Musiqili Teatrda Xalq artisti Mobil Əhmədovun xatirəsi yad ediləcək

Musiqili Teatrda Xalq artisti Mobil Əhmədovun xatirəsi yad ediləcək

 Musiqili Teatrda Xalq artisti Mobil Əhmədovun xatirəsi yad ediləcək

 

3 iyun saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan” musiqili komediyası oynanılacaq. Səhnə əsərinin budəfəki nümayişi mərhum sənətkar, Xalq artisti Mobil Əhmədovun xatirəsinə həsr olunub.
Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Respublikanın Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edəcək, mərhum sənətkarın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verəcək.
Operettanı Əməkdar artistlər Nərgiz Kərimova, Nadir Xasiyev, aktyorlar Elxan İsmayılov,  Gülcahan Salamova,  Ülviyyə Əliyeva,  İbrahim Əlizadə, Emin Zeynallı, Mehriban Zaliyeva ifa edəcəklər.
Xatırladaq ki, Mobil Əhmədov uzun illər Musiqili Teatrın səhnəsində “Arşın mal alan” tamaşasında Əsgər obrazını canlandırıb.
Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncə şəhərində dünyaya gəlib. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olur, bir il sonra Azərbaycan Dövlət Konservatoriyasında görkəmli vokal ustası Bülbülün sinfində təhsil almağa başlayır. 1961-ci ildə Konservatoriyanı bitirən M.Əhmədov Azərbaycan Dövlət Teleradio Xorunda solist kimi fəaliyyətə başlayır.
Elə həmin ilin sentyabrında Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Akademik Musiqili Teatra) dəvət edilib və burada işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada uğurla çıxış edib.
Sərvər ("O olmasın, bu olsun”), Əsgər ("Arşın mal alan”), Heydər bəy ("Xəsis”), Nadir ("Qızılaxtaranlar”), Bəxtiyar ("Ulduz”), Yetim (“Milyonçunun dilənçi oğlu”),  Ayaz ("Qayınana”), Alay ("Gözün aydın”), Sahib ("Ləpələr”), Rəşid ("Hardasan, ay subalıq?”), Qiyas ("Beş manatlıq gəlin”), Xəzər ("Məmmədəli kurorta gedir”), Nemət ("Təzə gəlin”), Çingiz ("Boşanaq, evlənərik”), Murad ("Durna”), Orxan ("Hicran”) və digər obrazları ilə teatrsevərlərin yaddaşında silinməz izlər qoyub.
          Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti”, 2000-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.
Mobil Əhmədov 2006-cı il iyun ayının 2-də Bakıda vəfat edib və doğulduğu Gəncə şəhərində dəfn olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]