Bahəddin Həzi: Nitsşedəki dolambac yollar və Allahın Dünyaya qısqandıqları...

Bahəddin Həzi: Nitsşedəki “dolambac yollar” və Allahın Dünyaya qısqandıqları...

Bahəddin Həzi: Nitsşedəki “dolambac yollar” və Allahın Dünyaya qısqandıqları... 

 

(Ustadlar Ustadı Nəsir Əhmədlinin xatirəsinə esse-rekviyem)

 

Kimsə deyib: “Yaxşı insanı tanımaq çox asandır: ürəyində kədər, üzündə təbəssüm var”.
Bu gün belə bir Yaxşı İnsanın xatırladıqca üzüldük, üzüldükcə də xatırladıq...
Məzmunlu insanlar azalır, yerini, deyəsən, quru demoqrafik statistika ilə doldururuq ki, boş qalmasın. Bu da ən böyük aldanışımız: müqəddəs yer tarixin hansı dövründə boş qaldı ki?!
Məzmunlu insanların yerini heç bir statistika doldura bilməz! Hər kəsin tarixdə bir yeri varsa, ancaq və ancaq özününküdür. Ürəklərdə qurulan taxta, o taxtın əsl sahibindən başqa kimsəni “oturtmaq” mümkün deyil; nə zorla, nə “xoşla”...

 

Məşhur alman filosofu Fridrix Nitsşe: “Xalq bir neçə dahiyə doğru dolama, dolambac yoldir” deyəndə haqlıymış.

 

Doğrudan da, hər zaman millətin yükü bir neçə, ya da bir neçə on, ən yaxşı halda bir neçə yüz adamın çiynindədir. Bir qrup adam da həmişə əlində şivərək zoğal çubuğu və ya qamçı ilə,yükü çəkənlərin başının üstündə peyda olur. Deyir: “Sənin ömür karvanının sarvanıyam”. Yəni karvanbaşı... Üstəlik də kütləni könüllü itaətə sövq etmək üçün zaman-zaman özlərini az qala “ilahiləşdirməkdən” də çəkinməyiblər.

 

Yəqin razılaşarsınız: Tarixin ibdidasından üzü bəri zalım tiranlar, despotlar, hökmdarlar... arasında özlərini “Allahın yerdəki kölgəsi” sayan (və ya “saydıran”) nə qədər qafil vardı. Çox zaman kütlə heç sorğulamadı ki, Allah məsləhət bilsəydi, insanlara özünü göstərərdi də, kölgəsini niyə göndərirdi ki?!”
Çox xalqlar bunu həzm etmədi; ayağa qalxıb müstəbid şahları, qosqoca kralları, hökmünü gündoğandan günbatana qədər keçirə bilən imperatorları belə elə onların özlərinin Tarixdəki kölgəsinəcə dəfn elədi. Ancaq “kölgə”nin o qanlı-zorlu “kölgə”sinə sığınan, hiyləgər siyasi ağılların tumarından, sosial nağılların xumarından göz qapaqları ağırlaşan qövmlər də az deyildi. Biz də o sırada olmuşuq, elə deyilmi?! Ya da varıq hələ də... Yoxsa Mirzə Fətəli, ya da Sabir hansı zərurətin yetirmələri idi, Sizcə?!

 

Bizim kimi xalqların hər zaman əsas problemi, bilirsiniz, nə olub?!
"Allah bizi betərindən qorusun!" kimi minimalist dualarımızla yetindik. "Bundan daha yaxşısı olsun" deyənimiz az idi həmişə. “Bir həsir, bir Məmmədnəsir" çoxluq bütün o zamanlarda irrasional bir "şükranlıq" içində yoxsul "xoşbəxtliyini" yaşayır(dı) - bir özü, bir Allahı. Bəlkə də elə o zamandan tarixə lazım olan nəsnə, sadəcə, insanlığın mürgüləməyən ağlı imiş.
Elə olanda səhnəyə mütəfəkkirlər çıxar...

 

Bəlkə ona görə 16-cı yüzildə Avropada Reformasiyanın ideoloqlarından biri Jan Kalvin özündən iki əsr qabaqkı Marsili Paduanskinin tezislərini "çürütməyə" çalışırdı; Paduanski demişdi ki, əsl hakimiyyətin mənbəyi xalqdır: həm dünyəvi, həm dini hakimiyyətlərin. Kalvinizm isə israrla təlqin etməyə çalışırdı ki, hər şey Allahın iradsinə bağlıdır, hər şey Allahdan gəlir və sair. Bizim anladığımız kimi, "kasıbın Allahından".

 

Yəni bu, təkcə Şərq təfəkkür tərzinin və idarəçilik mədəniyyətinin olayı deyilmiş. Avropanın özündə belə Avropanın demokratiyası əsrlərlə qızğın mübahisə doğururmuş. Ancaq 20-ci əsrin tən ortasında Uniston Çörçill bu mübahisəyə bəlkə də son nöqtəni qoyan tarixi tezisini irəli sürdü: "Demokratiya kifayət qədər qüsurlu idarə üsuludur, ancaq bəşəriyyət bundan yaxşısını hələ ki icad etməyib".
Ancaq yox!

 

Çörçillin qoyduğu işarə nə nida işarəsidir", nə nöqtə. Bu, vergüldür. Bəlkə də hətta sual işarəsidir. Çünki yaşadığın dövrə, hadisələrə, proseslərə şübhə etmədiyin an demokratiya deyilən şeyə inancın da bitər. Çünki şübhələnmək - demokratiyanın əsasıdır.

 

Dünyanın bu üzündə qəribə hallar yaşanır: insanlar bir yandan nəyinsə (yaxud heç nəyin) düz getmədiyinə inanırlar, ancaq eyni zamanda özləri də o əyri xətti tutub gedirlər. Üstəlik də bunu dəyişmək gücündə olmadıqlarına inanır. İşıqlı adamların işi isə... inanmaq deyil, şübhələnməkdir. Həmişə nəyinsə doğru olmadığını, doğru getmədiyini hamıdan qabaq görə bilməkdir. Göstərə bilməkdir!
Məntiq deyir: sən hər şeyin daha pis ola biləcəyindən şübhələnə bilirsən, bəs niyə daha yaxşı ola biləcəyindən şübhələnmirsən?!

 

"Hər şey pisdir, daha da pis olacaq" deyib keçməkdən asan nə var ki?! Hər şeyin daha yaxşı olacağına və bunu sənin etməli olduğuna inanmaq... Bax, əsas olan budur!

 

Hətta Çörçill kimi nəhəng siyasi ağıl da bəşəriyyətin hətta ən yaxşı icadından belə şübhə edirsə, sən niyə öz həyatını daha yaxşıya dəyişməyin mümkünlüyünə inanmayasan ki?! Çörçillin miras qoyduğu o sual işarəsi axı elə Tanrının "kölgə"sində "kölgələnən" xalqlara da bir yol işarəsidir. Yox, sən siyasətin keçmiş zalım administratorunun "suveren demokratiya" kimi "fəlsəfi" nağıllarına tutunmusansa, o başqa!
Bax elə bu gün deputatların maaşlarının qalxdığını xalq olaraq eninə-uzununa müzakirə edirsən. Bir hissən deyir: "Deputatın maaşı onsuz da çoxdur, onsuz da qıraqda-bucaqda biznesləri, mülkiyyətləri var", filan-filan. Bir hissə deyir: "Yox, deputatın maaşı çox olmalıdır ki, qarnı tox olsun, dürüst işləsin"...
İş də ondadır ki, gözü ac olanın qarnını nə qədər doyurursan-doyur, nə xeyri var?! Üstəlik təmiz yolla mandat almayandan necə təmiz iş gözləyirsən ki?! Xalq olaraq sorğulamalı olduğun şey başqadır: sənin tanımadığın, üzünü görmədiyin xeyli adam sənin adından gedib o dövlət kürsülərində oturub və sənin verdiyin vergilər hesabına özünə böyük maaşlar yazır. Sonra da elə sənin boynuna qoyur ki, özün seçmisən. Sən bunu deyənin sözünü boynuna almısan, ya özünü – eyni şeydir...
Tutaq ki, lap kölgə umursan. O halda da aldanışdasan: kiçik adamların böyük kölgəsi olmur axı.
Bir də ki seçmək –sevgi işidir. Seçdiyini sevmək əvəzinə, sevdiyini seçəcəksən. Bu qədər!
Əks halda seçmədiyini sevmək zorunda qalarsan...

 

Bir az əvvəl Nitsşenin məşhur sözünü bir daha xatırlatmışdım. Xalqı bir neçə dahiyə gedən dolambac yol adlandırmışdı. Bəzən bu dolambaclarda elə azan özü olub.
Bu aralar bir-birinin ardınca xeyli ziyalımızı itirdik; bu sətirləri mənə yazdıran da elə bu ağrıdır. Gerçək ziyalılar... bax, o yükü hamının əvəzindən çəkən insanlar hər əsrdə öz dilinin, mədəniyyətinin məhsulu idi. İndi həyat ağacından qopub bir-bir torpağa qovuşan işıqlı adamları mən yetişib budağından düşən meyvələrə bənzədirəm; bir də baxarsan ki, toxumlarından yeni fidanlar göyərdi, qalxdı. O fidanlar da bir gün bar verməyə başlar...
Fikir vermisinizsə, kölgədə ancaq kol-kos bitər, yaşayar. Qürurlu ağaclar isə həmişə ucalığa, Günəşə doğru can atar.

 

Kütlənin qısa yaddaşında qalmaq istəyənlər qanunun və əxlaqın “qırmızı işığında” keçirlər ki, ...ibtidai, ya da orta ağlın “radarına düşsünlər”. Belələrini millətin Tarixi deyil, öz tarixçələri maraqlandırır. Onlar kölgədə “günəşlənənlərdir”; nəinki dostluğa, heç düşmənçiliyə də yaramırlar.
Günəşə can atanlar isə.. Hə! Onlar başqa! Millətə nəfəs olmaq gerçək ziyalılığın olayıdır; Allah özünə sadiq insanlarla nəfəs alır - nəfəs kimi verir, nəfəs kimi alır.
Özünə sadiq qalmaq – bu, günahlarla dolu Dünyamızda ən çətin şeydir.
Həmişə düşünürsən: bizi başqalaşmaqdan nə qoruya bilər? Oskar Uaylda görə, insanın ən ali vəzifəsi öz qarşısında olan vəzifəsidir.
Fikir vermisinizsə, ən işıqlı adamlar ən “yağlı” dövlət vəzifələrindən də yan qaçırlar. Çünki onların azadlığı - ən böyük imtiyazı, özünə sədaqəti ən xas özəlliyi, hamının doğrusunun da, yanlışının da gözləmçisi olmaq - ən böyük vəzifəsidir. Onun tək istəyi öz millətinin getdiyi (ya da aparıldığı) yola qıraqdan yox, yuxarıdan baxmaqdır.
İndi olanlara-olacaqlara çoxları qıraqdan baxa bilər, çoxları içəridən baxar. Ancaq belə baxanlar hər şeyi görə bilməz axı. Hər şeyi öz ölçüsündə, öz rəngində görmək, öz dadından bilmək ayrı bir missiya olsa gərək.

 

“Yuxarıdan baxmaq” ifadəsini təkəbbür anlamında işlətmirəm, hər şeyi görə bilmək anlamında işlədirəm; Allah da hamımıza yuxarıdan baxır. O anlamda yəni.
Millətə yuxarıdan baxmaq – bütün doğruları ilə, yanlışları ilə görə bilmək üçün millətin içindən çıxmış olmalısan. Milləti heç kimin qəlbinə, ruhuna zorla (hətta xoşluqla da) sonradan yerləşdirmək olmur. Millətin içindən çıxmış olmaq – ziyalı azadlığının, özünə məxsus İnsan profilinin, mənəvi fakturasının birinci şərtidir.

 

Həmin o Uayld: “Boğmaq istədiyimiz hər bir istəyimiz qəlbimizdə dolaşır və bizi zəhərləyir” deyəndə fikrində tutduğu şey, yəqin ki, gerçəyin belə bir modelidir: yaradıcı “Mən”in ən böyük istəyi - onun azadlığıdır. Azadlıq ən böyük sevgidir; özünə və özgələrə. Kim azadlığa qarşıdırsa, onun nə özünə sevgisi var, nə özgələrə (“özgələr” deyəndə yadları demirəm). İnsan –azadlığa canatımı ilə İnsandır! Onun mayasında, məhvərində olan isə Sevgidir.

 

Bəyənib ailə quranlarla sevib ailə quranların xoşbəxtlik statistikasına baxsanız, özünüz də əmin olarsınız. Heç vaxt demirik: “Vətəni bəyənirəm”. Deyirik: “Vətəni sevirəm”.
“Vətənə nifrət edirəm” deyənə isə, hələ heç vaxt rast gəlməmişik.
Düşünülməmiş sözü ilə, ölçüsüz-biçisiz əməli ilə zərər vuranlar başqa... Axtarsaq, onlar da Vətəni bu cür sevdiyini deyəcək...

 

Biz hətta özümüzdən kənarlaşıb, başqalaşmaq istəsək də, Kamyunun dediyi olur: “Sevgi bizi özümüzə qaytarır”. Sevgi insanın başqasına məhəbbəti deyil təkcə, ən birinci özünə sədaqətidir.
Bütün dövrlərdə özü kimi qala bilməyi bacaranlara mən elə “işıqlı adamlar” deyəcəm. Hamıdan qabaq hər yerdə hər şeydən şübhə edənlərdir onlar. Elə ona görə həmişə “yuxarılarda” da, elə “aşağılarda” da işıqlı adamlardan - ziyalıların özündən şübhələnən çox olur.

 

Daha çox şey uman, daha bərk küsən çox olur. Bu da ziyalının tale yazısıdır; qaçışı yox!
Və... işıqlı adamlar bir gün ürəyindəki kədəri götürüb, üzündəki təbəssümü bizə miras qoyub, köçüb bu Dünyadan gedirlər.
Adam var, yas süfrəsində ananas da olur, ancaq özü haqqında bir işıqlı xatirəsi yox! İnsan da var, xatırladıqca, xatırlayırsan...
Adam var, xatırlanmır və bitir. İnsan da var haqqında nə qədər yazsan, nə qədər danışsan da, xoş sözü-söhbəti bitmir.
Elə bu yazını da qısa yazacaqdım, uzandıqca uzandı.
Axır ki axırıncı cümləni yazıram: Allah, deyəsən, saf insanları bu günahkar Dünyaya qısqanır...

 

Bahəddin Həzi,
Bizimyol.info
23 iyun 2022

www.bizimyol.info/az/news/409726.html

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]