Firuz Mustafa: Məzahir Süleymanzadə dünyasını dəyişib...

Firuz Mustafa: Məzahir Süleymanzadə dünyasını dəyişib...

 Məzahir Süleymanzadə dünyasını dəyişib...


Bu gün səhər-səhər eşitdiyim xəbər, onsuz da yaxşı olmayan əhvalıma daha bir üzüntü qatdi: Məzahir Süleymanzadə… rəhmətə gedib.
Biz çoxdanın tanışı, həmkarı idik.
Mənim bütün kitab təqdimatlarıma ərklə, dəvətsiz gələr, törənin aparıcılığını da elə eyni həvəslə özü edərdi…
Onu bu gün yaşı 40-ı ötmüşlər daha yaxşı xatırlamalıdırlar. Çünki 20 Yanvar faciəsinin baş verdiyi vaxtdan 32 il ötür və Məzahir Süleymanzadə imzası bu tarixlə daha çox bağlıdır…
Məsələ burasındadır ki, 1990-cı ilin həmin məşum yanvarında biz az qala təklənmişdik. Tv-nin enerji bloku indi, yəni bu günlərdə Ukraynanı xarabaya çevirən işğalçılar tərəfindən partladılmışdı. (Gündəliyimdə bu barədə ətraflı yazıldığına görə indiki halda təkcə onu deyə bilərəm ki, dünya birliyində, yaxın və uzaq xaricdə bizim səsimizə səs verənlər çox az idi…)
Faciə haqqında dünyaya və xalqımıza səhih məlumat verən və ilk yada düşən adları xatırla(t)maq yerinə düşərdi: hadisə baş verən ilk anlarda harayı “Azadlıq” radiosundan gələn Mirzə Xəzər, həmin radiodan dünya xalqlarına müraciət edən Yusif Səmədoğlu, bundan sonrakı günlərdə Moskvada yerləşən daimi nümayəndəliyimizdə kəskin çıxış edən Heydər Əliyev, Respublika Ali sovetin təcili iclasını çağırtdırıb işğalçı ordunu ittiham edən Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, meydanda sinəsini irəli verib haray qoparan Xəlil Rza, Mikayıl Mirzə, xəstə olsa da özünü Bakıya çatdıran Oljas Süleymenov və… daha kimlər, kimlər… Mən təkcə bəzi adları yada salıram. Həmin dövrdə küçə və meydanlara axışan qəhrəman xalqımızı, şəhidləri- mizi top-tüfəng altında dəfn edən igidlərimizi bu gün ehtiramla xatırlayırıq.
Bu sırada “Səhər” qəzetini və onun yaradıcısı, publisist Məzahir Süleymanzadə (Səhər) də məhz ilk yada düşənlərdən biridir. “Səhər”i Məzahir bəy məhz güllələr altında, od-alov içində dərc etdirib üzə çıxara bilmişdi. Bu qəzet o günlərdə üzləşdiyimiz qanlı fəlakət barədə xalqımıza ilk informasiya və ilk təsəlli verən bir ümid çırağına çevrildi.
Məzahir Süleymanzadə dünyasını dəyişib. Onun adı mətbuat tarixində bir ümid və igidlik simvolu kimi daim qalacaq.
Ruhu şad olsun.
11.05.2022
F.M.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]