Covid-19 səbəbi ilə təhsildə yaranmış böhranın, Azərbaycanda Bacarıqlı Müəllim təlim proqramı ilə həlli yolları

Covid-19 səbəbi ilə təhsildə yaranmış böhranın, Azərbaycanda “Bacarıqlı Müəllim” təlim proqramı ilə həlli yolları

Covid-19 səbəbi ilə təhsildə yaranmış böhranın, Azərbaycanda “Bacarıqlı Müəllim” təlim proqramı ilə həlli yolları
 

Müsahiblərimiz Aynurə Orucova, Gulnar Hüseynova, Çinarə Cəbrayilova “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” qrant layihəsi çərçivəsində həyata keçirilən “Bacarıqlı Müəllim” təliminin iştirakçılarındandır.

Şəkil 1. “Bacarıqlı Müəllim” təlimində iştirak edən müəllimlər (Bakı şəhəri)

 

2019-cu ildən Covid-19 pademiyasının geniş şəkildə yayılması səbəbindən bütün dünyada yerində fəaliyyətlərin icrası ilə bağlı çətinliklər yaşanmış, böyük bir xaos baş qaldırmışdı. 2020-ci ilin mart ayında Azərbaycanda ilk dəfə koronavirus infeksiyasının aşkarlanmasından sonra COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin aparılması məqsədilə Azərbaycan Respublikasının bütün məktəblərində təhsil forması əyani olmayan distant təhsil forması ilə əvəz olunmuşdur.

 

Bu tendensiyaya uyğun olaraq, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi şagirdlərin təhsil boşluğunu minimuma endirmək üçün KOICA tərəfindən maliyyələşdirilən “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” haqqında texniki yardım və qrant layihəsi çərçivəsində layihənin icraçılarından biri olan “Future Class Network (FCN)” ilə “Bacarıqlı Müəllim” təlimini təşkil etmişdir. Sözügedən təlim proqramı Covid-19 infeksiyasının yayıldığı dövrdə dərslərin elektronlaşdırılmasına sürətli keçid edən Koreyanın təcrübəsinə əsasən distant təhsilin inkişaf etdirilməsi məqsədilə müəllimlərin potensialının artırılması üçün həyata keçirilmişdir. Koreyaya dəvət olunmaqla əyani formada keçirilməsi nəzərdə tutulan bu təlim proqramı Covid-19 pandemiyası səbəbindən distan formada təşkil olunmuşdur. Bu cür dəyişiklikdən sonra nəzərdə tutulduğundan daha çox sayda müəllim təlimdə iştirak etmək imkanı qazanmışdır. “Bacarıqlı Müəllim” təlimi çərçivəsində müəllimlər Azərbaycandakı tədris metodundan fərqli olan Koreyanın iştirak əsaslı tədris metodu ilə tanış olmuş və bu cür onlayn interaktiv təlimin nəticəsində gözlənilmədən Azərbaycanda tətbiq olunan distant təhsili böyük çətinlik yaşamadan şagirdlərə tətbiq edə bilmişdirlər.

 


Şəkil 2. Dərs zamanı tətbiq ediləcək Kalmar oyununu birbaşa təcrübə edən müəllimlər (Seminar)

 

Təlim proqramına dair Azərbaycanın müsbət təəssüratlarını və eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil Konpetensiyası şöbəsinin hesabatında bu təlimin ən yaxşı təcrübə olaraq təqdim edilməsini nəzərə alaraq təlimlə bağlı düşüncələrini dinləmək üçün təlimdə iştirak etmiş müəllimlərdən üçü Aynurə Orucova, Gulnar Hüseynova, Çinarə Cəbrayilova ilə intervyu keçirdik.

 

Qeyd: Sözügedən “Bacarıqlı Müəllim” təlimi 2021-ci ildə icra olunmuşdur. İntervyu onlayn şəkildə keçirilmişdir.

 

Sual. Salam, zəhmət olmasa özünüzü təqdim edin.

 

(Aynurə müəllimə) – Mən hal-hazırda Gəncə şəhərində 22 nömrəli məktəbdə 2014-cü ildən indiyə qədər biologiya müəlliməsi olaraq pedaqoji fəaliyyət göstərirəm.

 

(Gülnar müəllimə) – Mən Gəncə şəhəri 13 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıram. Həmçinin həmin məktəbdə 5ci siniflərdə riyaziyyat fənnini tədris edirəm, eyni zamanda da təlimçiyəm.

 

(Çinarə müəllimə) –Mənim 18 ildir ki, davamlı pedaqoji stajım var. Hal hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsində humanitar fənnlər üzrə metodist vəzifəsində çalışıram.

 

Sual. Necə oldu ki bu təlimdə iştirak etdiniz?

 

(Aynurə müəllimə) – İndiyə qədər müxtəlif yerli və beynəlxalq təlimlərdə, konfrans və seminarlarda iştirak etmişəm. Ümumiyyətlə xarici ölkələrin təhsil sisteminə çox böyük marağım var. Finlandiya, Çin, İsrail, Koreya və digər ölkələrin təhsil sistemini araşdırıb öyrənmişəm. Mən 2019-cu ildə bu təlimdə iştirakla bağlı e-mail aldım və təlimdə iştirak etməyə qərar verdim.

 

(Gülnar müəllimə) - 2019-cu ildə Təhsil Nazirliyindən təlimlə bağlı elektron məktub aldım. E-poçtun məzmunu Koreyaya 2 həftəlik dəvət təlimi haqqında idi və Koreyada öyrənilənləri paylaşmaq üçün biliklərin mübadiləsi seminarını da əhatə edirdi. Nəticədə məndə təlimə maraq yarandı və ona müraciət etdim.

 

(Çinarə müəllimə) – Mən təlimçi olaraq eyni zamanda Təhsildə İnnovativ Texnologiyalar Əlavə Tədris Mərkəzində də çalışıram. Həmin mərkəzin layihə koordinatoru tərəfindən bu təlimdə iştirak etmək təklifi aldım və qəbul etdim.

 

Sual. Karonavirus pandemiyasından sonra Azərbaycanda təhsil sahəsində hansı dəyişikliklər olmuşdur?

 

(Aynurə müəllimə) – COVID-19 pandemiyasından sonra Azərbaycanın təhsil sistemində mühüm dəyişikliklər baş verib. Xüsusən də hesab edirəm ki, COVID-19-a görə Azərbaycanda təhsil sektoru daha çox zərər çəkib. Digər ölkələrlə müqayisə etdikdə, bizdə onlayn təhsil üçün infrastruktur zəif olduğundan bütün ölkəni əhatə etmək çətin idi. COVID-19 pandemiyasından sonra onlayn təhsil anlayışı ön plana çıxdı və Azərbaycanda bir çox dəyişikliklər başlandı. Buna misal olaraq müvafiq qaydaların yaradılmasını göstərmək olar. Karantin tətbiq edildikdən və onlayn təhsilə başladıqdan sonra teledərslərin keçirilməsinə qərar verildi və ölkənin 2 televiziya kanalında teledərslərin keçirilməsinə başlanıldı. Bu cür teledərslər vasitəsilə 1,6 milyon şagird təhsilə cəlb olundu. Daha sonra biz virtual məktəb platforması qurmağa başladıq və ciddi şəkildə onlayn dərslər keçirdik.

 

(Gülnar müəllimə) - Covid-19 pandemiyasından öncə Azərbaycanda təhsil əyani şəkildə aparılırdı. Əlbəttə ki, Azərbaycan Respublikasının Təhsil Qanununda təhsil formalarından biri olan distan təhsil haqqında məzmun öz əksini tapmışdır, lakin, biz bu təhsil formasının tətbiqi barədə çox məlumatlı deyildik. İlk öncələr müvəqqəti tədbir kimi dərslər Zoom proqramı vasitəsilə keçirilirdisə, sonradan virtual məktəb platforması yaradıldı və onun vasitəsilə dərslər keçirildi. Bu səylər qısa bir müddət ərzində Azərbaycan müəllimlərinin İKT bacarıqlarının sürətlə artmasına səbəb olmuşdur.

 

(Çinarə müəllimə) – Covid-19-dan öncə Azərbaycanda orta məktəblərdə ümumən distant təhsil anlayışı yox idi. Pandemiyadan sonra qısa bir zamanda distant dərslərin təşkili üçün bütün lazımi tədbirlər dövlət tərəfindən görülsə də müəllimlər bu prosesə tam hazır deyildi. Lakin, son zamanlarda müəllimlərin İKT bacarıqları daha da inkişaf etməsi ilə distan dərslər daha da aktiv şəkildə təşkil olundu.

 


Şəkil 3. Distant formada təşkil olunan “Bacarıqlı müəllim” təlimindən görüntü

 

Sual. Bu təlimdən sonra distan dərslərin təşkilində hansı dəyişikliklər olmuşdur?

 

(Çinarə müəllimə) - Təlimdən sonra mən distant tədrisə fərqli şəkildə yanaşmağa başladım. Artıq şagirdlərin diqqətini cəlb etmə üsullarını, şagirdləri qruplara ayırmaqla dərs keçmə üsullarını öyrənmişdim və bu öyrəndiklərimin distant dərslərin keçirilməsi zamanı mənə çox faydası oldu.

 

Sual. Daha dərinə getsək, bu cür yeniliklər tətbiq olunan dərslərdə iştirak edən şagirdlərin və ya buna nəzarət edən müəllim həmkarlarınızın təəssürtları necə idi? Və yaxud nə kimi dəyişikliklər müşahidə etmisiniz?

 

(Aynurə müəllimə) – Təlimdə iştirak edən digər müəllimlərlə fikir mübadiləsi apararkən daha çox müzakirə edilən məsələlərdən biri də Azərbaycanda təşkil olunan dərslərdə adətən dərsin aparıcı qüvvəsinin müəllim olması idi. Lakin, təlimdə iştirak etdikdən sonra şagirdlərin dərslərdə aktiv şəkildə iştirakının vacibliyini dərk etdik. Hazırda biz dərsləri müxtəlif oyunlar təşkil edərək, qruplar yaradaraq və müxtəlif maraqlı üsullar tətbiq edərək həyata keçiririk.

 

(Gülnar müəllimə) - Pandemiya səbəbindən dərslər distant formaya keçirildi və belə olduğu halda bütün biliklərimi 30 dəqiqə ərzində şagirdlərə ötürməyə çalışırdım. Lakin, bu təlimdən sonra mən başa düşdüm ki, bütün biliklərin 30 dəqiqə müddət ərzində şagirdlərə ötürülməsi önəmli deyil, önəmli olan həmin şagirdlərin dərs zamanı keçilənlərin neçə faizini dərk edib qavramalarıdır. Təlimdə iştirak etdikdən sonra öyrəndiyim “Buzqıran üsulu”nu öz dərslərimdə tətbiq etməyə başladım. Bu üsulu ilk dəfə tətbiq etdikdən sonra şagirdlərin dərsə olan marağının artığını gördüm və şagirdlər artıq növbəti dərsi səbirsizliklə gözlədiklərini mənə bildirirdilər. Artıq şagirdlər dərslərdə böyük maraqla iştirak edir və fəal şəkildə onları maraqlandıran sualları verə bilirlər. Bir müəllim olaraq şagirdlərin bu fəallığı məni çox sevindirir. Bu cür şagirdlərə yönəlmiş iştirak əsaslı dərslər şagirdlərin qavrama qabiliyyətinin artırılmasına yönləndirilib.

 

Bununla yanaşı, təlimdə iştirak edəndən sonra dərslərə olan yanaşmam çox dəyişdi. Artıq dərs zamanı şagirdlərə daha çox sərbəstlik verməyə çalışmalı olduğumu düşündüm. Çünki, gərgin vəziyyətdə şagirdlərin fikrini dərsə tam cəlb etmək çətin olurdu. Lakin, sərbəst olan şagirdlər daha çox fikir mübadiləsi edib. daha çox sual verə bilərdilər, bununla da biz şagirdlərə öz biliklərini ortaya çıxarmağa imkan yarada bilərdik. Bu təlimdə iştirak etmədən öncə belə bir düşüncə var idi ki, şagird dərslərlə bağlı çətinlik çəktikdə müəllim ona kömək etməlidir, lakin təlimdən sonra başa düşdüm ki, şagird özü o çətinlikdən çıxmağa cəhd edib çalışdıqca və həmin çətinlikdən çıxış yolunu öz bacarığı hesabına əldə etdikcə daha da həvəslənir.

 

(Çinarə müəllimə) – Təlimdən öncə dərsin aparıcı qüvvəsi mən idim. “Bacarıqlı müəllim” təliminə qatılandan sonra şagirdlər dərsimin aparıcı qüvvələrinə çevrildi. Bu, dərslərin daha səmərəli keçməsinə səbəb oldu. Sözün açığı, təlim müddətində öyrəndiyim yeni tədris metodunun effektli olacağına şübhə ilə yanaşırdım. Lakin təlim zamanı koreyalı müəllimlər öyrənilənlərin əsasında video şəklində bir dərs nümunəsi hazırlayıb təqdim etməyimizi tələb etilər və mən də video dərs hazırlayıb təqdim etmək məcburiyyətində qaldım. Bundan sonra şagirdlərimdən çox müsbət rəylər aldım, şagirdlər davamlı olaraq bu üsulla yəni, daha çox şagirdlərin iştirakına əsaslanan dərslərin keçirilməsini tələb etməyə başladılar. Daha sonra isə digər siniflərimdə də bu üsulu tətbiq etdim.

 

Sual. Beləliklə təlimdən öyrəndiklərinizi Azərbaycanda təhsilin inkişafına necə tətbiq etməyi düşünürsünüz?

 

(Gülnar müəllimə) - Təlimdən sonra mənim məqsədlərimdən biri də o idi ki, təlimdə öyrəndiklərimi digər müəllim yoldaşlarımla paylaşım. Direktor təyin edildikdən sonra mən bu məqsədimi həyata keçirmək üçün çalışdım. Təlimdən sonra hər həftənin 6 günü müəllimlərlə distant şəkildə görüşlər təşkil etməyə başladım. Bu görüşlərin əsas məzmunu təlimdə öyrəndiklərimi müəllimlərlə paylaşmaq və bu bilikləri dərslərə tətbiq etmə yollarını müzakirə etməkdən ibarət idi. Qeyd edim ki, məktəbimizdə 98 müəllim var və bu bilikləri onlara ötürməklə biz 995 şagirdə yeni üsulları tətbiq edərək dərslər keçə bilərik.

 

(Çinarə müəllimə) – Bundan öncə də qeyd etdiyim kimi mən Bakı şəhər Təhsil İdarəsində metodist olaraq çalışıram. Bizim vəzifəmiz müəllimlərə dəstək olmaq, dərsin təşkilində qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqda onlara kömək olmaqdır. Eyni zamanda təlimçi olaraq da fəaliyyət göstərdiyimə görə təlimlərimi çox vaxt öyrəndiklərimə əsasən təşkil edirəm. Yeniliklərin olması pedoqoji heyətin də xoşuna gəlir. Çünki dərs nə qədər maraqlı təşkil edilsə şagirdlər bir o qədər dərsə maraqla qatılar. Qeyd etmək istərdim ki, təlimdə iştirak etmək istəklərinin olmasına baxmayaraq bir çox müəllim təlimdə iştirak edə bilməmişdir. Buna görə Bakı şəhər Təhsil İdarəsi olaraq biz daha çox müəllimin təlimdə iştirakını təmin etmək üçün “Future Class Network” şirkəti ilə Anlaşma Memorandumu imzlamağı nəzərdə tuturuq.

 

Sual. Sonda nə əlavə etmək istərdiniz?

 

(Aynurə müəllimə) – Təlimdə iştirak imkanı yaratdığınıza görə sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, bu təlim mənim həyatımda vacib bir fürsət oldu. Təlim dövründə öyrəndiyim tədris metodlarını sinifdə tətbiq etmək çox istəyirəm. Bununla yanaşı təlim müddətində həmkarlarımın rəyini alaraq dərs məzmununu inkişaf etdirə bilmək çox gözəl idi. Həmçinin bir təlimçi kimi mən də təlimin məzmununu digər müəllimlərə ötürməyə çalışmalıyam.

 

(Gülnar müəllimə) “Bacarıqlı Müəllim” təlimində müəllimlərin hamısı iştirak edə bilməmişdir. Ümid edirəm ki, gələcəkdə bu təlim davam edəcək və çox sayda müəllimlər bu cür təlimlərdə iştirak etmək imkanı qazanacaq. Sonda qeyd etmək istərdim ki, Koreya təlimi vasitəsilə Azərbaycan təhsilini inkişafına töhvə verə bilmək çox xoş idi.

 

(Çinarə müəllimə) – Bu təlim nəticəsində beynəlxalq təlimlərə olan marağım daha da artdı. Əvvəllər tədris üsullari ilə bir o qədər maraqlanmırdım. Lakin, indi Dərslərimi daha da maraqlı təşkil edə bilmək üçün daha çox üsullar axtarıram. Çox istərdim ki, Bakıda başlayan bu təlim gələcəkdə bütün Azərbaycanı əhatə etsin.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]