Ceyhun Məmmədov: 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Ceyhun Məmmədov: 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

1941 – 1945 - ci illər Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan xalqının böyük payı olmuşdur. Müharibə başlayanda iştirak etmək üçün minlərlə oğlan və qız cəbhəyə getmişlər, Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin bir neçə milli diviziya formalaşdırılmışdır. Ümumi olaraq, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edildiyi bu müharibə illərində xüsusi igidlik göstərən 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.


Xalqımızın qəhrəman övladları yüzlərlə yaşayış məntəqəsi uğrunda igidliklə döyüşüb, Yuqoslaviya, Polşa, Çexiya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. 1941 – 1945- ci illər Böyük Vətən müharibəsində Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Hüseynbala Əliyev, Züleyxa Seyidməmmədova, Ziya Bünyadov kimi Azərbaycan övladları böyük rəşadət göstərərək adlarını müharibənin tarixinə qızıl hərflərlə yazıblar.


Bakı neftçiləri 1941 – 1945 - ci illər Böyük Vətən müharibəsinin ən böyük qəhrəmanlarından biri idi. Azərbaycan neftçiləri şücaət göstərərək cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Müharibə illərində neftçilərimiz ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər, aviasiya benzini almaq üçün Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni texnologiya yaradılıb. Ümumilikdə, SSRİ-nin müharibədə sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin isə 80 faizi Azərbaycanın payına düşüb. Həmin dövrün tanınmış siyasətçiləri, hərbçiləri Azərbaycan neftçilərinin fəaliyyətini yüksək qiymətləndirib, neftçilərimizin müharibədə qazanılan qələbədəki payından bəhs ediblər.


Cəbhədə düşmənə ağır zərbələr endirməyə imkan verən yüksək oktanlı aviasiya yanacağının da Azərbaycanlı alimlər tərəfindən kəşf olunması ölkəmizin bu müharibədə göstərdiyi əzmkarlıq və rəşadətin bir nümunəsidir. Azərbaycanın bu qədər imkanlara sahib olması faşist Almaniyasının da diqqətini çəkirdi. Onlar Azərbaycana xüsusi diqqət yetirir, Bakı üzərində nəzarəti ələ keçirmək istəyirdilər.


Müharibə illərində nəinki ön cəbhədə, hətta arxa cəbhədə də xalqımızın misilsiz xidmətləri olmuşdur. Onlar ordunun ehtiyaclarını ödəmək üçün dayanmadan çalışmışlar. Bakı SSRİ-nin ən vacib silah istehsalat mərkəzlərindən birinə çevrilmişdi. Artıq müharibə illərində Bakıda müxtəlif növlərdə silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu, qırıcı, maşın yığılan zavodlar yaradılırdı.


1941 – 1945- ci illər Böyük Vətən müharibəsi illərində Azərbaycanın nəqliyyatçılarının və xalq təsərrüfatının da xüsusi fəaliyyəti olmuşdur. Bakı dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük göndərilmişdir.  


1941-ci ildə Azərbaycan SSR-də 66 hərbi hospital yaradılması, donor hərəkatının genişləndirilməsi, müxtəlif dərman preparatlarının hazırlanması, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” – nin yaradılması xalqımızın tibb sahəsində də necə fədakarlıq göstərdiyini bir daha sübut edir. Müharibə illərində dahi bəstəkarlarımız da vətənpərvərlik mövzusunda yeni əsərlər, mahnılar hazırlayaraq orduya və xalqa dəstək olmağa çalışırdı.


Azərbaycanın qəhrəman övladları Fransada antifaşist müqavimət hərəkatında, Polşada, Çexiyada, Macarıstanda, Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə,Yuqoslaviyada, İtaliyada partizan dəstələri sıralarında da igidliklə vuruşub böyük şücaət göstəriblər. Fransada müqavimət hərəkatında iştirak etmiş, Fransanın 5 ordeni və yüksək fəxri adı ilə təltif olunmuş Əhmədiyyə Cəbrayılov müharibə dövrünün igid qəhrəmanlarından biri olmuşdur. O, “Armed Mişel” adı ilə müqavimət hərəkatında fəal iştirak etmişdir.


Digər qəhrəmanımız isə Mixaylo ləqəbli Mehdi Hüseynzadə olmuşdur. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik etmiş, çoxsaylı faşist zabitini məhv etmişdir. Mehdi Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.


Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu olduğunu hər zaman vurğulamış, müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirmişdir. Heydər Əliyev müharibə iştirakçılarına qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etməyin vacibliyini həmişə diqqət mərkəzində saxlamışdır.


1941 – 1945- ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qazanılan qələbə hər il ölkəmizdə dövlət səviyyəsində təntənəli olaraq qeyd edilir. Prezident İlham Əliyev hər zaman müharibə veteranlarına və onların ailə üzvlərinə olan qayğının artırılması üçün yeni sərəncamlar imzalayır, qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür. Elə bu yaxınlarda – 19 aprel tarixində cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyi tərəfindən qəhrəmanlarımıza olan qayğını bir daha sübut edir.
 

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]