BDU-da Şanlı Ordumuz qürurumuzdur adlı dəyirmi masa keçirilib +FOTO=7

BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib +FOTO=7

BDU-da “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib  

 

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib.

 

Tədbirdə çıxış edən BDU-nun Tədrisin təşkili və təlim texnologiyları üzrə prorektoru Fərda İmanov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, tarixi varislik ənənəsinə uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi təhsil sisteminin əsası qoyulub, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. Müstəqil Azərbaycanın ordu quruculuğu Ümummilli liderin adı ilə bağlıdır. Dahi şəxsiyyət 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalayıb. 20 avqust 2001-ci il tarixli fərmana əsasən isə, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. Silahlı Qüvvələrin quruculuğu, təkmilləşdirilməsi və inkişafı prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan ordusunun döyüş qabiliyyəti, maddi-texniki təchizatı gücləndirilib. Məhz bu tədbirlər nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi zəfər çalıb, işğal olunmuş ərazilərimizi düşməndən azad edib.

 

Dəyirmi masada Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev, Vətən müharibəsi qazisi, Tarix fakültəsinin məzunu İsrail Əzimov, Tarix fakültəsinin IV kurs tələbəsi Qara Kərimov çıxış edərək Azərbaycanda milli ordu quruculuğunun tarixi kökləri, mərhələləri, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin əhəmiyyəti, Qarabağın 30 illik işğaldan azad olunmasının Azərbaycan tarixində yeri və rolu ilə bağlı fikirlərini bölüşüblər.

 

Tədbirin sonunda "26 iyun – Azərbaycan Respublikasinin Silahli Qüvvələri Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub, Vətən müharibəsi qazilərinə Tarix fakültəsinin professor–müəllim heyəti tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır. Zəfər epopeyası” adlı kollektiv monoqrafiya təqdim olunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]