Şəhriyar Məmmədyarov Qran-Prinin qrup mərhələsinin finişində Daniil Dubovla qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Şəhriyar Məmmədyarov Qran-Prinin qrup mərhələsinin finişində Daniil Dubovla qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da daxil olmaqla 16 zəka sahibinin 4 qrupda mübarizə apardığı FİDE Qran-Prisinin 3-cü mərhələsində bu gün 6-cı turun partiyaları ilə qrup oyunlarına yekun vurulacaq. Qran-Prinin B qrupunda yer alan və dünən baş tutan 5-ci turda amerikalı Lenyer Dominqeslə sülh bağlayan həmyerlimiz bu gün keçiriləcək son tur çərçivəsində FİDE təmsilçisi Daniil Dubovla qarşılaşacaq.
Xatırladaq ki, geridə qalan 5 turdan sonra Məmmədyarov onunla eyni xal (3 xal) ehtiyatına malik olan ABŞ təmsilçisi Lenyer Dominqeslə qrupa şərikli liderlik edir. Reqlamentə görə qrup mərhələsini birinci pillədə başa vuran şahmatçılar mübarizəni 1/2 finaldan davam etdirəcəklər. Odur ki, son tur Məmmədyarov üçün həlledici olacaq. O, qrupda birinci yeri tuta bilməsə, onda FİDE Qran-Prisinin ikinci mərhələsində olduğu kimi, yenə də mübarizəni vaxtından əvvəl dayandırmalı olacaq.
Qeyd: FİDE Qran-Prisi 3 mərhələdən ibarət olur. Ümumilikdə 3 mərhələdə 24 şahmatçı mübarizə aparır. Hər bir şahmatçı isə 3 mərhələdən yalnız ikisində iştirak edə bilir. Hər mərhələdə isə 16 şahmatçı mübarizə aparır. Sonda yekun nəticəyə görə ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanmış olacaq.
6-cı turda aşağıdakı cütlər qarşılaşacaq:
Şəhriyar Məmmədyarov - Daniil Dubov
Vinsent Keymer (Almaniya) - Lenyer Dominqes
B qrupunda 5 turdan sonra vəziyyət belədir. Məmmədyarov, Dominqes - hərəyə 3 xal, Keymer -2,5 xal, Dubov - 1,5 xal.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
