Ölkəmizdə meliorasiya təsərrüfatının əsaslı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır (AZpress.AZ, Ağaddin Babayev, FOTO+2)

Ölkəmizdə meliorasiya təsərrüfatının əsaslı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır (AZpress.AZ, Ağaddin Babayev, FOTO+2)

Ölkəmizdə meliorasiya təsərrüfatının əsaslı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır (AZpress.AZ, Ağaddin Babayev, FOTO+2)

 

5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

 

Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, müvafiq qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Elə bunun nəticəsidir ki, Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə hər il iyunun 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Melioratorlar bu əlamətdar hadisəni ölkə rəhbəri tərəfindən respublikada məhsul bolluğu yaratmaq kimi müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər.

 

Peşə bayramları ərəfəsində ölkənin qabaqcıl su təsərrüfatlarından olan Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi, “Tərəqqi” medallı Allahyar Salayevlə görüşüb, kollektivin uğurları və qayğıları barədə danışmasını xahiş etdik.

 

-Öncə onu bildirim ki, Yuxarı Xanbulançay Hidroqovşağının tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi tapşırığı ilə həyata keçirilib, - deyə Allahyar müəllim sözə başladı.-1976-cı il dekabrın 28-də Xanbulançay dəryaçasının açılışında şəxsən iştirak edən ulu öndər “Mən sizə Göy-Göldən də gözəl bir göl bəxş edirəm” deməklə, bu nəhəng obyektin fəaliyyətinə öz xeyir-duasını vermişdi. Yeni dəryaçanın işə düşməsi ilə cənub zonasının imkanları xeyli artdı, təkcə Lənkəran rayonunda tərəvəz istehsalı 200 min tona, yaşıl çay tədarükü isə 15 min tona çatdırıldı.

 

Həmin dövrdə kənd təsərrüfatında yetişdirilən bol məhsul zəhmət adamlarının maddi rifah halının yaxşılaşdırılmasına imkan yaradırdı. Qəsəbə və kəndlərin sakinləri özləri üçün yaraşıqlı yaşayış evləri tikir, minik avtomobilləri alırdılar. Bir sözlə, insanların gün-güzəranı ildən-ilə yaxşılığa doğru gedirdi.


-Allahyar müəllim, xalqımızın müdrik oğlu Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün bir sıra islahatlara imza atdı.

 

- Elədir ki, var. Azərbaycanın ən ağır məqamında xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni xaosdan, rəzalətdən və səfalətdən xilas etdi. Məhz ümummilli liderin səyləri ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Aqrar sahədə vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər edən ulu öndər deyirdi: “Müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur”.

 

1994-cü il dekabrın 23-də kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş Ümumrespublika müşavirəsində Heydər Əliyev aqrar islahatların vacibliyini bir daha vurğulayaraq bildirdi:“...Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir”.

 

Həqiqətən də həyata keçirilən islahatlar çox keçmədi ki, özünün səmərəsini verdi. 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Ölkənin meliorasiya və su təsərrüfatı kompleksinin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıldı.
Bir sözlə, müdrik və uzaqgörən rəhbər, qüdrətli tarixi şəxsiyyət, dünyamiqyaslı siyasətçi, xalqımızın, bütün ölkə melioratorlarının sevimlisi, ulu öndər Heydər Əliyev Azərbaycanda su təsərrüfatı kompleksinin yaradıcısı, onun inkişaf konsepsiyasının, meliorasiya və su təsərrüfatı sahəsində görülmüş əzəmətli işlərin və əldə edilmiş inqilabi dəyişikliklərin müəllifi, həm də təşkilatçısı olub.


-Bəs bu gün meliorasiya və irriqasiya sahəsində işlər nə yerdədir? Kollektiviniz suvarma mövsümünə necə hazırlaşıb?

 

- Bu gün bütün Azərbaycan xalqı və ölkə melioratorları fəxr edə bilərlər ki, ulu öndər Heydər Əliyevin yolunu, siyasi kursunu müvəffəqiyyətlə davam etdirən, bir çox uğurlara nail olan Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Məhz dövlət başçısının bilavasitə müdrik rəhbərliyi və təşkilatçılığı ilə Milli Ordumuz tərəfindən 30 illik Qarabağ həsrətinə son qoyuldu, ata-baba torpaqlarımız öz əzəli sahiblərinə qaytarıldı. Ölkə başçısının təşəbbüsü sayəsində respublikada bütün sahələrdə olduğu kimi, meliorasiya təsərrüfatına qoyulan investisiyaların həcmi də ildən-ilə artmaqdadır. Nəticədə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sistem üzrə işçilərin əməkhaqqı dəfələrlə artıb, sahənin maddi-texniki bazası gücləndirilib.

 

Təqdirəlayiq faktdır ki, son illər rayonumuzda da investisiya və əsaslı vəsait qoyuluşu hesabına bir sıra layihələr həyata keçirilib. Buna misal olaraq Xəzər dənizində suyun səviyyəsinin qalxması ilə əlaqədar sahilbərkitmə işlərinin görülməsini, sel suların və daşqınların qarşısının alınması üçün yeni kollektorlar və onların üzərində hidrotexniki qurğuların tikintisini, çayların məcralarının genişləndirilməsini göstərmək olar. Çəltikçiliyin inkişafı ilə əlaqədar kollektivimizin səyləri ilə su şəbəkələri təmir olunaraq istismara verilib, kanal və kollektorlar lildən təmizlənib, həmçinin xeyli ərazidə torpaq hamarlama işləri aparılıb. Rayonun Ürgə kəndi ərazisində çəltik sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə yeni nasos stansiyası tikilib, hidrotexniki avadanlıqlar quraşdırılıb. Çayçılığın inkişafı ilə əlaqədar kanal və kollektorlarda lildən təmizlənmə, eləcə də torpaq hamarlama işləri aparmışıq. Çay sahələrinin suvarılması üçün təsərrüfatlara Lənkərançaydan, Xanbulan su anbarından və su tutarlardan suyun verilməsi təmin olunub.

 

Cənab Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə ölkədə pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, sitrus meyvələrinin, baramaçılığın, pambıqçılığın, taxılçılığın, tütünçülüyün, üzümçülüyün və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə bizim də vəzifələrimiz və məsuliyyətimiz xeyli artıb.

 

Hazırda Xanbulançay dəryaçasında 41,1 milyon kubmetr həcmində su yığılıb. İndi bütün səylərimiz rayonumuzun fermerlərinin uğurları üçün əlverişli şərait yaratmağa yönəlib. Həmişə olduğu kimi, cari mövsümdə də sonadək əkinçilərin yanında olacaq, işgüzar əməyimizlə ölkədə ərzaq və xammal bolluğu yaradılması işinə növbəti töhfəmizi verəcəyik.

Söhbəti apardı:
Ağaddin BABAYEV,
AZpress.AZ

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]