Lənkəran teatrında 10 Mart-Milli Teatr Günü qeyd olunub (AZpress.AZ. B.Ağaddin, +FOTO=6)

Lənkəran teatrında 10 Mart-Milli Teatr Günü qeyd olunub (AZpress.AZ. B.Ağaddin, +FOTO=6)

Lənkəran teatrında 10 Mart-Milli Teatr Günü qeyd olunub  (AZpress.AZ. B.Ağaddin, +FOTO=6)


Mədəniyyət naziri teatrın yeni tamaşasını seyr edib

 

Lənkəran Dövlət Dram Teatrının kollektivi özünün 131-ci mövsümündə tamaşaçılarını yeni sənət əsərləri ilə sevindirməkdə davam edir. 10 mart-Milli Teatr Günündə teatrın truppası “Haqqın 44 günü” tamaşasının premyerası ilə çıxış edib. Teatrın baş rejissoru Anar Babalının müəllifi olduğu və quruluş verdiyi bu səhnə əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

 

Tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlməyi bacarır.

 

Dəfələrlə sürəkli alqışlarla qarşılanan tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.
Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, “Haqqın 44 günü” tamaşasının "Şuşa ili" çərçivəsində respublikamızın digər bölgələrində də nümayişi nəzərdə tutulub.

 

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov da Lənkəran Dövlət Dram Teatrında olarkən bu sənət ocağının şəraiti ilə tanış olub, eyni zamanda “Haqqın 44 günü” tamaşasını seyr edib.
Ağaddin BABAYEV
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]