Milli Teatr Günündə Akademik Musiqili Teatrda sərgi - "Həyatdan səhnəyə" - FOTO

Milli Teatr Günündə Akademik Musiqili Teatrda sərgi - "Həyatdan səhnəyə" - FOTO

10 mart – Milli Teatr Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində “Həyatdan səhnəyə” adlı  sərgi nümayiş olunacaq.


Ölkəmizdə peşəkar teatrın yaranmasının 149-cu ildönümü münasibətilə qocaman sənət ocağında hazırlanan bu layihənin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev,  kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.


Sərgidə uzun illər teatrda fəaliyyət göstərmiş peşəkar rəssamların: Əməkdar rəssamlar İsmayıl Məmmədov və Nabat Səmədovanın, eyni zamanda Validə Ümman və Vusal Rəhimin teatrla bağlı müxtəlif əsərləri, kompozisiyaları, müəllifi olduqları səhnə eskizləri və səhnə geyimləri nümayiş olunacaq.


112-ci mövsümunu yaşayan Akademik Musiqili Teatrın bu sərgisində həmçinin teatrın tarixini özündə əks etdirən lövhə, teatrın maketi, retro səhnə əsərlərinin afişaları, korifey sənətkarların oynadığı tamaşalardan fotoşəkillər, yaradıcı heyətin müxtəlif beynəlxalq tədbirlərdə aldıqları mükafatlar da sərgilənəcək.


Qeyd edək ki, martın 10-dan etibarən ay ərzində teatrın tamaşalarına baxmağa gələn hər kəs bu sərgini izləyə biləcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]