ATƏT PA-dakı nümayəndə heyətimizn rəhbəri qurumun daimi komitəsinin iclasında post-münaqişə ilə bağlı çıxış edib

ATƏT PA-dakı nümayəndə heyətimizn rəhbəri qurumun daimi komitəsinin iclasında post-münaqişə ilə bağlı çıxış edib

Cari ilin 03-04 noyabr tarixlərin ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir.  Sessiya öz işinə 03 noyabr tarixdə Daimi Komitənin iclasının keçirilməsi ilə başladı.


Daimi komitənin iclasında Milli Məclis nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev iştirak edib.


Toplantıda ATƏT PA-nın prezidenti, Baş katibi və xəzinədarının hesabatları təqdim edildi və təşkilatın gələcək fəaliyyəti haqda fikir mübadiləsi aparıldı. Daimi komitənin iclasında cari beynəlxalq siyasi məsələlərin müzakirəsinə həsr edilmiş hissəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib.


Azay Quliyev ötən il Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatması ilə regionun reabilitasiya, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyduğunu bildirib. Bir sıra nailiyyətlərin əldə edilməsinə baxmayaraq ciddi çağırışların hələ də mövcud olmasını qeyd edib. Nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, cari ilin ilin iyul ayında Azərbaycan işğaldan azad edilmiş və münaqişədən zərər çəkmiş ərazilərdə yenidənqurma və reinteqrasiya işlərinin vahid proqram çərçivəsində aparılması ilə əlaqədar  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaradıb.


Deputat azad edilmiş bütün şəhər, qəsəbə və kəndlərin Ermənistan tərəfindən 30 illik işğal zamanı talan edilərək yerlə-yeksan edildiyini diqqətə çatdırıb və hökumətin infrastruktur, bərpa və yenidən qurma işlərinə yalnız bu il ərzində 1,3 milyard ABŞ dolları yönəltdiyini bildirib.


Azay Quliyev son 10 ay ərzində Azərbaycanın mühüm regional layihələrin reallaşdırdığını vurğulayıb. Cəmi səkkiz ay ərzində biz işğaldan azad edilmiş Füzuli şəhərində Qarabağın dünyaya açılan hava qapısı kimi fəaliyyət göstərəcək yeni beynəlxalq hava limanının inşa edilməsini, eləcə də daha iki beynəlxalq hava limanın tikintisinin həyata keçirilməsini, həmçinin uzunluğu 800 kilometr olan avtomobil yollarının və ümumi uzunluğu 62 kilometr olan 5 tunelin inşa edilməsini haqqında üzv ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə məlumat verib.


Azay Quliyev bir neçə gün əvvəl Azərbaycanı  Naxçıvan Muxtar Respublikası ilə Ermənistan vasitəsi ilə birləşdirəcək “Zəngəzur dəhlizinin” təməlinin qoyulmasını diqqətəlayiq hadisə olaraq qeyd edib.


Deputat Azərbaycan hökumətinin hazırda əsas məqsədlərindən birinin ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarının öz yurd-yuvalarına təhlükəsiz qayıdışının təmin edilməsi olduğunu söyləyib. Bu məsələnin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən minalanmasının böyük əngəl yaratdığını vurğulayan deputatımız Ermənistanın bütün mina xəritələrinin verməsindən  boyun qaçırması nəticəsində  160-a yaxın günahsız şəxsin, o cümlədən jurnalistlərin həlak olduğunu və yaralandığını bildirib.


Azay Quliyev daimi komitənin iclasındakı çıxışında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə qanunsuz erməni silahlı dəstələrinin hələ də mövcud olmasının sabitliyi təhdid altına saldığını və erməni əsilli Azərbaycan vətəndaşlarının ölkənin siyasi, sosial və iqtisadi həyatına inteqrasiya edilməsinə maneə yaratdığını vurğulayıb.  O, Üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən Ermənistanın qeyd olunan ərazidən qeyri-qanuni silahlı birləşmələrinin qalıqlarını çıxarması öhdəliyini götürdüyü xatırladıb.


Deputat bildirib ki, Azərbaycanın hazırki post-münaqişə mərhələsində əsas prioritetlərindən biri Ermənistanla dövlət sərhədinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun delimitasiyası və demarkasiyasını həyata keçirməkdir. Azərbaycanın həmçinin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörməti əsasında, o cümlədən bu prinsiplərə əsaslanan Sülh Müqaviləsinin imzalanması yolu ilə Ermənistanla dövlətlərarası münasibətlərin normallaşmasına hazırdır olduğunu diqqətə çatdırdı.


Azay Quliyev çıxışının sonunda həmkarlarını tarixə qovuşmuş “Dağlıq Qarabağ” və ya qondarma “status” kimi anlayışlara istinad etməməyə çağırıb, eləcə də bu cəhdlərin heç bir müsbət nəticə vermədiyini və reallığı əks etdirmədiyini vurğulayıb. Deputat iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və bir daha xatırladıb ki, Azərbaycan öz suveren hüququna və beynəlxalq təcrübəyə əsaslanaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıb. Deputat hər kəsi ölkəsinin bu legitim haqqına hörmət etməyə çağırıb: “Bu cür cəhdlərin Ermənistana, xüsusən də onun revanşist dairələrinə yanlış siqnal göndərdiyini, onlarda səhv ümid və gözləntilər yaratdığını, eləcə də Üçtərəfli Bəyanatın imzalanması ilə regionda yaranmış kövrək sülhü təhdid altına saldığını vurğulayan Azay Quliyev Ermənistanın Azərbaycanın sülh təklifinə adekvat cavab verməyə, qonşuları ilə münasibətləri normallşadırmağa çağırıb.


İclasın davamında Ermənistan nümayəndə heyətinin rəhbəri yeni rəhbəri Eduar Ağacanyan söz alaraq ölkəmizə qarşı əsassız ittihamlar  səsləndirib.


Azay Quliyev təkrar söz alaraq erməni nümayəndə heyətinin  rəhbərinin əsassız ittihamlarına tutarlı cavab verib. Depuatımız erməni həmkarını köhnəlmiş və artıq heç bir mənası olmayan narrativlərdən əl çəkməyə çağırıb, ermənilərin təbliğat məqsədilə istifadə etdiyi böhtan və yalan xarakterli çıxışlarının artıq ikrah və gülüş hissi doğurduğunu bildirib. Azay Quliyev Ermənistan nümayəndə heyətinin yeni rəhbərinin əvvəlki həmkarının səhvlərini təkrar etməməyə,  konstruktiv olmağa və parlament dilini öyrənməyə səsləyib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]