Akademik Vaqif Abbasov: Teknofest Azərbaycan elmimizin geniş şəkildə təbliğinə böyük imkanlar açır

Akademik Vaqif Abbasov: “Teknofest Azərbaycan elmimizin geniş şəkildə təbliğinə böyük imkanlar açır”

 Akademik Vaqif Abbasov:
“Teknofest Azərbaycan elmimizin geniş şəkildə təbliğinə böyük imkanlar açır”

 

Neft-Kimya Prosesləri İnstitutu və “İNKOR” MMC “Teknofest Azərbaycan” sərgisində Azərbaycan elmini yüksək səviyyədə təmsil edəcək

AMEA Neft-Kimya Prosesləri İnstitutu və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan elmini yüksək səviyyədə təmsil etməyi planlaşdırır.

Bu barədə məlumat verən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) baş direktoru akademik Vaqif Abbasov “Teknofest Azərbaycan” festivalının ölkəmizdə keçirilməsinin önəmindən bəhs edib.

Azərbaycan və Türkiyə arasında qardaşlıq səviyyəsində olan dostluq münasibətlərinin hazırda yüksələn xətlə inkişaf etdiyini deyən akademik Vaqif Abbasov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin iki ölkə arasında olan bu münasibətlə bağlı dediyi “Bir milllət, iki dövlət” ifadəsi bu gün özünü olduqca doğrultmuşdur.

“Teknofest Azərbaycan”da hər iki dövlətin Prezidentlərinin iştirakının nəzərdə tutulması bu tədbirin önəmini göstərən vacib göstəricilərdəndir”, - deyən alim sözügedən festivalın Azərbaycan və Türkiyənin iqtisadi, hərb və mədəniyyət sahələri ilə yanaşı, həm də elm və texnika sahəsində də birliyini nümayiş etdirdiyini diqqətə çatdırıb: “Bu qardaşlığın iki ölkə ilə yanaşı, eyni zamanda bütün dünya üçün böyük faydası var. Hesab edirəm ki, bu mötəbər tədbir vaxtında təşkil olunmuş festivaldır və burada elmimizi yüksək səviyyədə təmsil etməliyik”.

O, sərgidə AMEA üçün böyük sahəni əhatə edən xüsusi pavilyonun ayrılmasını olduqca sevindirici hadisə kimi dəyərləndirib. Əlavə edib ki, bu pavilyon AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan ən yüksək elmi nailiyyətləri nümayiş etdirməyə və elmimizin geniş şəkildə təbliğinə böyük imkanlar açır.

Akademik Vaqif Abbasov NKPİ-də yaradılmış və bu qurumla birgə məhsulların istehsalını həyata keçirən “İNKOR” MMC tərəfindən sərgiyə təqdim olunacaq məhsullar haqqında məlumat verib.

Alim 1993-cü ildən bugünədək çoxlu sayda reagentlərin istehsalı ilə məşğul olan NKPİ ilə birlikdə “İNKOR” MMC-nin Heydər Əliyev adına Neft Emalı Zavodu üçün 5 reagent istehsal etdiyini, bu səbəbdən Zavodun xaricdən asılılığının tamamilə aradan qaldırıldığını vurğulayıb.

O, “Teknofest Azərbaycan” festivalında “İNKOR” MMC və NKPİtərəfindən təqdim olunacaq xüsusi qatqının 2015-ci ildə əsaslı yol təmir-tikintisində istifadə üçün yaradıldığını və bugünədək əsaslı yolların çəkilməsində geniş tətbiq olunduğunu diqqətə çatdırıb.

Akademik sərgidə, həmçinin yanğınları söndürmək üçün hazırlanmış, çay, göl və dəniz sularında işləyə bilən xüsusi kimyəvi reagentin soyuq sınaqları və poliqonda aparılan sınaqları ilə bağlı videogörüntülərin nümayiş olunacağını da vurğulayıb.

Vaqif Abbasovun sözlərinə görə, NKPİ və “İNKOR” MMC-nin birgə layihəsi olan Naftalan nefti əsasında və ölkəmizin dərman bitkilərinin yağlarından istifadə etməklə bir neçə dərman preparatının istehsal texnologiyası işlənilib, texniki şərtlər təsdiq olunub və hazırda təcrübə-sənaye istehsalı üçün hazırlıq işləri görülür. O, bu məhsulların da sərgidə nümayişinin nəzərdə tutulduğunu deyib.

Bildirib ki, eyni zamanda xərçəng xəstəliyi törətmək potensiallı komponentlərə malik olmayan 11 növ təbii tərkibli dezodorantların nümunələri festival çərçivəsində təşkil olunmuş sərgidə təqdim olunacaq. Alim əlavə edib ki, NKPİ və “İNKOR” MMC birgə layihə çərçivəsində analoqlarından kəskin fərqlənən üçkomponentli gübrələrin istehsalını təşkil edib. Bu gübrə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını, otlaq sahələrində yem ehtiyatlarının artırılmasını təmin etməyə imkan verir.

Akademik Vaqif Abbasov bundan əlavə, iki qurumun birgə layihəsi olan və sərgidə nümayişi nəzərdə tutulan, şərti adı “Qarabağ - 1” “Qarabağ - 2” , “Qarabağ - 3” və “Qarabağ - 4” kimi müəyyən edilmiş digər məhsul – bitkilərin boy stimullaşdırıcıları barədə də məlumat verib. Qeyd edib ki, boy stimullaşdırıcıları dekorativ və meyvə ağaclarının tinglərinin sürətli yetişdirilməsini, məhv olmuş meşələrin sürətli bərpasını təmin edir, dənli bitkilərin, pambığın və s. Məhsuldarlığını kəskin artırır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]