Avropa İttifaqı və BMTİP strateji inkişaf planlarının hazırlanması istiqamətində peşə təhsil müəssisələrinə dəstək olur - FOTO

Avropa İttifaqı və BMTİP strateji inkişaf planlarının hazırlanması istiqamətində peşə təhsil müəssisələrinə dəstək olur - FOTO

Bakı, 14 mart 2022-ci il –  Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Azərbaycanda seçilmiş peşə təhsil müəssisələrinin inkişafı üçün strateji planları müzakirə etmək məqsədilə bir araya gəlib.


Aİ tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində Şəkidə keçirilən üçgünlük tədbirdə PTDA-nın idarə heyətindən nümayəndələr, həmçinin Bakı, Gəncə, Şəki, Cəlilabad, Bərdə, Mingəçevir və Qəbələ şəhərindən 10 müxtəlif peşə təhsil müəssisəsinin direktorları iştirak edib.


Tədbirdə iştirakçılar müasir tendensiyaların peşə təhsilinə inteqrasiya yollarını və inkişaf planlarında strateji baxışın olmasının vacibliyini müzakirə ediblər. Peşə təhsil müəssisələri fəaliyyət planlarının hazırlanması, hər bir strateji plana uyğun olaraq dayanıqlı icra mexanizmlərinin və hesabat üsullarının formalaşdırılması üzrə çalışmalar həyata keçirib, o cümlədən iş strategiyasında yeni rəqəmsal resursları tətbiq etməklə effektivliyin artırılması üçün təkliflər hazırlayıblar. Bunlarla yanaşı, monitorinq və qiymətləndirmə, eləcə də daxili keyfiyyətin təminatı istiqamətlərində işçi qrupları səviyyəsində müzakirələr aparılıb.


Tədbir proqramı iştirakçıların Şəki Dövlət Peşə Təhsil Mərkəzinə səfəri ilə yekunlaşıb.


Qeyd edilməlidir ki, sözügedən layihənin dəstəyi ilə müxtəlif peşə təhsil müəssisələri üçün 6 fərqli inkişaf planı hazırlanır. Bu planlar, müəssisələrə davamlı inkişaf yanaşmasını, habelə əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması prosesini həyata keçirməkdə kömək edəcək. Layihə tərəfindən təşkil edilən bu kimi tədbirlər eyni zamanda, Azərbaycandakı peşə təhsil müəssisələri arasında öndə gedən təcrübələrin paylaşılması, şəbəkələşmə və potensiallarının gücləndirilməsinə dəstək olacaq.


***


Tədbir, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]