DƏMİR YUMRUĞUN QÜDRƏTİ

DƏMİR YUMRUĞUN QÜDRƏTİ

DƏMİR YUMRUĞUN QÜDRƏTİ 

 

Son 18 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yürütdüyü siyasəti ilə ölkəmizin sülh tərəfdarı olduğunu dəfələrlə dünyaya bəyan edib. Amma işğalçı Ermənistanın terrorçu rəhbərliyi çirkin əməllərindən əl çəkməyərək Azərbaycanı təxribatlara çəkməyə ciddi-cəhd göstərib. Hakimiyyət dəyişikliyindən sonra baş nazir postunu tutan Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll olunması istiqamətində addımlar atacağını vəd versə də, sonradan Koçaryan-Sarkisyan rejiminin “siyasi xəttini” davam etdirməyə başladı. Hətta “Qarabağ Ermənistandır” kimi sərsəm bir fikri bəyan etməkdən də çəkinməyərək 2019-cu ilin mayın 9-da qədim Şuşamızın Cıdır düzündə sərxoş halda xalqımızın milli qüruruna toxunan hərəkətlərlə səbir kasamızı daha da daşdırdı. Ötən il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri bütün cəbhəboyu ərazilərdə yenidən təxribata əl atdı. Ali Baş Komandanımız illərlə gözlənilən hücum əmrini verməklə Vətən müharibəsi başladı.

 

Xalqa müraciətində Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızda vuruşuruq, erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyincə əməliyyatlar dayanmayacaq. Sülh danışıqları isə o zaman başlaya bilər ki, Ermənistan rəhbərliyi ordusunun torpaqlarımızdan nə zaman çıxması ilə bağlı Azərbaycana təqvim planı təqdim etsin. Əks təqdirdə düşmən məhv ediləcək.

 

Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanaraq qələbə müjdəsini səbirsizliklə gözləyirdi.

 

Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 gün müddətində düşməni dədə-baba torpaqlarımızdan qovub çıxardı. İgid Azərbaycan oğullarının qanları və canları bahasına xalqın 30 illik yurd həsrətinə həmişəlik son qoyuldu.

 

Ermənistan illərlə “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Şanlı Zəfərlə Prezident İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu təsdiq etdi.

 

Bu müharibə həmçinin dəmir yumruğumuzun qüdrətini nümayiş etdirdi, heç bir gücün, silahın, sursatın onun qarşısında dayana bilməyəcəyini göstərdi. Cənab Prezidentin Zəfər Paradında söylədiyi kimi:"...Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi... Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

 

Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Düşmənin talan etdiyi bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən özü maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi tez-tez səfər edərək düşmənə gözdağı verir.

 

Bununla yanaşı bu gün ölkəmizin bütün bölgələrində yaşayan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə xüsusi diqqət və qayğı göstərilir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər dediklərimizə bariz nümunədir.

 

Onu da xatırlatmaq yerinə düşər ki, müharibədən sonra 10 minə yaxın insana sosial ödənişlər verilib. Yaralı və sağlamlığını itirmiş hərbçilərimiz ən müasir protezlərlə, mənzillərlə təmin edilir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlarla əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır.

 

Bütün bunlarla yanaşı, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə “Böyük qayıdış” üçün hər hansı zəruri tədbirlər ən müasir standartlara uyğun həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, sərhədlərin etibarlı qorunması üçün bütün lazımi işlər görülür.

 

Bir neçə gündən sonra böyük Zəfərimizin ildönümünü elliklə qeyd edəcəyik. İlk dəfə olaraq bu bayramı alnı açıq, başı dik, iftixarla yaşayacağıq. Çünki müstəqilliyimiz tarixində hələ heç vaxt indiki kimi güclü və qüdrətli olmamışıq.

Vüqar QASIMOV,
Astara Rayon Qeydiyyat Şöbəsinin rəisi

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]