Cənnət görmək istəyən "Bal Qayasına" getsin - FOTO

Cənnət görmək istəyən "Bal Qayasına" getsin - FOTO

“Konstitusiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə bir qrup jurnalistin Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) mediatur təşkil edildi. Jurnalistlər tur çərçivəsində bu rayonlarda 10-a yaxın yerli turzim məkanına səfər etdik.

Səfərimizin ilk ünvanı

Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi oldu. Rayon mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir.

“Sım” sözü talış dilində “sıldırım”, “hündür” qayalıqda yerləşən kənd mənasındadır.

Bu qədim yaşayış məntəqəsi əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sım kəndinin mərkəzində 74 bulaq var. Qədim yaşayış məskəni zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də tanınır. Kənddə yerləşən Buzxana mağarası turistlərin diqqətini daha çox özünə cəlb edir. Burada təbiətin gözəlliyi ilə tarixilik harmoniya təşkil edir.

 

Dağlar qoynunda yerləşən bu məkanı cənub bölgəsində bulaqlar və şəlalələrin mənbəyi də adlandırırlar.

Hər daşında bir tarix, hər yamacında bir bulaq olan bu sirli-sehrli kənddə hazırda 180 ailə təsərrüfatında 830 nəfər yaşayır. Kəndin sakinləri həyətlərində axar bulaq suyundan istifadə edirlər.

Talış sıra dağlarının ətəyində yerləşdiyindən kənddə öz mənbəyini dağlardan götürən dörd şəlalə də var.

Sım kəndi tarixən strateji əhəmiyyətə də malik olub. Orta əsrlərdə Şimaldan Cənuba və ya əks istiqamətdə hərəkət edən karvan yolları məhz bu kənddən keçib. Kənddə bu günə qədər gəlib çatmış maddi mədəni və yazılı mənbələrdən aydın olur ki, burada hələ eramızdan əvvəl inkişaf etmiş sivilizasiya mövcud olub.

Bu qədim yaşayış məskənində hökmdarların iqamətgahının olması ilə bağlı faktlar da mövcuddur. Hökmdarın taxtını əvəz edən "şah daşı", həbsxana və bu günə qədər araşdırılmayan çoxsaylı Mixi yazılarını buna misal göstərmək olar.

 

Müəllim Zahirəddin Məmmədov Sım kəndinin qədim tarixindən danışarkən bildirib ki, kənddəki böyük qayalığın yaxınlığında dustaqxana adlanan yer var. Bura təbii daşdan olan bir həbsxanadır. Həmin yerdə çoxlu insan sümüklərinin olması da bunu sübut edir.

Sım kəndinin saymaqla bitməyən təbii gözəlliklərinin sorağı ilə hər il xeyli sayda turist bura baş çəkir. Kənd sakinlərinin sözlərinə görə, burada istirahət edənlər arasında yerli sakinlərlə yanaşı, xeyli sayda əcnəbilər də olur. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir. Elə qonaq olduğumuz yer bal kimi "Bal Qayası" oldu. Pərviz Salayev, qısacası Pərviz qardaş, ikinci Qarabağ müharibəsində böyük igidlik göstərən cəngavərimiz bizi elə qarşıladiki, ürəyimizə bal kimi yayıldı.

 

“Bal qayası” turizmin sahibi, turizm və dəmirçiliklə məşğul olan Pərviz və qardaşı Təhmasib Salayevlərlə həmsöhbət olduq. O bildirdi ki, Bal qayası ailəvi istirahət mərkəzi, dünyanın bir neçə nöqtəsindən, xüsusən Türkiyə, Rusiya, Avstriya və Rumıniyadan turistləri qəbul edib. Qonaqlama üçün kotejləri olan mərkəzin ərazisində gələnlər üçün hər cür şərait yaradılıb. Buranın başqa bir özəlliyi ondan ibarətdir ki, burada yay-qış fərqi olmadan hər fəslin öz aurası, marağı, gözəlliyi var. Qışda daha çox maraqlı olan bu kənd, ekstremal idman həvəskarlarının dəyişməz məskəni olur. Bulaq suyu, təmiz hava, dəmir ağacdan asılmış yelləncək, müxtəlif növ mürəbbələr, şirniyyatlar qonaqların zövqüncədir. Burada 50-dən çox yemək növü var.

 

Turistlər üçün dağın düz ətəyində evlər var ki, ora yalnız alpinistlər qalxa bilər. Əşyaların ora aparıb-gətirmək üçün at və uzunqulağın gücündən istifadə olunur.

Onu da deyim ki, Pərviz qardaş şeirə, qəzələ çox meyillidir. Onun səsləndirdiyi şeirlər də bal kimi idi.

Bu kəndin tarixi peşələrindən biri də dəmirçilikdir. Azərbaycanda “kürük” sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Pərviz qardaş deyir ki, indi kürüyü vintelyatorlarla əvəz ediblər. Kürük dəridən düzəldilir. Sımdakı qədim kürüyün yaşı 1 əsrdən artıqdır.

Kürüyün əsas özəlliyi hava axınını idarəedəbilmək bacarığıdır. Dəmirçilər öz kiçik emalatxanalarında dəmiri əridib müxtəlif formalara salır, alətlər düzəldirlər. Burada əsasən kənd təsərrüfatı və dülgərlik üçün lazım olan bütün alətlər hazırlanır. Pərviz qardaş onu da qeyd etdi ki, bu sənəti öz övladlarına ötürüb yaşadacaqlar.

Müsahibimiz deyir ki, dəmirçilik peşəsi gələn turistlərin böyük marağına səbəb olur. Qədimyanə cihaz, kiçik suvenirlər və turistlərin gözü qarşısında hazırlanan alətlər diqqətdən kənarda qala biməz.

 

Pərviz bəy özü də dəmirçiliyin sirrlərinə bələd olsa da hazırda bu işlə əsasən qardaşı Təhmasib Salayev məşğul olur. Məhsulları olduqca keyfiyyətli, möhkəmdir. Bunu onlarlan alət alan bütün müştərilər deyir.

Salayevlər onu qeyd etdi ki, öyrənmək istəyən hər kəs buyurub Sin kəndinə təşrif buyur bilər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]