Mahir Süleymanov-CƏBHƏ ALBOMUMDAN: BÖYÜK BƏHMƏNLİNİN ƏBÜLFƏTİ
Bu xəbəri paylaş
CƏBHƏ ALBOMUMDAN
BÖYÜK BƏHMƏNLİNİN ƏBÜLFƏTİ
Əbülfət Mirzəliyev 1994-cü ildə doğma Füzuli rayonu ərazisində döyüşən hərbi hissənin cəsur kəşfiyyatçısı idi. Böyük Bəhmənli kəndində anadan olmuş Əbülfət böyüyüb boya-başa çatdığı torpaqda bir sıra yaşayış məntəqəsinin müdafiəsində və erməni işğalından azad olunmasında fəal iştirak edib.
1994-cü ildə cəbhəyə növbəti ezamiyyətimiz zamanı komandiri Əbülfət Mirzəliyevi bizə xüsusi olaraq təqdim etdi və fəxrlə vurğuladı ki, onun belə bir igid döyüşçüsü var. Mən bu qorxmaz əsgərin şəklini çəkdim və bir neçə gündən sonra Müdafiə Nazirliyinin rəsmi orqanında tanınmış jurnalist Knyaz Aslanın imzası ilə Əbülfət haqqında, silahdaşlarının şücaəti barədə gözəl bir məqalə dərc olundu...
Əbülfət də illər öncə cəbhədə görüşdüyüm, lakin sonrakı taleyinin necə olduğunu bilmədiyim mərd oğullarımızdandır. Şübhə etmirəm ki, o, bu gün də sağ-salamatdır.
Mən canını Vətənə qurban vermiş igidlərimizin ruhu qarşısında baş əyir, bu gözəl, əziz Ramazan günlərində bütün şəhid ailələrinin, qazilərimizin, veteranlarımızın bayramını təbrik edirəm!
Tanrı dualarımızı qəbul etsin, gecə-gündüz Azərbaycanımızın keşiyində duran qəhrəman əsgərlərimizi qorusun!
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)