Akademik Rasim Əliquliyev: Azərbaycan TEKNOFEST də öz elmi və texnoloji imkanlarını layiqincə nümayiş etdirə bildi

Akademik Rasim Əliquliyev: “Azərbaycan “TEKNOFEST”də öz elmi və texnoloji imkanlarını layiqincə nümayiş etdirə bildi”

Akademik Rasim Əliquliyev: “Azərbaycan “TEKNOFEST”də öz elmi və texnoloji imkanlarını layiqincə nümayiş etdirə bildi” 


Məlum olduğu kimi, 26-29 may 2022-ci il tarixlərində Bakı şəhəri Türkiyə və Azərbaycan dostluğu və qardaşlığının parlaq təzahürü olan “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalına ev sahibliyi etdi. Müasir zamanın çağırışlarına uyğun olaraq elm, texnologiya və innovasiyaların təşviq edilməsi, ölkədə texnoloji suverenliyin təmin olunmasının vacibliyinə diqqətin yönəldilməsi məqsədi daşıyan festivalda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da xüsusi pavilyonla iştirak edirdi. AMEA-nın pavilyonunda Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının innovativ texnologiyaları, məhsul və həlləri nümayiş edildi, Azərbaycan elmi yüksək səviyyədə təmsil olundu.

 

AMEA-nın vitse-prezidenti, AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev Akademiyanın bu mötəbər festivalda yüksək səviyyədə iştirakı üçün görülmüş işlər, festivalın AMEA üçün təqdim etdiyi imkanlar, perspektivdə nəzərdə tutulan tədbirlər, qarşıda duran vəzifələr və s. ilə bağlı suallarımızı cavablandırıb.


Sual 1. Hörmətli Rasim müəllim, ölkəmizdə İKT infrastrukturunun inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlərin göstərilməsi, yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, elm və istehsalat arasında əlaqələrin artırılması üçün AMEA-da hansı işlər görülür? İstərdik əvvəlcə bu barədə məlumat verəsiniz.

 

Məlumdur ki, bu gün cəmiyyətdə texnologiyaların nüfuz etmədiyi sahəyə rast gəlmək mümkün deyil. Elm və texnologiya strategiyası inkişaf etmiş və ya etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin formalaşmasında əsas amillərdən biri hesab olunur. Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib. Hazırki dövrdə informasiya cəmiyyəti həm də texnologiyalarla vəhdət təşkil edən sosio-texnoloji cəmiyyətə çevrilməkdədir.

 

Bilirsiniz ki, bu gün texnologiyaların “ağıllanması” nəticəsində superintellektin yaranması, onun gələcəkdə insanı üstələyə bilməsi ehtimalı da cəmiyyətdə müəyyən narahatlıqlar doğura bilən faktorlardandır. Lakin qlobal inkişaf kontekstində dövlətin texnoloji potensialının gücləndirilməsi nəticəsində texnoloji suverenlik təmin olunduqda bu kimi intellektual texnologiyalar bütün sahələrdə yalnız ölkənin inkişafına xidmət edir. Bu səbəbdən Azərbaycanda da artıq IV Sənaye İnqilabının vətəndaşları yaranmalı, cəmiyyətdə texnoloji mədəniyyət formalaşmalıdır, texnologiyaların sürətli inkişaf tempinə uyğun olaraq insanlar dayanmadan zəruri texnoloji bilikləri mənimsəməlidirlər.
İnformasiya partlayışı erasında, süni intellekt, Əşyaların İnterneti texnologiyaları əsrində müxtəlif təhlükəsizlik tədbirlərini, hüquqi, fəlsəfi və etik məsələləri təmin etmək, texnoloji mədəniyyətin təmin olunması istiqamətində müvafiq tədqiqatlar aparmaq, eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin icrasında yaxından iştirak etmək zəruri məsələlərdəndir. Bu istiqamətdə görülən işlərin sürətləndirilməsinə ehtiyac var.

 

Azərbaycanda milli texnoloji potensialın inkişaf etdirilməsi üçün ölkənin prioritetlərinin müasir dünyanın çağırışlarına uyğunlaşdırılması, elm və təhsilin qarşısında dayanan vəzifələrin icrası istiqamətində məqsədyönlü işlərin yerinə yetirilməsi, elmimizin dünyada baş verən elmi-texnoloji proseslərdə fəal mövqe tutması üçün yüksək texnologiya və innovasiya siyasətinə diqqət yetirilməsi vacib məsələlərdir. Dövlət başçısının bu sahədə apardığı siyasət, qəbul etdiyi qərar və sərəncamlardan irəli gələrək İKT infrastrukturunun inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlərin göstərilməsi, yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, elmi tədqiqatların genişləndirilməsi, eləcə də qeyri-neft sektorunun inkişafı və biliklər iqtisadiyyatının formalaşdırılması bu gün müasir Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir.

 

Əlbəttə, AMEA bu istiqamətdə öz məhsuldar fəaliyyəti ilə seçilən qurumlardandır. Azərbaycan dövlət siyasətinə hər zaman dəstək verən Milli Elmlər Akademiyası yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, elm və istehsalat arasında əlaqələrin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

 

Bu istiqamətdə görülən işlərə hər zaman böyük töhfələr vermiş AMEA-nın nəzdində Yüksək Texnologiyalar Parkı fəaliyyət göstərir. Texnopark fəaliyyətə başladığı ilk gündən etibarən elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirməyi, elmi nəticələri kommersiyalaşdırmağı, intellektual biznesin formalaşdırılması istiqamətində özəl sektor və akademik qurumlarla əməkdaşlıq etməyi qarşısına məqsəd qoyub. Yüksək Texnologiyalar Parkı elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və sahibkarlar üçün əlverişli innovativ biznes mühitinin yaradılması yolu ilə strateji hədəflərə doğru irəliləyir, həmçinin AMEA-nın elmi-texnoloji əlaqələrinin genişləndirilməsində də mühüm rol oynayır.

 

Sual 2. Rasim müəllim, “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalının ölkəmizdə keçirilməsinin önəmi və Azərbaycan üçün təqdim etdiyi imkanlardan bəhs edərdiniz.

 

Bilirsiniz ki, müasir dünyada texnologiyaların imperializmi formalaşmaqdadır. Başqa sözlə, texnologiyalar müxtəlif mərkəzlərin əlində ölkələr üzərində hakim mövqeyə malik olmaq vasitəsinə çevrilir. Bu səbəbdən hər bir müstəqil dövlətin texnologiyalar ekspansiyasının qarşısında öz “immuniteti”ni yaratması, texnoloji suverenliyini təmin etməsi müasir dövrün tələbidir. “TEKNOFEST Azərbaycan” da məhz bu kimi məsələlərə diqqəti yönəltmək məqsədi daşıyırdı.
Azərbaycanın aviasiya, kosmos və texnologiya sahələrində ən son yeniliklərin nümayiş olunduğu bu festivala ev sahibliyi etməsi ölkəmizin kosmik sənaye, innovasiyalar, İKT sahələrində Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasətinə söykənən uğurlarına, onun beynəlxalq nüfuzuna verilən mühüm qiymətdir.

 

Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı, professor Əziz Səncər, eləcə də “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktarın elm, innovasiya və yüksək texnologiyaların inkişafı ilə əlaqədar dərin məzmunlu çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Hesab edirəm ki, Azərbaycan bu festivalda öz elmi və texnoloji imkanlarını layiqincə nümayiş etdirə bildi. “TEKNOFEST Azərbaycan”, həmçinin ölkəmizdə elmi-innovativ fəaliyyətin təşkili, Türkiyə ilə əməkdaşlıq əlaqələrinin inkişafı, elmin populyarlaşdırılması və s. istiqamətlərdə Azərbaycan elmi qarşısında bir sıra yeni vəzifələr müəyyənləşdirdi. Cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz etmiş texnologiyaların tətbiqinə dair yeni qanunların qəbul edilməsi ilə bağlı zəruri addımların atılmasına, müvafiq sahədə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərdi.

 

Sual 3. Rasim müəllim, məlum olduğu kimi, sərgidə AMEA üçün ayrılmış xüsusi pavilyonda akademiyanın elmi müəssisə və təşkilatlarının innovativ nailiyyətləri nümayiş olundu. Pavilyonda yer alan məhsullarla bağlı fikirlərinizi bölüşməyinizi istərdik.

 

Azərbaycan elminin dünya elminə inteqrasiyası üçün böyük imkanlar açan və IV Sənaye İnqilabı, o cümlədən qlobal texnoloji çağırışlara cavab verən “TEKNOFEST Azərbaycan” festivalı elm, texnologiya, iqtisadiyyat, siyasət, ideologiya, mədəniyyət və s. sahələri birləşdirən unikal bir platformadır.
Festival çərçivəsində təşkil olunmuş sərgidə respublikada fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı üçün AMEA prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimovun dəstəyi, AMEA Rəyasət Heyətinin qərarı ilə İşçi Qrupu təşkil olunmuş, qısa zaman ərzində Akademiya institutlarının festivalda iştirakı təmin olunmuş, bu prosesə inzibati, maliyyə və digər resurslar cəlb olunmuş, eləcə də iştirakla bağlı bütün təşkilati məsələlər həll edilmişdir.
AMEA üçün ayrılmış xüsusi pavilyonda bu elm məbədinin müəssisə və təşkilatlarında uzun illər ərzində aparılan tədqiqatların nəticəsi olan innovativ məhsullar təqdim edilmişdir. Belə ki, sərgidə Akademiya 6 institutu və AMEA-nın Yüksək Texnologiyalar Parkının 5 rezidenti tərəfindən təqdim olunan innovativ layihələrlə təmsil olunmuşdur. Akademiyanın yüksək səviyyədə təmsil olunması üçün qurumun bütün intellektual potensialı cəlb edilmişdir.

 

AMEA pavilyonunda Akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun süni intellekt texnologiyalarının köməyi ilə cəmiyyətdə toplanan informasiya selinin analiz olunması, təsnifi və proqnozlaşdırılması üçün praktiki olaraq tətbiq edilməyə hazır proqram təminatı məhsulu və Əşyaların İnterneti platformasında kritik infrastrukturlara olan təhdidlərin aşkarlanması və ona qarşı tədbirlərin görülməsi ilə bağlı neyron şəbəkələrə əsaslanan dərin təlim texnologiyaları üzrə intellektual proqram məhsulları, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarına adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib hazırlanmış mikrokompüter layihəsi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” layihəsi, AMEA Radiasiya Problemləri İnstitutunun “Pilotsuz uçuş aparatları vasitəsilə işğaldan azad olunmuş ərazilərdə radiasiya monitorinqi sisteminin maketi”, “Analoqlarından texniki parametrlərinə görə fərqlənən ultrahəssas innovativ detektorlar”, AMEA-nın Biofizika İnstitutunun “Ağciyər karsinomasını klassifikasiya edən süni intellektin iş prinsipi” layihəsi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu və “İnkor” MMC-nin kənd təsərrüfatı, neft-qaz sənayesi, tibb və digər sahələrdə tətbiq edilən müxtəlif tipli innovativ məhsulları nümayiş etdirilmişdir.
Sərgidə təqdim olunan innovativ və intellektual məhsulları Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələri, hər iki ölkənin elm və təhsil ictimaiyyətini təmsil edən şəxslər, çoxsaylı şagird və tələbələr, sadə vətəndaşlar olduqca böyük maraqla qarşılamışdır. Qeyd edim ki, “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar da AMEA-nın pavilyonu ilə yaxından tanış olmuş, Akademiyanın Yüksək Texnologiyalar Parkının təqdim etdiyi innovativ məhsullara baxış keçirmişdir. Haluk Bayraktar AMEA pavilyonunda təqdim olunan məhsullar arasında xüsusən pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlədən mühərrik və sürtkü yağlarına böyük diqqət göstərmiş, Akademiyada əldə olunan nailiyyətləri yüksək qiymətləndirmişdir.

 

Qeyd edim ki, bu festival AMEA-nın Türkiyənin müvafiq elm və təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması üçün də yeni imkanlar açmış, qardaş ölkənin müvafiq qurumları ilə birgə layihələrin icra edilməsi məsələləri müzakirə olunmuşdur. Bu məqsədlə “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, professor Hasan Mandalla Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün 4-cü qrant layihəsinin təşkilini, Türkiyə Elmlər Akademiyasının (TEA) prezidenti, professor Müzəffər Şəkərlə isə AMEA və TEA arasında texnologiya sahəsində əməkdaşlığının perspektivlərinin müzakirəsini nəzərdə tutan görüşlər keçirilmişdir.

 

Xüsusi olaraq qeyd etmək istərdim ki, TEA “TEKNOFEST Azərbaycan”da sərgilənmiş 100-ə yaxın elmi əsərini AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlamışdır.
Onu da bildirim ki, “TEKNOFEST Azərbaycan” festivalı ilə əlaqədar işlər festivaldan sonra da davam etdirilmişdir. Belə ki, iyun ayının 3-də AMEA Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş xüsusi iclası keçirilmişdir.
Bundan əlavə, AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalındakı iştirakı Azərbaycan və dünya mediasında geniş işıqlandırılmışdır. Akademiyanın festivalda iştirakı ilə bağlı çoxlu sayda informativ materiallar, fotoxronika və AMEA-nın “Elm TV” internet televiziyası tərəfindən videoçarxlar hazırlanmışdır. Həmçinin bu günlərdə AMEA-nın rəsmi mətbu orqanı olan “Elm” qəzetinin “TEKNOFEST Azərbaycan” festivalına həsr olunmuş xüsusi buraxılışı dərc olunmuşdur. Yaxın günlərdə isə “Elm və Həyat” jurnalının festivala həsr olunmuş xüsusi buraxılışının işıq üzü görməsi nəzərdə tutulub.

 

Əminəm ki, bu mötəbər festival həm Türkiyə, həm də Azərbaycan tərəfindən çoxsaylı gənc nəslin nümayəndələri, şagirdlər və tələbələrin ixtisas və peşə seçiminə həlledici təsir göstərəcək, çoxsaylı alimlərin, mühəndislərin yetişməsinə səbəb olacaq.


Sual 4. Məlumdur ki, Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə fəal mövqe tutması istiqamətində fəaliyyətini uğurla davam etdirən AMEA-nın Yüksək Texnologiyalar Parkı da istehsal etdiyi texnoloji yenilikləri festival çərçivəsində keçirilmiş sərgidə yer alan AMEA pavilyonunda təqdim etdi. Texnoparkın Ekspertlər şurasının sədri kimi bu barədə də məlumat verməyinizi xahiş edirik.

 

Əvvəlcə onu qeyd edim ki, son zamanlar Yüksək Texnologiyalar Parkında AMEA rəhbərliyinin birbaşa dəstəyi ilə geniş islahatlar həyata keçirilir, innovativ layihələr icra olunur, şəffaf mühit formalaşır. Texnoparka yeni rezidentlərin qəbul olunması, erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi və ümidverici layihələrin həyata keçirilməsi bu qurumun fəaliyyətinin daha səmərəli təşklinə imkan verir. Bu müəssisə qarşısına qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində inamla çalışır.

 

Bilirsiniz ki, AMEA Yüksək Texnologiyalar Parkının Ekspertlər şurası Parka yeni rezidentlərin seçilməsində yaxından iştirak edir, əldə olunmuş elmi nailiyyətlərin tətbiqi, innovativ təklif və elmi ideyaların texnoparkın platforması əsasında reallaşdırılması və kommersiyalaşdırılmasına intellektual dəstək verir. Ekspertlər şurası elm, təhsil və istehsalat arasında intellektual qovşaq, körpü yaratmaq vəzifəsini yerinə yetirir.

 

Heç şübhəsiz ki, texnoparkda rəqabətədözümlü texnoloji məhsulların hazırlanması, ölkənin intellektual potensialının cəlb olunması, xarici ölkələrdən investisiya axının həyata keçirilməsi, o cümlədən startaplara dəstək verilməsi üçün geniş imkanlar yaradılmış və bu sahədə bir sıra mühüm işlər icra olunmaqdadır. Texnoparka rezident kimi seçilmiş müəssisələr elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılmasında mühüm rol oynayırlar.

 

Qeyd etdiyiniz kimi, texnoparkın rezidentləri də AMEA pavilyonunda innovativ həllərini təqdim ediblər. Sərgidə Yüksək Texnologiyalar Parkının rezidenti “Elm və Texnologiya Parkı”nın kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş multi-spektral kameralar vasitəsilə bitki örtüyünün və torpağın öyrənilməsini həyata keçirən pilotsuz uçuş aparatı, AMEA-nın Təcrübə-Sənaye Zavodunun bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “BEYT” MMC-nin “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemləri, “Proline Chemicals” MMC-nin nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələri, eləcə də Parkın inkubator-rezidenti “Troniq” MMC-nin yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış süni intellekt əsaslı robotu və digər mühüm innovativ həllərə ziyarətçilər tərəfindən böyük diqqət göstərilib.

 

Hesab edirəm ki, texnoparkın rezidentləri tərəfindən sərgidə təqdim olunan məhsulların hər biri geniş innovativ potensiala malikdir və gələcəkdə bu istiqamətdə işlərin daha da dərinləşdirilməsi ilə sözügedən həllərin dünya bazarına çıxarılması və qısa zamanda böyük nüfuz sahibi olması gözləniləndir.

 

Sual 5. Rəhbərlik etdiyiniz AMEA İnformasiya Texnologiyaları İnstitutu “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə hansı texnoloji məhsullarla təmsil olundu?

 

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “TEKNOFEST Azərbaycan” festivalında təqdim olunan, “Industry 4.0” texnologiyalarına əsaslanan innovativ layihələri də sərgi ziyarətçilərinin böyük marağına səbəb olan layihələrdən oldu.

 

İnstitutun təqdim etdiyi layihələrdən biri olan “Dəniz neft və qaz platformalarında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sistemi” layihəsində insan amili səbəbindən baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün Əşyaların İnterneti və e-tibb həlləri əsasında dəniz neft platformalarında (DNP) çalışan işçilərin sağlamlıq vəziyyətinin davamlı distant monitorinqi sisteminin işlənib-hazırlanması konsepsiyası təklif edilib. Konsepsiyanın əsas ideyası neftçilərin sağlamlığının idarə edilməsinə insan-mərkəzli yanaşmanı tətbiq etməklə onların təhlükəsizliyini artırmaqdır. “Vətəndaş məmnuniyyəti əsasında göstərilən dövlət xidmətlərinin qiymətləndirilməsi” layihəsi isə keyfiyyət və əlyetərlilik meyarları nəzərə alınmaqla e-xidmətləri çoxmeyarlı qiymətləndirməyə imkan verir.

 

İnstitutun sərgidə təqdim etdiyi digər layihə – “E-dövlət platformasında e-demoqrafiya sisteminin konseptual modeli” adlanır. Bu layihə e-demoqrafiya verilənləri əsasında demoqrafik göstəricilərin analizini nəzərdə tutur. “Bulud texnologiyalarında böyük verilənlərin effektiv analizi və kiberhücumların aşkarlanması üsullarının işlənməsi” layihəsində fərdi məlumatların məxfiliyi qorumaqla analizi üçün avtoenkoderlərə əsaslanan dərin təlim metodu təklif edilib. Bundan əlavə, “Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün paralelləşdirilmiş k-means alqoritmi” layihəsi çərçivəsində təklif olunan alqoritm kompüterlərin yaddaş və hesablama resursları çərçivəsində böyük həcmli verilənləri analiz etmək imkanına malikdir.

 

Sual 6. Növbəti ildə Türkiyədə keçiriləcək “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın hansı yeniliklərlə təmsil olunması planlaşdırılır? Bir qədər də bu barədə məlumat verməyinizi istərdik.

 

Düşünürəm ki, builki festivalda iştirak AMEA üçün bir başlanğıc nöqtəsi oldu. Bilirsiniz ki, müasir dövrdə elmin və texnologiyanın populyarlaşdırılması, Azərbaycanın beynəlxalq müstəvidə mühüm nailiyyətlər əldə etməsi və bu nailiyyətlərin dünya ictimaiyyətinə yüksək səviyyədə təqdim olunması istiqamətində məqsədyönlü işlərin həyata keçirilməsi olduqca əhəmiyyətli məsələlərdən biridir. Akademiyamız da bu istiqamətdə fəaliyyətini daha yüksək səviyyədə qurmaq üçün bu kimi mötəbər tədbirlərdə fəal iştirak etməyi, elmimizi beynəlxalq aləmdə uğurla təmsil etməyi hədəfləyir.
2023-cü ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı da bu qəbildən olan tədbirlərdəndir.
Bu məqsədlə AMEA Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın iştirakının nəticələri haqqında” 3 iyun 2022-ci il tarixli qərarına əsasən, növbəti ildə Türkiyə Cümhuriyyətində keçiriləcək “TEKNOFEST” Festivalında AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi üzrə məsul şəxs təyin olunmuşam. Yaxın günlərdə AMEA-nın növbəti “TEKNOFEST” festivalında iştirakına hazırlıq işlərinə başlanılması üçün müvafiq Tədbirlər Planının hazırlanması nəzərdə tutulur. Azərbaycanın elminin gələn il keçiriləcək festivalda uğurla təmsil olunması üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq.
İnanıram ki, növbəti “TEKNOFEST” festivalı Türkiyə və Azərbaycan arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın elm və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsinə, Türkiyə Cümhuriyyətinin elm və təhsil qurumları ilə elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, birgə elmi araşdırmaların aparılmasına, qarşılıqlı kadr mübadiləsi istiqamətində uğurlu layihələrin həyata keçirilməsinə öz töhfəsini verəcək.

 

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]