Yüksək Texnologiyalar Parkında Ümummilli Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib +FOTO=4

Yüksək Texnologiyalar Parkında Ümummilli Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib +FOTO=4

Yüksək Texnologiyalar Parkında Ümummilli Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib 

 

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) Azərbaycan xalqının sarsılmaz əzm və iradəsinin rəmzi olan 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

 

Tədbirdə texnoparkın və onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun əməkdaşları iştirak ediblər.
Əvvəlcə 20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Anım mərasimində YT Parkın baş direktorunun müşaviri Müşviq Rəsulzadə çıxış edərək xalqımızın azadlıq tarixinə qanla yazılan faciə və onun səbəbləri barədə danışıb. Bildirib ki, 20 Yanvar qətliamı xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən, xaincəsinə təşkil olunan bir qəsd idi. Bu qəsd həm də sivil dünyaya, insanlığa yaraşmayan bir vəhşilik idi.

 

Baş direktorun müşaviri qeyd edib ki, həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. O, yalnız ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

 

Müşfiq Rəsulzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qələbə əzmi və Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi nəticəsində şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.

 

O, hər bir azərbaycanlıda qürur hissi oyadan, 1990-cı il 20 Yanvar tarixində ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gələcək nəsillər tərəfindən hər zaman anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.

 

Sonra çıxış edən YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov otuz iki il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs edib.

 

Hər birimizin şəhidlərə borclu olduğumuzu deyən icraçı direktor Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını vurğulayıb. Bildirib ki, ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübuta yetirdi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]