Azərbaycanlı tələbə və doktorantlar Ankaradakı Azərbaycan Evinin qonaqları olub - FOTO

Azərbaycanlı tələbə və doktorantlar Ankaradakı Azərbaycan Evinin qonaqları olub - FOTO

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV)  nəzdində fəaliyyət göstərən Azərbaycan Evinin budəfəki qonaqları Türkiyənin müxtəlif ali təhsil ocaqlarında bakalavr, magistr və doktorantura təhsili alan azərbaycanlı gənclər olub.


TADİV sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) təqaüdü ilə təhsil alan gənclərə Ankarada fəaliyyət göstərən Azərbaycan Evi barədə geniş məlumat verərək bildirib ki, burada Şuşa konfrans mərkəzi, Qarabağ oxu zalı təşkil edilib, Qarabağ oxu zalının içində isə Qarabağ müharibəsində həlak olan şəhidlərimizin hər birinin şəklinin əks olunduğu lövhə və “Qarabağ Zəfəri” guşəsi yaradılıb.  


Professor Aygün Attar TADİV-in 1997-ci ildə türk dünyasının görkəmli elm adamı, ictimai xadim, xalqımızın yaxın dostu İhsan Doğramacı tərəfindən yaradıldığını, fəaliyyətini 2019-cu ildən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə davam etdirdiyini bildirib.


Tələbələri Azərbaycan Evində görməkdən məmnunluğunu dilə gətirən Aygün Attar gənclərin Türkiyə ilə Azərbaycan arasında çoxşaxəli münasibətlərin inkişafındakı roluna və Qarabağ Zəfərindəki payına xüsusilə diqqət çəkib.


Görüşdə həmçinin Şuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı müddəaların gənclərin qarşısında yeni vəzifələr qoyduğu bildirilib, gənclərin iki ölkə diasporunun gələcək əməkdaşlığına töhfəsindən söz açılıb, müxtəlif mövzularda geniş fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.


Gənclər də öz növbələrində azərbaycanlı gənclərin iştirakı ilə Azərbaycan Evində mütəmadi olaraq mədəni tədbirlər, seminar və görüşlər keçirəcəklərini bildiriblər.


Sonda  tələbələr Azərbaycan Evinin Şuşa konfrans mərkəzində piano və skripkada milli mahnılarımızı ifa ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]