Ceyhun Məmmədov: Televiziyalarımız nəyə xidmət edir?

Ceyhun Məmmədov: Televiziyalarımız nəyə xidmət edir?

Bu gün Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına deyil, həmin dəyərlərin məhvinə xidmət edir.


Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz onu mütləq ictimailəşdirib müzakirə obyektinə çevirməliyik?


Yeri gəlmişkən başqa bir sualı da ünvanlayıram. Bu gün neçə televiziya kanalında elmi verilişlərə yer verilir? Bu gün ümumiyyətlə bəzi istisnaları çıxmaqla televiziyalarımız nə dərəcədə öz proqramlarında ziyalılara yer verirlər? Bu gün Azərbaycan televiziyalarında həm də ziyalı sözünə ehtiyac var.


Televiziyalara sual verəndə cavab o olur ki, biz reklam gətirən verilişlərə yer veririk. Biz indi reklamlardan əldə edilən gəlirə görə dəyərlərimizin məhvinə göz yummalıyıq?


Hesab edirəm hər bir yaxşı məhsulun alıcısı olduğu kimi, yaxşı verilişlərin də baxıcısı mütləq olacaq. Kütlə televiziyaları deyil, televiziyalar kütləni idarə etməlidir. Dünyanın hər yerində belədir. Biz tamaşaçıya nə versək onu da alacağıq. Hesab edirəm bu barədə ciddi düşünməliyik.


Həm Ulu Öndər Heydər Əliyev həm də Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini vurğulayıblar. Təkcə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə tədbirdə Prezident İlham Əliyevin konseptual çıxışı milli-mənəvi dəyərlərimizlə bağlı  bir çox vacib məqamları özündə tam əks etdirir. Həmin çıxış həm də konsepsiya xarakteri daşıyır.


Birinci vitse-prezident Mehriban Əliyeva da rəhbərlik etdiyi Fondun xətti ilə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bir çox mühüm tədbirlər həyata keçirir. Ölkə rəhbərliyinin dəyərlərimizə münasibəti və dəstəyi gün işığı kimi aydındır. Bəs sizin məqsədiniz nədir? Siz nəyə nail olmaq istəyirsiniz?
 

Ceyhun MƏMMƏDOV,

Millət vəkili

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]