Ağdam məktəbinin kollektivi Masallıda şəhid məzarını ziyarət edib Akif Ağayev (AZpress.AZ)

Ağdam məktəbinin kollektivi Masallıda şəhid məzarını ziyarət edib Akif Ağayev (AZpress.AZ)

 Ağdam məktəbinin kollektivi Masallıda şəhid məzarını ziyarət edib

 

“Azərbaycan Bayrağı” ordenli, XTQ komandiri, şəhid baş leytenant Sahib Şirəliyevin xatirəsi anılıb

 

Mayın 8-də Ağdam rayon 28 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi Masallı rayonunun Ərkivan qəsəbəsində “Azərbaycan Bayrağı” ordenli şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyevin məzarını ziyarət ediblər.

Anım mərasimində qonaqlarla yanaşı Masallı RİHB-nın Ərkivan qəsəbəsi üzrə ərazi nümayəndəsi Əhməd Əhmədov, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının qəsəbə üzrə nümayəndəsi, ehtiyatda olan hərbi qulluqçu Ədalət Hüseynov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, şəhidin valideynləri, doğmaları, qəsəbə sakinləri, məktəblilər iştirak ediblər.

Şəhidin qəsəbə qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək önünə əklil, tər güllər düzülüb, ruhuna dualar oxunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Ağdam rayon 28 nömrəli tam orta məktəbinin direktoru Tahirə Qasımova, şəhidin sinif rəhbəri olmuş Məhəmməd Təhməzov qəhrəman zabit, Şuşa fatehi Sahib Şirəliyev haqqında xatirələrini söyləyib, onun vətənsevər, cəsarətli gənc olduğunu vurğulayıblar. Bildirilib ki, Sahib məktəb illərində əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib, boks idman növünə, hərb sənətinə maraq göstərib... Vaxtilə təhsil aldığı məktəbdə indi şəhidin adına sinif otağı var, xüsusi güşə yaradılıb.

Xüsusi təyinatlı qrup komandiri Sahib Şirəliyevin döyüş yolundan, vətənə vurğunluğundan danışan jurnalist-publisist Akif Ağayev qeyd edib ki, bu gün şəhid zabitimizdən tarixə yazılacaq qəhrəmanlıq dastanı geridə qalıb.

Natiqlər şəhidlərin qanının yerdə qalmadığını, onların xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını diqqətə çatdırıblar.

Məktəbin müəllimi M.Təhməzov “Ağlama, şəhid anası” şeirini oxuyub.

Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi şagirdlərinin ifasında Vətənə, şəhidlərə, Sahib Şirəliyevə həsr edilmiş seirlər, nəğmələr səsləndirilib.

Şəhidin atası Yusif Şirəliyev məktəb rəhbərliyinə, pedaqoji kollektivə, eləcə də tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbir iştirakçıları şəhidin adına inşa edilən bulaq komleksi, evində yaradılan xatirə guşəsi ilə yaxından tanış olublar.

 

Məlumat üçün bildirək ki, “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev 18 oktyabr 1995-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olub.

S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində alıb. Səkkizinci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyinə sənəd verib, 202 bal toplasa da qəbul ola bilməyib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə Fəxri fərman və diplomlarla mükafatlanıb.

Hadrut istiqamətindəki döyüşlərdə, qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup (12 nəfərlik heyətlə) xüsusi fədakarlıq göstərib. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv edib. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan “Xaç” vacib yüksəkliyinin, Tuğ, Qarabulaq kəndlərinin alınmasında, Qırmızı Bazar istiqamətindəki döyüşlərdə S.Şirəliyevin xidməti əvəzsiz olub.

Şuşa-Laçın dəhlizi və dəhlizin üstündəki yüksəkliyin ələ keçirdilməsi əməliyyatı zamanı düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib, 2 ədəd BMP qənimət kimi götürülüb. Bu ağır vuruşda cəsur və təmkinli XTQ-nin qrup komandiri Sahib Şirəliyev qəhrəmancasına şəhid olub.

Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində dəfn edilib.

Bakıda (Abşeron rayonunun Nübar qəsəbəsində) və anadan olduğu qəsəbədə şəhidin adına küçə verilib, xatirəsinə bulaq inşa edilib, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbi şəhidin adını daşıyır.

 

Akif VAQİFOĞLU,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]