Vəfa Kazdal Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Ali Təhsil İdarəçiləri Forumu"nun yekunlarını təqdim edir

Vəfa Kazdal Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Ali Təhsil İdarəçiləri Forumu"nun yekunlarını təqdim edir

ADA Universitetinin Akademik İşlər üzrə prorektoru Dr. Vəfa Kazdal Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Ali Təhsil İdarəçiləri Forumu”nun yekunlarını təqdim edir.

Post-pandemiya dövründə ali təhsilin relevantlığı


Mart ayının 22-24-də  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ali Təhsil İdarəçiləri Forumu (“Higher Education Leadership Forum”) keçirildi. Forumun mövzusu  “COVID-19 – dan sonra  ali təhsilin yeni istiqamətləri: tələblərə və tələbata cavab verən ali təhsil ekosistemi” idi (“Re-inventing Higher Education Post-COVID-19 – Towards a Responsive Higher Education Eco-System"). Forum 50 ölkədən 400 nəfərdən çox  dinləyici, 40 nəfərə  yaxın  təqdimatçının iştirakı ilə çıxış, debat və dəyirmi masa müzakirələri əsasında təşkil olunmuşdu.


Forumda ADA Universiteti də təmsil olunurdu. Burada təmsil olunmağımızın iki səbəbi var idi: birinci səbəb ADA Universitetinin ali təhsildə mükəmməllik mükafatı üzrə 90-dan artıq müraciət edənlər arasında seçilən  üç namizəd universitetdən biri olması idi. Digər iki universitet  Pakistanın Ağa Xan Universiteti və İspaniyanın dünya reytinqlərində yüksək yerlərdən birini tutan Barselona Universiteti idi. İkinci səbəb isə ADA Universitetinin hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübəni və bu istiqamət üzrə nəzərdə tutduğu növbəti hədəflərini beynəlxalq təhsil müəssisələri ilə bölüşmək idi.


Forumda ali təhsil sahəsi ilə bağlı  ən aktual suallar işıqlandırıldı, verilən cavablar isə olduqca maraqlı, mühüm və konkret idi. Əminəm ki, bütün bu suallar və cavablar bizim ali təhsil ocaqları, həmçinin  tələbələrimiz  və onların valideynləri üçün çox maraqlı olacaqdır.
 

Forumda aparılan müzakirələr və əldə edilən nəticələr onu göstərdi ki, pandemiya ilə əlaqədar ali təhsildə baş verəcək dəyişikliklərlə bağlı  miflər özünü doğrultmadı. Miflər ondan ibarət idi ki,  pandemiya şəraiti ali təhsil sistemini radikal şəkildə dəyişdirəcək, kampuslar əhəmiyyətini itirəcək və ali təhsilin relevantlığı  azalacaqdır.


Əvvəla, ondan başlayaq ki, pandemiya təhsil sahəsində inqilaba deyil, təkamülə səbəb oldu. Baş verən dəyişiklikləri, xüsusilə də texnoloji tərəqqi və əmək bazarında olan prioritetləri nəzərə alsaq, görərik ki, ali təhsil öz məqsədində yeni baxış yaradaraq özünü tamamilə yeniləmir, daha çox təkmilləşmə prosesindən keçir. Bu, hər zaman belə olmuşdur. Cəmiyyət, iqtisadiyyat inkişaf edib dəyişdikcə, ekosistemin bir hissəsi olan təhsil də ekosistemlə bir vahidlik təşkil etmək üçün daima dəyişib təkmilləşir.  Hətta təqdimatçılardan biri təhsil səviyyələri arasında bir bütövlük və bağlılığın yaradılması məqsədilə ekosistemə orta məktəblərin də daxil olmasının nə qədər vacib olduğunu vurğuladı.


Forumun ən maraqlı hissələrindən biri pandemiyadan sonra ali təhsilin relevantlığına dair debat oldu. Debatın moderator və çıxışçıları Amerika Birləşmiş Ştatları, Avropa, Cənubi Afrika, Şimali Kipr və Qətər kimi ölkələrin ali təhsil və ali təhsil assosiasiyalarında fəaliyyət göstərən, təhsil siyəsətini formalaşdırıb inkişaf etdirən qərarverici şəxslər idi.


Bu debat zamanı əldə olunan nəticələr onu göstərdi ki, pandemiya şəraitində ali təhsil sahəsinin relevantlığı və mahiyyəti daha da qabarıq şəkildə ortaya çıxdı. Bu dövrdə ərsəyə gələn startaplar, COVID-19, eləcə də təhsil sahəsi ilə bağlı aparılan tədqiqatlar, bunların fonunda irəli sürülən təkliflər və yeniliklər ali təhsilin vaciblik və müvafiqliyinin daimi olacağının göstəricisidir.


Debatla paralel forum iştirakçıları arasında mövzu ilə bağlı interaktiv sorğu da aparılırdı. Birinci sual universitetlərin başlıca məqsədlərinin nədən ibarət olması idi.  Universitetlərin ən vacib vəzifəsinin yeni sosial institutlar olaraq fəaliyyət göstərməsi və burada dəyərlərin formalaşdırılması ən çox səs toplayan cavab oldu.  İkinci ən çox səs toplayan cavab isə yeni sosial era üçün insanları bir araya gətirmək və təlimləndirmək idi. Əgər bunlar universitetlərin əsas məqsədləridirsə, onda əminliklə deyə bilərik ki, ali təhsil müəssisələrinin mövcudluğu hər zaman öz aktuallığını qoruyub saxlayacaqdır. Buna görə də ali təhsil müəssisələri yeniliklərə açıq olmalı, özlərini  təkmilləşdirməli, eyni zamanda gənclərə müasir dövrün tələblərinə uyğun özlərini inkişaf etdirmək və potensial bacarıqlarını reallışdırmaq imkanları yaratmalıdır.


Bu baxımdan kampuslar hər zaman öyrənmə və formalaşma prosesinin mühüm bir komponenti olaraq var olmaqdadır, lakin kampusların mövcud olma məqsədi dəyişməkdədir. Onlar bilik mərkəzlərindən (“knowledge-hub”) sosial mərkəzlərə (“social hub”) çevrilməkdədir. Belə ki, kampuslar sinif otağından  daha çox sosiallaşma, əməkdaşlıq, axtarış, yaradıcılıq və eksperiment üçün açıq laboratoriya və məkan olmalıdır. Məhz bu cür kampuslara nümunə kimi  sosial mərkəz konsepsiyası üzərində dizayn olunan, gələcəyə yönəlik  ADA  kampus modelini  göstərə bilərik. Hətta bu konsepsiya ADA Universitetinin genişlənməsi ilə bağlı strateji planlarında belə öz əksini tapıb. Ümumiyyətlə, ADA Universiteti dizaynla bağlı istər hazırkı, istərsə də gələcək strategiyalarında hər zaman sinif otaqlarından çox geniş əməkdaşlıq və sosiallaşma məkanlarının qurulmasına önəm verir.  


Təhsilin bilik komponenti artıq virtual kampuslara keçərək onu hibridləşdirir və beləliklə, təlim  prosesinin səmərəliliyini artırıb  zənginləşdirir. Üstünlük “flipped” dərslərə və daha çox praktikaya əsaslanan, komanda şəklində aparılan kampus təcrübələrinə verilməlidir. Onu da qeyd etmək lazımdır ki, kampusda olan  mühazirə dərslərinin onlayn şəkildə keçirilməsi heç də yenilik hesab olunmur. Bu, sadəcə olaraq bir platformadan digər platformaya keçiddir. Lakin texnologiya və pedaqogikanı gücləndirmək, öyrənənlərin marağını artırmaq, öyrənmə imkanlarını genişləndirmək – bu, yenilikdir. Bununla bağlı auditoriya belə bir sual ünvanladı: “Universitetlərin relevantlığının artırılması üçün yeniliyə daha çox harada  ehtiyac var: öyrənmə və öyrətmə, innovasiya, tədqiqat və ya sosial fəaliyyətlər sahəsində?” Demək olar ki, səslərin çoxu ilk iki təklif arasında bərabər şəkildə bölüşdü. 


Auditoriyanın təəccübünə səbəb olan məqamlardan biri tədqiqat komponentinin az səs toplamağı idi, çünki innovasiya və tədqiqat artıq bir anlayış kimi qəbul edilir. İnnovasiya demək olar ki, tədqiqatın nəticəsidir, belə ki, ən çox yenilik öyrənmə və öyrətmə prosesində ortaya çıxır. Öyrənmə və öyrətmə mühiti innovasiya ilə nəticələnən, startaplara gətirib çıxaran zəncirvari  ardıcıllıqla yaradılmalıdır.


Doğrudan da, sürətlə dəyişən dünyada öyrənmə və öyrətməyə yanaşmada ciddi dəyişiklər baş verməlidir. Forumda tələbyönümlü təhsil məsələsinə dəfələrlə toxunuldu. Tələbyönümlü  təhsildə  tələbənin maraq, ehtiyac və məsuliyyətini artıran yanaşma özünü göstərir, yəni tələbə təhsil prosesinin cavabdehlik daşıyan iştirakçısına çevrilir.  Dözümlülük (“resilience”) və çeviklik (“agility”) ən çox qeyd edilən və zamanın tələb edilən bacarıqları oldu.  Forum boyunca  bu iki bacarığı təhsilalanlara aşılamağın əhəmiyyəti ətrafında müzakirələr aparıldı. Bununla bağlı maraqlı suallardan biri  o oldu ki, universitet məzunları əmək bazarına daxil olanda onlarda  ən çox çatışmayan bacarıqlar hansılardır? Ən çox səsləndirilən cavablar bunlar idi: insani bacarıqlar (“human skills”) – tənqidi təfəkkür, problemi həlletmə, yaradıcı yanaşma və kommunikasiya, həmçinin biznes bacarıqları – datanın kommunikasiyası, layihə idarəetməsi, dizayn və innovasiya. Bu baxımdan dünya təcrübəsi, həmçinin ADA Universitetinin təhsil modelində olan bakalavr proqramlarının ümumi təhsil (“general education”) hissəsi öz əhəmiyyətini qoruyur və yuxarıda qeyd olunan bacarıqlar istiqamətində özünü daha da gücləndirməkdədir.  


Belə ki, ali təhsil sahəsi hər zaman olduğu kimi və hətta deyə bilərik ki,  daha da çox öz aktuallığını və mahiyyətini qoruyub saxlayır. Hibrid ali təhsil modeli  texnologiya vasitəsilə təhsilin səmərililiyini və əlçatanlığını artırır, təhsilin beynəlmiləlləşməsi imkanlarını genişlədir və təhsilalanın tədris prosesində məsuliyyətini və cavabdehliyini çoxaldır. Bu modeldə kampus zəngin, əhatəli, sahibkarlıq bacarıqlarını formalaşdıran və inkişaf etdirən laborotoriya və sosiallaşma məkanıdır. Öyrənmə və öyrətmə yanaşmaları bu modelə müvafiq olaraq tənqidi təfəkkürün, yaradıcılıq, problemi həlletmə və sahibkarlıq kimi bacarıqların inkişafına yönəlməlidirlər. 


Forumun ən son hissəsi isə dəyirmi masa müzakirələri idi. Bizim iştirak etdiyimiz müzakirənin mövzusu təhsil mərkəzləri və onların müasir tələblərə uyğun olub-olmamasına həsr olunmuşdu. Burada bir çox Orta Şərq ölkələrində illərdir fəaliyyət göstərən beynəlxalq universitetlərin filiallarının professor və idarəetmə heyəti bu məsələnin çətinliklərini müzakirə edirdi. Onlar əməkdaşlıq və tərəfdaşlıq modeli üzərində qurulan universitet modelinin daha dayanıqlı olduğunu xüsusilə vurğulayırdılar. Məhz bu səbəbdən illər əvvəl ADA Universitetinin qurulma dövründə belə müzakirələr əsnasında rektor Hafiz Paşayev uzaqgörənliyi ilə ADA-nın milli və qlobal universitet vizyonu ilə qurulmasını məqsədəuyğun hesab etmişdi.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]