Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu

Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu

Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi 1 fevral - 31 iyul 2022-ci il tarixlərində Ağsu və Ağdam rayonları ərazisində həyata keçiriləcək. Artıq Simpoziumun planlaşdırma işləri görülüb, tərəfdaş elm və təhsil müəssisələri olan Türkiyə Cümhuriyyəti Amasiya Univeristeti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Simpoziumun Elmi və Təşkilat Komitəsi razılaşdırılıb.
“Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu” 17-18 may 2022-ci il tarixlərində Ağdam rayonu Quzanlı qəsəbəsində üz-üzə və onlayn olaraq keçiriləcək. Simpoziumun əsas məqsədi Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən günümüzə gələn perspektivlər üzərindən Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.
Həmzə Nigari XIX əsr Türk dünyası sufi ədəbiyyatının önəmli Azərbaycanlı şəxsiyyətidir. O, Qarabağda Laçının Cicimli kəndində anadan olmuş, Ağdamın Qarapriimli kəndində Pir Məhəmməd xanəgahında təhsil almışdır. Onun "Divan"ı Tiflisdə və İstanbulda əski əlifba ilə türk dilində nəşr edilmişdir. Həmzə Nigari daim şeirlərində Qarabağı və ona olan eşqini vəsf etmişdir. 2011-ci ildən başlayaraq müxtəlif illərdə Amasiya, Merzifon, Suluova, Bakı, Qazax, Şamaxı şəhərlərində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin digər elmi və ictimai müəssisələrlə birgə təşkilatçılığı ilə “Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçirilmişdir. İndiyə qədər keçirilən dörd simpoziumun məqalələr toplusu nəşr edilmiş və açıq internet ortamında yayılmaqdadır. Cicimli və Qarapirimlinin işğaldan azad olduğu bu günlərdə “Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu"nun keçirilməsi xüsusilə anlamlı olacaqdır.
Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Aprel ayının 9-na kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər [email protected] ünvanına göndərilməlidir. Simpozium Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani araşdırmaları, Nəqşibəndilik araşdırmaları, Xəlvətilik araşdırmaları, Sufizm araşdırmaları, İslam araşdırmaları, Türk dünyası araşdırmaları, Qafqaz araşdırmaları, Qarabağ araşdırmaları, Şuşa şəhəri araşdırmaları, Bərpa və konservasiya araşdırmaları, Ədəbiyyat araşdırmaları, Sənətşünaslıq araşdırmaları kimi mövzuları əhatə edəcəkdir. Tezislərin son göndərilmə tarixi: 9 aprel 2022, qəbul edilən tezislərin elanı: 19 aprel 2022, rəsmi dəvətlərin göndərilməsi: 20 aprel 2022, məruzələrin tam mətninin göndərilməsi: 20 may 2022, Simpozium proqramının elan olunması: 01 may 2022, Simpoziumun birinci günü: 17 may 2022 (Qeydiyyat: 09.00-11.00), ikinci günü: 18 may 2022-ci il tarixlərində baş tutacaq. Simpoziumun Elmi və Təşkilat Komitəsi yaxın günlərdə elan ediləcəkdir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]