“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” (AZpressAZ -Akif Ağayev +FOTO=6)
Bu xəbəri paylaş
“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” (AZpressAZ -Akif Ağayev +FOTO=6)
Masallıda vətənpərvərlik mövzusunda inşa-yazı müsabiqəsi
Masallı Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov və rayon təhsil şöbəsinin metodisti Əkbər Mahmudov bildiriblər ki, II Qarabağ müharibəsində şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edildi: “Vətən uğrunda döyüşlərdə Masallı igidləri də öz şücaətləri ilə seçilib, əsl qəhrəmanlıq dastanı yazıblar...”
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsilə yanaşı onlara Vətənə məhəbbət hissinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.
30 şagirdin qatıldığı müsabiqədə iştirakçılara mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün bir saat vaxt verilib.
Təqdim olunan yazılar münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib.
Yekun nəticələrə əsasən rayon gənclər və idman idarəsi tərəfindən Xıl kənd Ə.Bəylərbəyov adına tam orta məktəbinin X sinif şagirdi Arəstəxanım Əmirova birinci, Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbinin XI sinif şagirdi Güldən Səfərova ikinci, Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbinin X sinif şagirdi Rahidə Abdullayeva üçüncü dərəcəli, Masallı şəhər İ.Zülalov adına 5 saylı tam orta məktəbin IX sinif şagirdi Mahirə Bəşirova isə fərqlənmə diplomu ilə təltif olunub.
Akif AĞAYEV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





