilə işləmək bacarığı idi”.
 

Qeyd olundu ki, sərgidə Xalq rəssamının 29 əsəri təqdim edilir. Ekspozisiyada Xalça Muzeyinin eksponatları ilə yanaşı, Milli İncəsənət Muzeyi və sənətkarın ev-muzeyində qorunub saxlanılan xalça eskizləri, onların əsasında toxunan xalçalar da nümayiş olunur: “Kamil Əliyev muzeyimizlə sıx əməkdaşlıq edib. Burada onun fərdi sərgiləri keçirilib, yubileylərinə həsr edilmiş kataloqlar nəşr edilib. Bu gün də sənətkarın xalçaları daimi ekspozisiyamızı bəzəyir”.
 

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalça sənətinə böyük töhfələr bəxş edib. Onun yaratdığı çoxsaylı portret və zəngin ornamental xalçalar qiymətli mədəni sərvətimizdir.
 

Nazir bildirdi ki, Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam sənətə və sənətkarlara verilən yüksək dəyərin göstəricisidir: “Bundan öncə də rəssamın yubileyləri dövlət səviyyəsində təntənəli şəkildə keçirilmişdir. Milli mədəniyyətimizin yaşadılması və təbliğinə böyük önəm verən ümummilli lider Heydər Əliyev tərəfindən Kamil Əliyevin yaradıcılığı hər zaman yüksək qiymətləndirilmişdir. Ulu öndər sənətkarın yaradıcılığı haqqında demişdir: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”.
 

Anar Kərimov qeyd etdi ki, maddi-mənəvi irsimizi qorumaq, gələcək nəsillərə ötürmək dövlətimizin müəyyən etdiyi mədəniyyət strategiyasının prioritetlərindəndir. Azərbaycan xalça sənəti də beynəlxalq səviyyədə layiqincə təbliğ olunaraq UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Bu mühüm nailiyyət Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə əldə edilib.
 

Nazir vurğuladı ki, Xalq rəssamı Kamil Əliyevin yaradıcılığı xalça irsimizin ayrılmaz hissəsidir: “Onun əsərləri ilə Azərbaycanın müasir xalçaçılıq sənəti bədii və texniki baxımdan zəriflik, rəng həllinə görə isə çoxçalarlılıq qazanmışdır. Rəssam xalça üzərində Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi Azərbaycanın görkəmli şair və mütəfəkkirlərinin, ümummilli lider Heydər Əliyev və digər dövlət xadimlərinin monumental portretlərini yaratmışdır. İstedadlı sənətkarın xalçaları və xalça eskizləri ölkəmizdə, həmçinin Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin muzey və qalereyalarında sərgilənmişdir”.
 

Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov bildirdi ki, Kamil Əliyev təkcə xalçaçılıq sənəti deyil, ümumi mədəniyyətimiz üçün sərvətdir.
 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Kamil Əliyev sənətindən söz açaraq bildirdi ki, onun yaratdığı xalçalar illər sonra da insanlara incə zövq bəxş edəcək.
 

Xalq rəssamı Eldar Mikayılzadə Kamil Əliyevlə birgə çalışdığı illəri xatırladı.
 

Xalçaçı, toxucu, uzun illər Kamil Əliyevlə birgə çalışmış Ədibə Musayeva portret xalçaların yaradılması ilə bağlı xatirələrini bölüşdü.
 

Sənətkarın qızı, rəssam Nərminə Əliyeva sərginin təşkilinə görə minnətdarlığını bildirdi.
 

Sonra qonaqlar sərgi ilə tanış oldular.
 

Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” sərgisi noyabrın 21-dək davam edəcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]