Dr.Müseyib Əhmədov : "Osteoartrit nədir? Gecələr yuxudan oyadan ağrılar nədən yaranır və bu xəstəlikdən necə qorunmaq olar?" sualını cavablandırıb

Dr.Müseyib Əhmədov : "Osteoartrit nədir? Gecələr yuxudan oyadan ağrılar nədən yaranır və bu xəstəlikdən necə qorunmaq olar?" sualını cavablandırıb

Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Dr.Müseyib Əhmədov “Həkim məsləhəti” rubrikasında “Osteoartrit nədir? Gecələr yuxudan oyadan ağrılar nədən yaranır və bu xəstəlikdən necə qorunmaq olar?” sualını cavablandırıb.

 

 


Osteoartrit termini yunan dilində oynaq mənasını verən "artron" sözündən əmələ gəlmişdir. Osteoartrit oynaqların aşınması deməkdir. Osteoartritə xalq arasında kirəcləşmə də deyilir. Bu, oynaqların qığırdaq toxumasının quruluşunun pozulması, qığırdağın aşınması və zədələnməsi ilə müşahidə olunan xəstəlikdir. Osteoartritə daha çox diz, bud-çanaq, bilək və onurğa sütunu oynaqlarında rast gəlinir.


Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Əsasən 50 yaşdan yuxarı şəxslərdə qeyd edilir. Xəstəlik vaxtında müalicə olunmadıqda oynaqların yükdaşımasını təmin edən qığırdağın tamamilə nazilib aradan qalxması və sümük başlarının bir-birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın bu zədələnməsi ilə birlikdə oynaqda kəskin ağrılar meydana çıxır.


Son vaxtlar 60-70 yaşlı insanlar arasında diz ağrıları geniş yayılmışdır, lakin bu xəstəlik insanları 30 yaşda da yaxalaya bilər. Osteoartrit diz ağrılarının əsas səbəbi olub, artritin ən çox yayılmış formasıdır. Osteoartrit müalicə olunandır. Düzdür, ola bilsin siz heç vaxt bu ağrılardan tam qurtula bilməyəsiniz, amma bu xəstəliyi idarə edə və əlamətlərinə nəzarət edə bilərsiniz.


Bəs ağrıların osteoartrit əlaməti olduğunu necə bilmək olar? – Əgər sizin diziniz, diz qapağının altı ağrıyırsa, xüsusən də diz çökəndə, çömbələndə və ya pilləkənlə aşağı enərkən bərk ağrılar olursa, bu osteoartrit əlamətidir. Ağrıları azaltmaq üçün artıq çəkidən azad olmaq məsləhətdir. Oturaq həyat tərzi, piylənmə, ağır yük qaldırma osteoartritin yaranmasına səbəb olur.  Sümüklər arasındakı qığırdaqlar ömür boyu dağılır.


 Bəzi insanlarda bu proses aldıqları zədələr və ya genetik faktorlardan asılı olaraq daha sürətlə gedir. Qığırdaqlar nazildikcə, sümüklər bir-birinə sürtülür və ağrı, şişkinlik yaradır. Əgər bu ağrılar sizin üçün narahatlıq törədirsə, gecələr yuxudan oyadırsa, deməli, həkimə müraciət etməyin vaxtı çatıb. Bunun osteoartrit olub-olmadığını adi rentgen göstərəcək və zərurət yaranarsa, MRT menisk yırtıqlarının olub-olmadığını müəyyən edəcək.  


Diz ağrısının qarşısını almaq üçün bir sıra vərdişləri dəyişmək lazımdır. Məsələn, dizləri bükərək üzərinə oturmaq vərdişini tərgitmək, xüsusən yaşlı insanların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün olduğu qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi məsləhətdir. Kəskin diz ağrısında müalicənin ən son variantı cərrahi müdaxilədir.


Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarda daha çox qapalı artroskopik, yaşlı xəstələrdə isə açıq əməliyyatlar – endoprotezləşdirmə seçilir. Diz qapağı çıxıqları, ön və arxa çarpaz bağ yaralanmaları ilə əlaqədar meydana gələn diz ağrıları varsa, artroskopik və mini açıq əməliyyatlar icra edilir.


Ona görə də, tövsiyə edərdim ki, dizə yüklənərkən ağrılar artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik, deformasiya müşahidə olunursa, pilləkən enərkən və qalxarkən ağrı yaranırsa, gecə yuxudan oyandıran diz ağrıları varsa mütləq həkimə müayinəyə gedəsiniz, vaxtında həkim müayinəsi və müalicəsi sizi cərrahi müdaxilədən qoruya bilər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]