Lənkəran teatrının yeni direktor müavini kollektivə təqdim olunub- AZpress.AZ, Ağaddin BabayevI,Lənkəran (FOTO=4)

Lənkəran teatrının yeni direktor müavini kollektivə təqdim olunub- AZpress.AZ, Ağaddin BabayevI,Lənkəran (FOTO=4)

Lənkəran teatrının yeni direktor müavini kollektivə təqdim olunub-AZpress.AZ, Ağaddin Babayev, Lənkəran(FOTO=4) 

 

Mayın 10-da Lənkəran Dövlət Dram Teatrının direktor müavini İntiqam Hacılı kollektivə təqdim olunub. AZpress.AZ xəbər verir ki, bu münasibətlə keçirilən yığıncağı giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov İ.Hacılını kollektivə təqdim edərək onun teatrın fəaliyyətinə əsaslı kömək göstərəcəyinə ümid bəslədiyini bildirib.

 

İntiqam Hacılı isə öz növbəsinə ona göstərilən etimadı əməli işlə doğruldacağına, teatrın maddi imkanlarının artırılması üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.

 

Qeyd edək ki, İntiqam Cəfər oğlu Hacılı 24 fevral 1978-ci ildə Biləsuvar rayonunda anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsində professor Aydın Dadaşovun kursunda təhsil alıb. 2021-ci ildə Mədəniyyət Nazirliyinin Bakıda təşkil etdiyi QİTİS-in (Moskva Teatr Sənətləri İnstitutu) teatr prodüserliyi laboratoriyasında iştirakçı olaraq QİTİS-in və Mədəniyyət Nazirliyinin sertifikatını alıb. 2002-2003-cü illərdə o, “Nəfəs” ədəbi qrupuna qoşulub. 2008-ci ildə “Maneken sevgilim” adlı şeirlər kitabı Azad Yazarlar Ocağının layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çap olunub. 2004-2007-ci illərdə Mədəniyyət Nazirliyinin “Kino+” qəzetinin əməkdaşı, sonradan direktoru olub. Teatr, kino və televiziya sahəsində tənqidi yazılarla çıxış edib. 2004-cü ildə “Kino+” qəzetində çalışarkən “Start” Tələbələrin Beynəlxalq Film Festivalını kinoplyusçularla birgə təşkil edib. 2012-ci ilə qədər festivalın təşkilat komitəsində olub. 2008-2010-cu illərdə Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetinin teatr və kino şəbəsində işləyib. 2011-ci ildə Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında 20 Yanvar hadisələrindən bəhs edən “Cənubda şimal küləyi” araşdırma sənədli filmini çəkib. 2012-ci ildə yaratdığı “Kino Atelyesi”ndə ölkədə ilk dəfə aktyorluq, ssenaristlik və rejissorluq kurslarının özəl formada təşkilinə olub. 2013-2014-cü illərdə Prezident Fondundan ayrılan maliyyə ilə ATV telekanalında yayımlanan serialın rejissoru, prodüseri və ssenaristi olub. Serial Sevinc Elsevərin “Şəhər” romanının motivləri əsasında 25 hissədən ibarət olub. Serial kino estetikası ilə fərqli mövzuda çəkilib. İntiqam Hacılı bu serialda aktyor kimi də özünü sınayıb. 2015-cü ildə “Gələcəyin yuxusu” adlı pyesini yazıb və quruluş verib. 2016-ci ildə hazırlanan “Kontrabasçı” (Almaniya-Azərbaycan Mədəniyyət Evi) və “Yasaq cəh-cəhlər” (İsveçrə Əməkdaşlıq Təşkilatının Qafqaz Ofisi) tamaşalarının prodüseri olub. 2017-ci ildə “Göllərin arasında” (“Между озерами” (“Among The Lakes”) sənədli film layihəsi çərçivəsində Riqada keçirilən “Artdocfest” Sənədli Filmlər Festivalının pitçinq bölməsində iştirak edib. 2017-ci ildə “Atam, anam, bir də mən” qısametrajlı sənədli filmini və “Karvan” qısametrajlı bədii filmini çəkib. Prodüseri olduğu “Qaranlıqdan reportaj” tammetrajlı bədii filmi dünya premyerasını 11-16 iyul 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalında edib. Bu film İ.Hacılının prodüseri olduğu və baş rollardan birinə çəkildiyi ilk tammetrajlı bədii filmdir. Bu həm də ilk Azərbaycan filmidir ki, Marsel Beynəlxalq Film Festivalında iştirak edib. 2019-cu ildə rejissor Elvin Adıgözəlin çəkdiyi “Rəna xanımın çəkilişi” qısametrajlı bədii filmdə rol alıb. Film Busan Beynəlxalq Film Festivalının və Tallin Beynəlxalq Film Festivalının əsas yarışma bölməsinin iştirakçısı olub. O, 2020-ci ildə çəkilən “Biləsuvar” tammetrajlı bədii filmin prodüserlərindən biridir. Film həmin il Busan Beynəlxalq Film Festivalının (Cənubi Koreya) və Nantda keçirilən 3 qitənin Festivalının (Fransa) əsas bölmələrində iştirak edib. “Biləsuvar” filmi 2021-ci ilin aprelində Vizbadendə keçirilən “goEast” festivalının (Almaniya) proqramına düşüb, 2021-ci ilin sentyabr-oktyabrında isə Rusiyanın Anapa şəhərində keçirilən 30-cu Kinoşok festivalının “Ən yaxşı ssenari” mükafatını, həmin ilin 17-21 dekabrında Moskvada keçirilən “Moskovskaya premyera” festivalının “Ən yaxşı rejissor” mükafatını qazanıb. Kinoprodüser kimi 2018-ci ildə Fransada Marsel Beynəlxalq Film Festivalının, 2021-ci ildə isə Rusiyada “Moskovskaya premyera” Kino Festivalının iştirakçısı olub.
İntiqam Hacılı həmçinin müxtəlif janrda kino ssenarilərin və pyeslərin müəllifidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]