Xatırlanırsansa, demək yaşayırsan... (AZpress.AZ, Akif Ağayev, MASALLI +FOTO=11)

Xatırlanırsansa, demək yaşayırsan... (AZpress.AZ, Akif Ağayev, MASALLI +FOTO=11)

Xatırlanırsansa, demək yaşayırsan... (AZpress.AZ, Akif Ağayev, MASALLI +FOTO=11)

 

MASALLININ İLK TİBB ELMLƏRİ DOKTORU ƏVƏZ CƏBİYEVİN XATİRƏ YUBİLEYİ KEÇİRİLİB

 

Masallının ilk tibb elmləri doktoru, professor Əvəz Cəbiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

 

Mayın 14-də Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan yubiley tədbirində rayon rəsmilərilə yanaşı elm adamları, ziyalılar, tibb işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə mərhum professorun və şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

 

Sonra görkəmli alimin həyat yolu, elmi və həkimlik fəaliyyətini əks etdirən videoçarx izlənilib.

 

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, millət vəkili Anar İsgəndərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Çingiz Axundov, Azərbaycan Tibb Universitetinin professoru Məhərrəm Niftullayev, Masallı RMX-nın terapiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Vaqif Qurbanov, tələbələri, veteran həkimlər Vaqif Əhmədov, Məhəmməd İbayev mərhum professor Əvəz Abdulhüseyn oğlu Cəbiyevin (1922-1977) bir alim, ziyalı kimi Azərbaycanda çoxsaylı gənc alimlərin, tibbi kadrların yetişməsində müstəsna rolundan danışıb, onunla bağlı xoş təəssüratlarını, xatirələrini bölüşüb, alimin keçdiyi həyat yolunun hər zamankı kimi bugünkü gənclərə də örnək olduğunu vurğulayıblar.

 

Natiqlər əsl vətəndaş, dəyərli alim kimi xoş duyğularla anılan Əvəz Cəbiyevin yüksək ziyalılq keyfiyyətlərini dilə gətirərək, onu qayğıkeş müəllim, yüksək dəyərlərə malik humanist qəlbli insan kimi xarakterizə ediblər.

 

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsi Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan və Ruslan Zahidovların və Şamo İbayevin ifasında lirik mahnılar səslənib.

 

Qohumları Rəna Cəbiyeva, Fidan Hacızadə tədbirin təşkili üçün rayon rəhbərliyinə, zəhməti keçən hər kəsə, o cümlədən iştirakçılara minnətdarlıq bildiriblər.

 

***

 

Məlumat üçün bildirək ki, Əvəz Cəbiyev 1922-ci ildə Ərkivan kəndinin (indi qəsəbədir) Cəbili məhəlləsində dünyaya göz açıb. 1940-cı ildə Ərkivan kənd orta məktəbini əla qiymətlərlə, 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Təhsilini institutun aspiranturasında davam etdirib.

 

1952-ci ildə Leninqradda, 1968-ci ildə isə İ.M.Seçenov adına Moskva Tibb İnstitutundan ixtisasartırma kursları keçib.

 

Ə.Cəbiyev Masallı rayon Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında böyük mühasib (1943-1944), Bakı şəhər 3 saylı tibb məktəbində müəllim (1951-1952), sonra N.A. Semaşko adına xəstəxananın 1-ci şöbəsinin klinikasında terapevt-ordinator (1952-yanvar,1954), 1956-cı ilin yanvarınadək 2-ci şöbənin müdiri işləyib.

 

Müsabiqə yolu ilə 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada işləyib. Eyni zamanda institutun müalicə-profilaktika fakültəsində Azərbaycan və rus dillərində mühazirələr oxuyub.

 

1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün tədqiqatlarının məcmusu kimi yazdığı "Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi" mövzusunda dissertasiya müdafiə edib. Bu, Azərbaycan SSR siyasi və elmi bilikləri yayan cəmiyyətin üzvü, 32 yaşlı Əvəz Cəbiyevin ilk elmi uğuru olub. 14 ildən sonra ikinci dəfə həmin tribunaya qalxıb.

 

1968-ci ilin mayında Ə.Cəbiyev “Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

 

1973-cü ilədək alimin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. Respublikamızda, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib.

 

Ə.Cəbiyev 1977-ci ildə, 55 yaşında dünyasını dəyişib. Bakı şəhərində vəfat etsə də Ərkivanda, Cəbili qəbiristanlığında torpağa tapşırılıb.

 

 

Akif AĞAYEV,

jurnalist-publisist,

Masallı.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]