Rafael Hüseyn: RAMİZ ABUTALIBOVA PARİSDƏN SALAM!

Rafael Hüseyn: RAMİZ ABUTALIBOVA PARİSDƏN SALAM!

Rafael Hüseyn: RAMİZ ABUTALIBOVA PARİSDƏN SALAM!

 

Gözəl Parisə mənim ilk gəlişim, bu şəhərlər şəhəri ilə birinci yaxın tanışlığm 1995-ci ilin Novruz günlərində baş tutub və bu füsünkar şəhərə o vurulan vurulmuşam.

 

Sonra tale elə gətirdi ki, 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü seçildim və arxada qalan 20 ildən artıq müddətdə bu əziz şəhərə tez-tez səfər edəsi oldum.

 

Hələ arada UNESCO tədbirlərinə də dəvətlər olurdu.

 

AŞPA-nın bir çox komitə iclasları Parisdə keçirilirdi, mənsə 3 komitədə üzv idim və həmin səbəbdən illərcə ayda 1, 2, bəzən hətta 3 dəfə Parisə gəlmişəm.

 

Azərbaycan mühacirətinin təəssüf ki, artıq demək olar ki, hamısı həyatdan getmiş neçə dəyərli təmsilçisi ilə burda görüşdüm, tanış oldum, dostlaşdıq, mənimlə nə qədər xatirələrini bölüşdülər!
Parisə ilk gəldiyimiz 1995-ci ilin mart günlərində bəxtim onda gətirmişdi ki, o vaxtlar Azərbaycan Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini tutan Ramiz Abutalıbov da bizimlə idi.
3-4 günü bizimçün 10-15 gün qədər dolu etdi. Mütləq görülməli yerləri göstərdi, maraqlı tarixçələri nəql etdi, bir sıra köhnə parisliylə sonra illərlə davam edəcək təmaslarımızın bünövrəsini qoydu.
Parisin ən lüks otellərindən olan Bristolda qalırdıq.

 

Ancaq erkən itirdiyimiz jurnalist dostum İbrahim Şükürovla birgə gecə səhərədək Parisin küçələrini gəzib dolaşır, baxdıqca doymadığımız gözəlliklərdən həzz alır, otelə səhər üzü gəlib çıxırdıq.
Parisə vurulmağım Ramiz Abutalıbovla baışladığından Ramiz müəllim mənimçün “həmişə bayram şəhərin” rəmzlərindən biri kimi gəlir.

 

Hər Paris deyiləndə Ramiz müəllim yadıma düşür.

 

Elə Parisə 2021-in noyabr günlərindəki bu gəlişimdə də axşamüstü Moskvaya, Ramiz müəllimgilə telefon açdım ki, ona Parisin salamını çatdırım, onun əvəzinə də yenə Paris havasıyla nəfəs aldığımı deyim.

 

Həyat yoldaşı cavab verdi.

 

Söylədi ki, Ramiz xəstəxanadadır, əməliyyat olunub.

 

Sən demə evdə ehtiyatsızlıq edib, yıxılıb, sınığı yaranıb və heç nədən belə çətin vəziyyətə düşüb.
Çox arzulayıram ki, Ramiz müəllim tezliklə sağalsın, qayıtsın evinə, doğmalarının, sevənlərinin arasına!
Ramiz müəllimin hələ yaşayacağı günlər, görəcəyi işlər o qədər çoxdur ki!

 

Ramiz Abutalıbovu sevənlər, qiymətini bilənlər Azərbaycanda da , dünyada da bollucadır.
Təbii ki, xəbəri bilincə hər birinin ürəyindən keçəcək ki, Ramiz tez ayağa qalxsın, yenə yazsın-yarasın, varlığıyla dünyanın işığını bir az da artırsın.

 

2021-ci il qurtarhaqurtadır. Növbəti ildəsə əziz Ramiz müəllimlə onun yubileyini keçirəcəyik.
Parisdə də, Moskvada da, Bakıda da!..

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]