ADU-da Zəfər Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - FOTO

ADU-da Zəfər Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda ikinci Qarabağ Vətən müharibəsi: Dövlət, Xalq, Ordu birliyi. Uğurlar və perspektivlər”  adlı beynəlxalq konfrans keçirilib. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib, Şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı diləkləri ifadə olunub.


ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən söhbət açıb. O, 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki və dünyanın hərb tarixindəki mövqeyini ətraflı təhlil edib.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, hərb meydanında verdiyi müdrik və cəsarətli qərarları, diplomatiyadakı uzaqgörənliyi və siyasi qətiyyəti, informasiya sahəsindəki geniş erudisiyası sayəsində, eləcə də ən müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusunun və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının hünəri, rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib.


Akademik Kamal Abdulla  Azərbaycanın 44 gündə qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb, əsrlər boyu bu müharibə haqqında danışılacağına əminliyini bildirib.


Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşib öz haqq savaşını ləyaqətlə, cəsarətlə və böyük inamla aparmağı bacardı. Vətən müharibəsində Azərbaycan xalqı ona aid olanı özünə qaytardı: “Biz qalib, məğrur xalqıq. İnanıram ki, qalib xalq olmaq mədəniyyətini və məsuliyyətini ləyaqətlə yaşayacağıq. Bu Zəfər Azərbaycan xalqının şanlı, tarixi zəfəridir. Qələbə Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan ordusunun qüdrəti ilə qazanılıb”.


Millət Vəkili Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən, əzm və qətiyyətdən danışıb. Millət vəkili qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək bütün dünyaya erməni vandallığının sərhəd tanımadığını sübut etdi. Dağıdılan məktəblər, qəbiristanlıq və xəstəxanalar bunun əyani sübutudur.


Tədbirə qonaq qismində dəvət olunan Xalq yazıçısı Çingiz Abdullayev, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Pakistan Müasir Dillər Universitetinin dekanı Lodhi Sofia və başqaları konfransın əhəmiyyətindən danışıb, erməni vandallarının Qarabağda törətdikləri vəhşiliklər haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün Qarabağda böyük quruculuq işləri görülür və doğma yurdlarından uzaq düşən insanlar tezliklə dədə-baba torpaqlarına dönəcəklər.


ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, dosent Qorxmaz Mustafayev “Şanlı qələbəmiz və vandalizmə məruz qalmış abidələrimiz” mövzusunda çıxış edib. Azərbaycan xalqının əsrlər boyu öz mədəni abidələrinə qarşı necə ehtiramla və hörmətlə yanaşması, onu qoruması xüsusi olaraq vurğulanıb. Tarix boyu sülhsevər və toletant xalq olan Azərbaycan xalqına məxsus abidələrin erməni vandalları tərəfindən dağıntıya məruz qaldığı söylənilib.


AKU-nun Xarici dillər kafedrasının müdiri Nigar Əsgərova “ABŞ-ın Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində iştirakı: dəyişən mövqe və dəyişməyən reallıqlar” mövzusunda çıxış edib. Çıxışda qeyd olunub ki, birinci Qarabağ müharibəsində Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənib, bu da bir çox sahələrdə özünü göstərib.


ADU-nun BM kafedrasının müəllimi Aysel Bağırova “44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya: regionun tarazlıq kəmərindən keçid bölgəyə transformasiyası” mövzusunda çıxış edib. Çıxışda münaqişədən sonra Cənubi Qafqazın konflikt bölgəsindən əməkdaşlıq bölgəsinə çevrildiyi və beləliklə yeni geosiyasi reallıqların yarandığını bildirib.  


Konfrans bölmə iclasları ilə yekunlaşıb.       
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]