Gedişinə hazırlaşan Böyük İnsan!

Gedişinə hazırlaşan Böyük İnsan!

Gedişinə hazırlaşan Böyük İnsan! 

 

Hələ bir il qabaq Ramiz müəlimdən bir məktub almışdım, özü haqqında tanınmış bir siyasi xadimin rus dilində yazılmış bir rəy-xatirənin Azərbaycan dilinə tərcüməsini redaktə etməyə vaxtım olub-olmadığını soruşurdu. Təbii ki, vaxtım var idi. Göndərdi, elədim, “дело мастера боится» yazıb razı qaldığını bildirdi, sonra nəzakətlə bu sıradan daha bir yazıya baxa biləcəyimi soruşdu. “Bu nə sözdür, əlbəttə”-dən sonra daha iki yazı göndərdi. İşin elə bir zəhməti də yox idi. “Ramiz müəllim, bir-bir soruşmayın, nə işiniz varsa, hamısını göndərin”- cavabımdan sonra özü haqqında yazılmış onlarla rəylər, xatirələr, yüksək fikirlərlə dolu məqalələri “İstəyirəm bunlar sizdə qalsın” – müşayiətçi cümlə ilə mənə ünvanladı. Sonunda rəqəmlərdən ibarət ayrıca bir səhifəlik məlumat da var idi. Özünün indiyədək müəllifi olduğu, redaktə etdiyi, nəşrə hazırladığı, maliyyələşdirdiyi və s. kitabların sayı. Yazdım ki, mümkündürsə, bütün bu kitabların adları, nəşr illəri və s. məlumatları adbaad göstərsin. Bir neçə saatdan sonra həmin siyahını tam məzmunda istədiyim şəkildə tərtib edib göndərdi.

 

Yalnız bundan sonra Ramiz müəllimin bu xahişinin mənasının fərqinə vardım. Bu materiallarla nə etməli olduğumu soruşdum, onun haqqında kitabı nəşrə hazırlayımmı ? Özüm Bakıda nəşr etdirimmi?
Dərhal yazdı ki, yox, indi heç nə istəmir, bu yazıların çoxu artıq dərc olunub, dostları onun haqqında 3-4 kitab buraxıblar, sadəcə istəyir ki, bütün bu yazılar və məlumatlar məndə qalsın.
Məndədir, Ramiz müəllim... Arxayın olun...

 

Sonuncu 2 yazınız da bir aydan sonra, atrıq sizsiz çıxacaq...

 

Amma bizə, ayrı-ayrılıqda hər birimizə yox, ümumilikdə Cümhuriyyət sevdalılarına, Öz başladığınız müqəddəs işin bacardıqları qədər davamçılarına belə “vəfasızlıq” etməli deyildiniz. “Rəsulzadə ev Muzeyi” İctimai Qrupumuzun böyüyü, dayağı, sütunu, ruhu idiniz. 2020-ci ilin möhtəşəm Aşılış mərasiminə və ilk beynəlxalq konfransına gələ bilməsəniz də, Mərasim iştirakçılarına canlı müraciətdən imtina etsəniz də (“istəmirəm məni belə zəif görsünlər”) Moskvadakı uşaqlar gəlib evinizdən səsinizi yazmışdılar və ekranda yayımlanan şəklinizi də özünüz seçib göndərmişdiniz. Tədbirimiz sizin xeyir-duanızla açılmışdı...

 

Sonralar da Rəsulzadənin ev muzeyi ilə bağlı işlərimiz haqqında sizə mütəmadi məlumat verirdim, daha çox qayğılandırıcı məlumatlar idi, sakit, təmkinli rəğbətinizin arxasında düşündürücü notları da tuturdum, amma görürdüm ki, göstərdiymiz inad sizi də ümidləndirir. I Beynəlxlq Rəsulzadə Qiraətləri toplusuna ilk iki məqaləni də Siz göndərmişdiniz...

 

Sonuncu dəfə, noyabrın ortalarında, xəstəxanaya yerləşməzdən 1 həftə qabaq onunla telefonla danışanda Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı son təşəbbüsümüzün hələ də cavabsız qaldığını eşidib, “darıxmayın” dedi. Səsi xoşuma gəlmədi, səhhəti ilə bağlı problemlərindən həmişəkindən daha çox və ətraflı danışdı və sonda “daha gedirəm” əlavə etdi. Birdən güldü: “Eşidirsiz, Toma deyir ki, “Не смей!».

 

Mən də Tamilla xanımı dəstəklədim: “Hara gedirsiniz, Ramiz müəllim, bəs Rəsulzadənin ev muzeyinin qırmızı lentini kim kəsəcək?”

 

“Daha mənə qismət olmaz - dedi, - Yorulmuşam, həyatımı yaşamışam, bacardığımı etmişəm. Deyəsən vaxtdır...” Canı ağrayırdı, tam gücsüz qalmağı, kiməsə fiziki ehtiyac duymaqla yaşamağı öz ləyaqətinə sığışdırmırdı. İlk dəfə onunla razılaşmadım, nə üçün və kimin üçün yaşamalı olduğuna inandırmağa çalışdım, deyəsən inandıra bilmədım...

 

Əslində bu razılaşmamaq “ilk” deyildi. Çox mühüm bir məsələdə Ramiz müəllimlə nəzərlərimiz üst-üstə düşmürdü. Həm də təkcə Ramiz müəllimlə yox. Qəribə bir müşahidəm var idi. Dövrümüzün 3 Böyük Cümhuriyyət ruhu daşıyıcıları, Cümhuriyyət qurucularının ən mötəbər və ən layiqli “əmanət“ qoruyucuları – Ramiz Abutalov, Şirməmməd Hüseynov və hazırda Ankaradakı “Azərbaycan kültür dərnəyinin” başqanı Cəmil Önal Cümhuriyyət liderlərinin müxtəlif ölkələrə səpələnmiş məzarlarının müstəqil Azərbaycana gətirilməsinin və Vətən torpağında dəfn edilməsinin əleyhinə idilər! Onların hər biri ilə bu barədə söhbətlərimizin təfərrüatına getmədən alınan ümumi və üzücü nəticə ilə indi də barışmaq istəmirəm. Nəticə isə həqiqətən çox ağırdır... Belə çıxırdı ki, müasir Azərbaycan Respublikası özünü Cümhuriyyət dövlətinin varisi elan etsə də, onun Bayrağı, Himni və d. rəmzlərinə sahib olsa da bir Dövlət – Hakimiyyət və Cəmiyyət – olaraq Cümhuriyyət qurucularının aşıladıqları məslək və dəyərlərə LAYİQ DEYİLDİR ! Odur ki, o Böyük Ruhları hələ narahat etməyə lüzum yox...
İndi bu Möhtəşəm üçlüyün daha bir üzvü də əslində çox arzuladığı həmin günü görmədən bu dünyanı tərk etdi...

 

Əlimizdən nə gəlir...

 

LAYİQ OLMAQ !

 

Bütün həyatı ilə Cümhuriyyət məsləkinin və dəyərlərinin Ləyaqətini qorumuş və bizlərə böyük Nümunə vermiş Ramiz Abutalıbov kimi!

 

Bu Vida yazısı deyil, əziz Ramiz müəllim, varsınız, bizimləsiniz..

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]