Kamran Nəzirli: ONUNCU UŞAQ və yaxud Persona non grata

Kamran Nəzirli: ONUNCU UŞAQ və yaxud “Persona non grata”

Kamran Nəzirli: ONUNCU UŞAQ və yaxud “Persona non grata”

 

(Doktor Rəşad Mahmudova doğum günü təbriki)

 

 

Düz 48 il bundan öncə Şərqiyə Ana ONUNCU uşağın gələcəyini bildirəndə həddi-büluğa çatmış qızıldan ağır qızları buna qəti etiraz etdilər. Bacılar uşağın dünyaya gəlməsini istəmirdilər. “Ana, ayıbdı, nə deyərlər? Tələbə yoldaşlarımız bizi lağa qoyacaq…” Ana bir qulağını yel elədi, bir qulağını yağış, yolda gələni bütün varlığıyla arzuladı, kəsə və qətiyyətlə dedi:

 

- Yox! Mən onu dünyaya gətirəcəm! O dünyanın ən gözəl, ən xeyirxah və ən ağıllı UŞAĞı olacaq!
Beləcə, ana-atadan başqa evdə heç kimin arzulamadığı “Persona non qrata” dünyaya gəldi…və xoş gəldi, adına Rəşad dedilər. Rəşad Mahmudov…Ana duası, ata alqışı Göyə də, Yerə də tez çatır. Və çox keçmədi ki, uşağın gözlərindəki işıq, üzündəki nurlu, məsum təbəssümü hamını sehirlədi; yerişi, duruşu, gülüşü, dil açması, israrla erkən yaşlarında məktəbə getməsi, qeyri-adi maraqları və zəkası bacı-qardaşlarını, doğmalarını, yaxınlarını, məhəllə uşaqlarını, məktəbini heyrətə gətirdi, onu sevimli seçilmişlərdən etdi.

 

Şərqiyə ananın fəhmi və ONUNCU uşağının gələcəyi haqqında peyğəmbərcəsinə söylədikləri düz çıxdı; Allahdan övlad üçün ana qəlbinin dilədiklərini ONDAN başqa heç kim yaxşı duya bilməz! Və O da duydu, eşitdi, gördü…

 

İndi Onuncu övladın 48 yaşı var, ona “Doktor Rəşad” deyə müraciət edirlər; heç kimə bənzəmir bənzərsiz Rəşad Mahmudov… Onun xeyirxah əməlləri sayəsində dünyanın işığı bir az da artır; ağlının, zəkasının, insanlığının, mərhəmətinin, zəhmətinin, iradəsinin, gücünün dəyəri ölçülməzdir. Xalqlar, millətlər, ümumiyyətlə, bəşəriyyət belə nadir insanların şöhrətli əməyi və əməli üstündə dayanır. Belə adamların həyatı başdan-ayağa döyüşdür, çarpışmadır, mübarizədir, insanlığın sağlam yaşaması uğrunda mücadilədir. Bu gün onun şəfa verdiyi adamların sayı-hesabı bilinmir, həyata qaytardığı uşaqlar, cavanlar, yaşlılar… minlərlədir. Təmizliyini, həlim xasiyyətini, verdiyi sözə sədaqətini, dürüstlüyünü, ən əsası isə Vətənə, xalqa, dövlətə vicdanla və fədakarlıqla xidmət etdiyini demək artıqdır. Onunla yalnız qürur duymaq olar!

 

Mən bu qısa “təbrik mətni”ndə fəxarət hissiylə dostum, qardaşım, əzizim Rəşad Mahmudova yalnız can sağlığı arzulayıram. Onun sağ-səlim olması ailəsi üçün, əzizləri, el-obası üçün, mənim xalqım üçün çox vacibdir. Qoy 2022-ci il ona həm də daha böyük güc, enerji, səbr, iradə və ilham versin!
Doğum Günün mübarək olsun, Allahın və bəndənin arzu etdiyi doğma Adam!


Kamran Nəzirli
Bakı, 18 Yanvar 2022-ci il


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]