Pakistanın Müasir Dillər Universitetində "Azərbaycan-Pakistan münasibətləri və Azərbaycanın Vətən Müharibəsi" mövzularında mühazirə oxunub - FOTO

Pakistanın Müasir Dillər Universitetində "Azərbaycan-Pakistan münasibətləri və Azərbaycanın Vətən Müharibəsi" mövzularında mühazirə oxunub - FOTO

Pakistanın Müasir Dillər Universitetində Vətən müharibəsinə həsr olunan sərgi açılıb və universitet tələbələrinə “Azərbaycan-Pakistan münasibətləri və Azərbaycanın Vətən Müharibəsi” mövzularında mühazirə oxunub


Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılığı ilə Pakistanın Müasir Dillər Universitetində tələbələr üçün Vətən Müharibəsinə həsr olunan sərgi açılıb. Sərgidə 30 ilə yaxın erməni işğalının nəticələrini, 27  sentyabr 2020-ci il tarixində Ermənistanın törətdiyi təxribatları, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək əks hücum əməliyyatlarına başlamasını, torpaqlarımızın işğaldan azad olunmasını, orada ölkəmiz tərəfindən aparılan bərpa və quruculuq işlərini göstərən foto-şəkillər göstərilib.


Sərginin açılışından sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Universitetin tələbələri üçün “Azərbaycan-Pakistan münasibətləri və Azərbaycanın Vətən Müharibəsi” mövzularında mühazirə oxuyub.


Mühazirə zamanı Azərbaycan-Pakistan münasibətlərin tarixinə nəzər salan səfir Xəzər Fərhadov, iki ölkə arasındakı ortaq tarixi və mədəni köklərə dayanan əlaqələrimiz haqqında ətraflı məlumatları tələbələrin diqqətinə çatdırıb. Ölkələrimiz arasındakı mövcud səmimi münasibətlərdən məmnunluqla danışan səfir, Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə hər zaman dəstəklədiyini vurğulayıb. X.Fərhadov ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edib.


Azərbaycanın 44 günlük Vətən müharibəsindən söz açan səfir, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin silahlı qüvvələrinin 30 ilə yaxın erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdırıb. X.Fərhadov Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, həmçinin İslam dəyərlərini, irsini məhv etməsi yönündəki fəaliyyəti, o cümlədən məscidlərimizi təhqir etməsi və dağıtması barədə danışıb.


Eyni zamanda səfir hal-hazırda ölkəmiz tərəfindən Qarabağda aparılan sürətli və geniş bərpa-quruculuq işlərindən bəhs edib. O, Pakistanın Vətən müharibəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi də xüsusi qeyd edib və Pakistan Hökumətinə, Parlamentinə və xalqına təşəkkürlərini çatdırıb.


Tədbirdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


Tədbir zamanı 44 günlük Vətən Müharibəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib, eləcə də  Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialını, həmçinin Vətən Müharibəsini özündə əks etdirən müxtəlif kitablar, bukletlər və digər əyani materiallar yayılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]