AMEA-nın gənc alimi Fransanın Monpelye Universitetində doktorantura təhsilini uğurla davam etdirir

AMEA-nın gənc alimi Fransanın Monpelye Universitetində doktorantura təhsilini uğurla davam etdirir

AMEA-nın gənc alimi Fransanın Monpelye Universitetində doktorantura təhsilini uğurla davam etdirir 

 

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Monpelye Universiteti arasında birgə tədqiqatların aparılması və doktorantura hazırlığı üzrə imzalanmış əməkdaşlıq sazişi əsasında 2018-2024-cü tədris illəri üzrə müştərək doktorantura proqramı həyata keçirilir. Doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar. 2018-ci ildən bəri müvafiq proqram üzrə 6 doktorant təhsilini Monpelye Universitetində davam etdirir.
2019-cu ildə elan edilən AMEA və Monpelye Universiteti arasında ikili diplom üzrə doktorantura müsabiqəsinin qalibi, AMEA Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlı Fransada təhsil aldığı müddətdə apardığı tədqiqatlar, Monpelye Universitetinin doktorantı olmağın təqdim etdiyi üstünlüklər və s. haqqında ətraflı məlumat verib.

 

Doktorant qeyd edib ki, Fransa Milli Tədqiqat Mərkəzi tərkibindəki Monpelye Hüceyrə Biologiyası Mərkəzində Struktur bioinformatikası və molekulyar modelləşdirmə laboratoriyasında aparılan tədqiqat işinin əsas mahiyyəti zülalların quruluşunun təyin olunmayan hissələrinin bioinformatik üsullarla analiz edilməsindən ibarətdir. Bundan da yaşlanma ilə əlaqəli xəstəliklərin (məsələn, parkinson, alzheymer) erkən diaqnostikasında istifadə etmək mümkündür. Bundan başqa, molekulyar modelləşdirmə yeni dərman preparatlarının hazırlanmasına töhfə verəcək.

 

O, yaxın zamanda tədqiqat işinə dair təyin olunmuş elmi rəhbər, biologiya elmləri doktoru, professor Andrey Kajava ilə birlikdə Bakıya səfər etdiklərini və təşkil olunmuş toplantıda iştirak etdiklərini bildirib. Toplantı zamanı tədqiqat işi çərçivəsində aparılan işlər və əldə edilən nəticələrin, həmçinin AMEA Biofizika İnstitutu ilə əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb.

 

Monpelye Universitetində əldə etdiyi bilik və təcrübənin önəmini qeyd edən tədqiqatçı doktorantura təhsilini bitirdikdən sonra AMEA Biofizika İnstitutunda müvafiq istiqamətdə elmi tədqiqatları davam etdirməyi planlaşdırdığını bildirib: “AMEA və Monpelye Universitetinin ikili diplom proqramının iştirakçısı olmaq dünya elminə inteqrasiya baxımından da böyük üstünlüklər təqdim edir. Çoxillik təcrübəyə malik, dünyanın ən yaxşı 500 universiteti sırasında yer almış Monpelye Universitetində təhsil almaq imkanı mənim peşəkar tədqiqatçı kimi formalaşmağımda mühüm rol oynayacaq”.

 

Z.Osmanlı gənclərin inkişafı, onların elmdə irəliləməsi və xarici ölkələrin nüfuzlu elm və təhsil qurumlarında təhsil almaları üçün geniş imkanlar yaratdığına görə AMEA rəhbərliyinə dərin minnətdarlığını bildirib. Xarici universitetlərdə təhsil alan və çalışan gənclərimizin apardığı tədqiqatların gələcəkdə Azərbaycanda müvafiq sahədə ciddi elmi nailiyyətlərin əldə olunmasına təkan verəcəyinə əminliyini ifadə edib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]