BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş Respublika konfransı +FOTO=6

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş Respublika konfransı +FOTO=6

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş Respublika konfransı 

 

Bakı Dövlət Universitetində (BDU) 28 May- Müstəqillik Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk Cümhuriyyəti: Milli dövlət quruculuğunun elmi-nəzəri əsasları və əsas istiqamətləri” mövzusunda Respublika konfransı keçirilib.

 

Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 104 il bundan əvvəl, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 May tarixi 1990-cı ildən ötən ilə kimi ölkəmizdə Respublika Günü kimi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu gün Müstəqillik Günü kimi qəbul edilib. Bu il Azərbaycan xalqı ilk dəfə 28 Mayı Müstəqillik Günü kimi qeyd edir.

 

Rektor vurğulayıb ki, Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq oldu. Qısa vaxt ərzində milli hökumət cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar qəbul etdi. Bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik yaratdı. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.

 

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında", avqustun 11-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərmanlar imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində çox mühüm tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi. Milli Universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək deyib ki, “Əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir”.

 

Xalq Cümhuriyyəti qısa zaman ərzində ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, Azərbaycanın ilk universitetinin təsis olunması, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlər həyata keçirib. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

 

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilib. 2018-ci ildə Prezidentimiz İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanıb və bu tarixi hadisə münasibətilə 2019-cu il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib.

 

Elçin Babayev qeyd edib ki, hazırda ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir: “2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. 44 günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu. Bu gün hər birimiz bu sevinci, qüruru, tarixi qələbəni bizlərə yaşadan Ali Baş Komandanımıza sonsuz təşəkkür edir, şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə, hərbçilərimizə, Vətənin keşiyində duran igid oğullarımıza sağlamlıq, güc-qüvvət arzulayırıq. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci ilə yaşayır və qeyd edir”.

 

Konfransda çıxış edən Milli Məclisin üzvü, BDU-nun professoru Jalə Əliyeva bildirib ki, müstəqillik hər bir millət üçün çox mühüm amildir. Cəmi 23 ay ömrü olan Xalq Cümhuriyyəti süquta uğrasa da, 70 illik sovet rejimi xalqın azadlıq istəyini qıra bilməyib. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

 

BDU-nun professoru İzzət Rüstəmov isə çıxışında müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu vurğulayıb. O qeyd edib ki, Bakı Dövlət Universiteti Xalq Cümhuriyyətinin ən gözəl əsəri, övladıdır.

 

Daha sonra Tarix fakültəsinin dekan müavini Elşən Aslanov “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması uğrunda mübarizə”, Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov “Müstəqilliyimiz dövlətçiliyimizin əsasıdır”, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan “Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil islahatları” mövzularında məruzələr ediblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]