Hümbət Quliyev: Pis hava haqqında

Hümbət Quliyev: Pis hava haqqında

Hümbət Quliyev: Pis hava haqqında

 

Hər dəfə hava pisləşəndə bir həkim dostumu yada salıb gülümsəyirəm, əhvalım yaxşılaşır, yaşamaq həvəsim çoxalır.
Saratov Tibb Universitetində bir ukraynalı tələbə dostum vardı. Şahmata həvəs bizi yaxınlaşdırmışdı, vaxt tapan kimi vuruşurduq.

İnstitutu qurtarandan sonra onun təyinatını verdilər lap şimala, altı ay gecə olan iqlim qurşağına.
O, təyinatı verilən yerə həvəslə getdi, çünki o yerlərin böyük imtiyazları vardı.
Üç il sonra onunla Moskvada təsadüfən görüşdük. Söhbətləşdik. Təbii ki, soruşdum, peşman deyil ki?
Dedi yox, əksinə. Soruşdum ki, çox soyuq iqlim, günəş yox, avitaminoz, nə edir?
Danışdı. Dedi ki, məzuniyyətim iki aydır. Onun bir ayını havayı putyovka ilə( Sovet dövrü idi) gedirəm Qara dəniz sahilindəki bir kurorta. İstirahətimin sonuna bir on gün qalmış öz şimaldakı ünvanıma posılka ilə hər gün limon göndərməyə başlayıram.

Hər limonu ayrıca kağıza bükürəm, belə limonlar yaxşı qalır. Təxminən 25-30 posılka limon vururam. Posılkalar təbii ki, mən olan yerə gec çatır. İstirahətimi qurtarandan sonra qayıdıram evə və mənim adıma gələn posılkaları başlayıram almağa.
Nəhəng bir qazan götürüb dibinə şəkər tozu tökürəm və onun üstünə doğranmış limon düzürəm. Beləcə lay- lay, bir cərgə limon və üstünə şəkər tozu, qazan dolana kimi.
Oralar əbədi buzlaqlar olduğundan soyuducuya ehtiyac olmur.
Hümbət, təsəvvür edirsən, soyuq qış gecələri isti çaya limon əlavə edib ləzzətlə içirəm! Siz bunları deyəndə, onun üzündəki məmnuniyyəti görə bilsəydiniz!
Onun danışdıqları mənim təfəkkürümü astarına çevirdi.
Təsəvvür edirsiniz, sabahı olmayan gecə, soyuq hava, böyük ehtimalla kürk geymiş bu insan çayındakı bir dilim limonun sevincini yaşaya bilir.
Elə o söhbətdən sonra mənim pis havaya münasibətim dəyişdi.
Gəlin düşünək, biz həyatımızı yalnız xoş havaya bağlasaq, ilin əhəmiyyətli bir hissəsini təəssüflə yaşamalı olacağıq. Belə çıxacaq ki, yağışlı, küləkli, soyuq havalı günləri biz həyatımızdan demək olar ki, ixtisara salmalıyıq. Axı o günlər də bizim həyatımızdır!
Əbədi yaşasaydıq, yəqin bunu özümüzə problem etməzdik, amma…
Çöldə külək vıyıldayır, pəncərəmi yağış döyəcləyir və mən tələbə dostuma qiyabi salam göndərib gülümsəyirəm…

Hümbət Həsənoğlu

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]