Ceyhun Məmmədov: Müstəqillik günümüz artıq işğaldan azad edilmiş ərazilərimizdə də qeyd olunur

Ceyhun Məmmədov: Müstəqillik günümüz artıq işğaldan azad edilmiş ərazilərimizdə də qeyd olunur

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti hər zaman müstəqil Azərbaycan Respublikası tərəfindən yüksək qiymətləndirilib, ölkəmizdə bu əhəmiyyətli hadisənin unudulmaması, təbliğatı üçün bir çox işlər görülüb. Ölkə rəhbərliyi AXC qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşıb, onun dəyərlərinə və ənənələrinə sadiq qalıb.


Hələ Azərbaycan müstəqil dövlət olmazdan öncə, 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti bayrağının qaldırılması, bu bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı və dövlət rəmzi kimi təsdiq edilməsi ümummilli liderin ölkəmizin tarixi irs və ənənələrinin qorunması üçün necə çalışdığını bir daha sübut edir.


Heydər Əliyevin AXC irsinin qorunub saxlanılması üçün gördüyü ən vacib xidmətlərdən biri isə 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” imzaladığı Sərəncamla bağlıdır. Bu tarixi Sərəncamla Cümhuriyyətə abidə ucaldılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir. Ulu Öndərin təşəbbüsü ilə həmçinin Cümhuriyyətin 80 illiyi münasibətilə Milli Məclis tərəfindən amnistiya elan edilmişdir.


Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev də dahi liderin bu siyasətini davam etdirmiş, hər zaman AXC dəyərlərinin qorunması üçün böyük səylə çalışmışdır. 2007-ci ildə şəhərin ən gözəl yerlərindən birində İstiqlaliyyət bəyannaməsi abidəsinin ucaldılması, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cənab Prezidentin tariximizin demokratik ənənələrinə sadiqlik göstərdiyinin bariz nümunəsidir. Bu əhəmiyyətli hadisə AXC-yə yüksək ehtiramın göstəricisi və tarixi keçmişimizə verilən dəyərin sübutudur.


Müstəqillik günümüz artıq işğaldan azad edilmiş ərazilərimizdə də qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Azərbaycan bayrağının ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində dalğalanması çox qürurverici hadisədir. Biz çox xoşbəxt dövlətik ki bu gün bu tarixi əhəmiyyətli bayramımızı qardaş ölkə Türkiyə ilə birlikdə qeyd edirik. Cənab Prezident Müstəqillik Günü ilə bağlı çıxışında bütün dünyaya mesaj verərək Azərbaycan və Türkiyənin bir yerdə olduğunu, bir yerdə olacağını və bununla gücümüzün daha da artacağını xüsusilə qeyd etməsi qardaşlıq bağlarımızın artması istiqamətində bizə güc və ruh verir.

Ceyhun MƏMMƏDOV,

Millət vəkili

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]