Azərbaycan ilə Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib - FOTO

Azərbaycan ilə Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib - FOTO

Energetika naziri Pərviz Şahbazov Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


İki ölkə arasında iqtisadi-ticarət münasibətlərin, o cümlədən energetika üzrə əməkdaşlığın  hazırkı səviyyəsindən bəhs edən nazir Pərviz Şahbazov  bu  səfərin enerji sahəsində potensial imkanların reallaşdırılmasına töhfə verəcəyini bildirib. Nazir ölkəmizdə neft-qaz sənayesinin inkişafı, bu sahədə regional və qlobal əhəmiyyətli infrastruktur layihələri, həmçinin  Koreya Respublikası istiqamətində neft məhsulları və mayeləşdirilmiş təbii qazın təchizatı barədə məlumatları diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan tarixən karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınsa da, hazırda əsas hədəflərdən biri ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 2030-cu ilədək 17%-dən 30%-ə çatdırılmasıdır: “Dövlət başçısı bərpa olunan enerjinin inkişafına xüsusi diqqət yetirir. Sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması üçün mühüm strateji vəzifələr müəyyənləşdirilib. Bu istiqamətdə atılan addımlar bərpa olunan enerji üzrə hədəflərimizə yüksək dəstəyi təmin edəcək”, deyə nazir əlavə edib. Nazir azad edilmiş ərazilərin enerji tələbatının ödənilməsində bərpa olunan enerji mənbələrindən maksimum istifadə ilə dünyada unikal zonaya çevriləcəyini vurğulayıb.


Görüşdə, həmçinin Xəzər dənizində yüksək külək enerjisi potensialı, bu potensial hesabına yaşıl hidrogen istehsalı və ixracı perspektivləri haqqında məlumat verilib, müvafiq istiqamətdə əməkdaşlıq imkanlarının olduğu qeyd edilib. Energetika sahəsində qanunvericilik bazasının gücləndirilməsi istiqamətində görülən işlər də qarşı tərəfin diqqətinə çatdırılıb.


Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park  isə Koreyanın yeni şimal siyasəti barədə məlumat verərək, siyasətin əhatə etdiyi 14 ölkə sırasında Azərbaycanın coğrafi olaraq ən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkəni sıx münasibətlərin birləşdirdiyini qeyd edib. O, Koreyanın enerji siyasəti, bərpa olunan enerji mənbələrindən istifadə və ətraf mühitin qorunması istiqamətində görülmüş işlər haqqında danışıb. Ölkəsində “yaşıl enerji”, o cümlədən hidrogen enerjisi sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin olduğunu bildirən sədr, bu istiqamətdə Azərbaycanın  hədəflərinin Koreya şirkətləri ilə əməkdaşlıq üçün potensialı yaratdığını bildirib.


Görüş zamanı “yaşıl enerji” sahəsində fəaliyyət göstərən Koreya şirkətləri üçün Azərbaycanda müvafiq investisiya imkanları haqqında məlumatlandırma tədbirinin əhəmiyyəti qeyd edilib. Energetika sahəsi üzrə müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]