Rafael Hüseynov: PİLLƏKƏNLƏR ARASINDA

Rafael Hüseynov: PİLLƏKƏNLƏR ARASINDA

Rafael Hüseynov: PİLLƏKƏNLƏR ARASINDA

 

Bu fotolar bu gün - mayın 16-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində çəkilib.
Bunlar Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil alan tələbələrimizdir.
Təcrübədədirlər. Artıq bakalavr pilləsində təhsillərini başa vururlar. Qarşıda onları diplom müdafiəsi, dövlət imtahanı gözləyir. Bu fotolar 2 pilləkən arasında çəkilib.
Aşağıdan ikinci qata qalxan pillələr. Və 2-ci qatdan 3-cü mərtəbəyə dikələn pillələr.
Elə bu uşaqlar da ömrün və təhsilin bir pilləsini başa vuraraq növbəti pillələr qarşısında dayanan kimidirlər.

 

Arzu edirəm ki, həyat boyu qalxacaqları pillələr həmişə onları təzə uğurlara doğru aparsın!
Və dayandıqları məkanın nə qədər qürurverici bir nöqtə olduğunu tələbələrimizə xatırladım ki, bu fotolarının qədrini bir az da çox bilsinlər.

 

Başlanğıcda Gəncədə yerləşmiş Milli Hökumətimiz 1918-ci ilin sentyabrında Bakı azad edildikdən sonra paytaxta köçdü. O vaxt "Metropol" mehmanxanası olan indiki Nizami muzeyi binası verildi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ixtiyarına. Onlar burada həm yaşayır, həm işləyirdilər. Hər gün bu pillələrlə Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xudadat bəy Rəfibəyov, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov-Ömərbəyov, Xudadat bəy Məlikaslanov, Məmmədhəsən Hacınski, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, İsmayıl xan Ziyadxanov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Camo bəy Hacınski, Aslan bəy Səfikürdski, Həmid bəy Şaxtaxtinski, Musa bəy Rəfiyev, Rüstəm xan Xoyski... qalxırdılar, enirdilər, kərpic-kərpic müstəqil Azərbaycan dövlətinin imarətini qururdular.

 

Onların dayandığı yerdə dayanmaq da şərəfdir, ancaq ikiqat artıq şərəf onların böyük amallarını gerçəkləşdirmək, Azərbaycanı daha qüdrətli etmək yolunda hər an çalışmaqdır.
Gənclərimizin ən ali vəzifəsi elə budur ki var!
Babaların nurlu ruhları balalara daim dayaq dursun!
Balalar babaların yandıdığı çıraqları həmişə şölələndirsin!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]