Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xan qızı” ədəbi-bədii kompozisiyası göstərildi +FOTO=11
Bu xəbəri paylaş
Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xan qızı” ədəbi-bədii kompozisiyası göstərildi
Hər il 18 may tarixində dünya muzeyləri Beynəlxalq Muzeylər Şurasının (ICOM) eyni bir devizi altında birləşərək öz peşə bayramını qeyd edir. Bu il üçün elan olunmuş “Muzeylərin gücü” şüarı özlüyündə muzeylərin ətraf dünyada gedən istər siyasi, istər mədəni proseslərlə təmasını və təsir gücünü ehtiva edir.
Bununla əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə 18 may 2022 - ci il tarixində saat 18:00 – da Bakı Bələdiyyə Teatrının təqdimatında Şuşa ilinə və Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xan qızı” ədəbi-bədii kompozisiyası göstərildi.
Kompozisiya Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin uzun illər Azərbaycan teatrının səhnəsində uğurla oynanılmış “Xurşidbanu Natəvan” pyesinin motivləri əsasında qurulmuşdu.
Tədbir çərçivəsində qonaqlar muzeyimizin eksponatları əsasında Qarabağ mövzusuna toxunan əsərlərə çəkilmiş geyim və dekorasiya eskizlərindən ibarət sərgi ilə tanış oldular. Həmçinin onlara muzey əməkdaşları tərəfindən bu məzmunda hazırlanmış video-çarx da təqdim edildi.
Tədbirdə muzeysevərlər, teatrsevərlər və media nümayəndələri iştirak etdilər.
Sonda xatirə şəkilləri çəkildi.
“Muzeylərin gücü” devizi altında keçirilən tədbirimiz Şuşa ili çərçivəsində Qarabağın zəngin mədəni irsinin təbliğinə yönəlmiş əhəmiyyətli bir addımdır. Muzeyimiz il ərzində bu istiqamətdə yeni işlərlə görüşünüzə gələcək.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)










