Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib +FOTO=6

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib +FOTO=6

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib 

 

AMEA Yüksək Texnologiyalar Parkı (YTP) və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Milli İnnovasiyalar Ofisi arasında “Zoom” platforması vasitəsilə onlayn görüş keçirilib. Tədbirdə hər iki qurumun məsul şəxsləri iştirak ediblər.

 

Onlayn görüşdə Milli İnnovasiyalar Ofisinin baş direktoru Dr. Olimjon Tuychiyev çıxış edərək, qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, dövlətin innovasiya siyasətini həyata keçirən qurumun əsas məqsədi ölkədə innovasiya sistemi infrastrukturunun yaradılması, insan kapitalının inkişaf etdirilməsi və gənc startapçılara öz ideyalarını həyata keçirə bilmələri üçün dəstək göstərilməsidir.

 

O, iyun ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığa dair razılığa gəlindiyini və bir sıra əhəmiyyətli sənədlərin imzalandığını xatırladıb. Baş direktor bu sənədlərdən irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq sahələrdə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin önəmini qeyd edib.

 

O.Tuychiyev qurumun beynəlxalq əməkdaşlıq əlaqələrinin uğurla davam etdirilməsindən söz açıb, yaxın zamanda Türkiyənin Yıldız Texniki Universiteti Texnoparkı ilə birlikdə “İnno” texnoparkının yaradıldığını bildirib. O, davamlı olaraq keçirilən innovasiya həftələri çərçivəsində festivalların təşkil edildiyini diqqətə çatdırıb. Baş direktor Özbəkistan və Azərbaycanda bu kimi kiçikmiqyaslı festivalların təşkilinin vacibliyini vurğulayıb.

 

Yaxın zamanda Azərbaycanın ev sahibliyi etdiyi “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya festivalının işini yüksək qiymətləndirən natiq bu kimi mötəbər tədbirlərin müvafiq sahədə əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını söyləyib. O.Tuychiyev texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdirildiyi “TEKNOFEST”in növbəti illərdə Özbəkistanda keçirilməsinin planlaşdırıldığını qeyd edib.

 

“Texnoparkların rezident şirkətlərini bir araya gətirərək onları yaradılan yeni texnologiyalar və həyata keçirilən işlərlə tanış etmək məqsədəuyğundur”, – deyə bildirən O.Tuychiyev hər iki qurumun təşkilatçılığı ilə onlayn seminarların təşkil edilməsi istiqamətində hazırlıq işlərinin aparıldığını söyləyib.

 

Sonra çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və YTP-nin kollektivi adından özbəkistanlı həmkarlarını salamlayıb.

 

V.Abbasov ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Özbəkistan Respublikasına baş tutan səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayan əhəmiyyətli hadisə olduğunu vurğulayıb.

 

O, Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi ilə AMEA YTP arasında əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə davam etdirildiyini nəzərə çatdırıb. Eyni dini və mənəvi dəyərlərə sahib olan qardaş ölkə ilə bütün sahələrdə olduğu kimi, elm, texnologiya və innovasiya sahələrində də getdikcə genişləndirilən əməkdaşlıq münasibətlərinin hər iki ölkə üçün son dərəcə əhəmiyyətli olduğunu söyləyib.

 

Baş diretorun sözlərinə görə, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun iyun ayında Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi və Özbəkistan Elmlər Akademiyasında iştirak etdiyi görüşlər və imzalanan sənədlər elmi-innovativ əməkdaşlığın dinamik inkişafının bariz nümunəsidir. Səfər zamanı imzalanan sənədlərdə iki dövlətin sosial-iqtisadi inkişafı üçün qarşılıqlı maraq doğuran və əhəmiyyət kəsb edən elmi problemlər üzrə birgə tədqiqatların aparılması və innovasiya layihələrinin həyata keçirilməsi, birgə elmi seminar, konfrans və simpoziumların təşkili, kadr, informasiya və nəşr mübadiləsi və s. kimi məsələlər nəzərdə tutulub.

 

V.Abbasov AMEA YTP-nin beynəlxalq əməkdaşlıq imkanlarını günü-gündən genişləndirdiyini də diqqətə çatdırıb: “Belə ki, hazırda YTP və Koreya Respublikasının Koreya Elm və Texnologiya Siyasəti İnstitutu tərəfindən istismar proqramı çərçivəsində birgə layihə həyata keçirilir. Koreya təcrübəsi əsasında texnologiyaların transferi və kommersiyalaşdırılması, startap və inkubasiya sahələrində bacarıqların artırılması əsas hədəflərimizdəndir. Eyni zamanda, Türkiyə Respublikasında fəaliyyət göstərən texnoparklarla təcrübə mübadiləsi aparılır. Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin koordinatorluğu ilə həyata keçirilən əməkdaşlığımızın qardaş ölkənin texnoparkları və digər aidiyyəti müəssisələri ilə faydalı əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin informasiya ekosistemlərinin inkişafına dəyərli töhfələr verəcəyini əminliklə demək mümkündür”.

 

Daha sonra YTP-nin icraçı direktoru Zaur Nəhmətov texnoparkın yaranması tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, YTP-nin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən yaradıldığını bildirib. İcraçı direktorun sözlərinə görə, texnopark yarandığı gündən ölkə iqtisadiyatının davamlı inkişafı və rəqabətqabiliyyətli iqtiadiyyatın qurulması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan elmi innovasiyalar və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, elmi təqdiqatların aparılması və müasir texnologiyaların işlənilməsi üzrə müasir istehsalat sahələrinin yaradılması məqsədlərinə xidmət edir. Z.Nəhmətov ölkəmizdə ekosistemin və innovasiya təmayüllü kiçik və orta biznesin inkişaf etdirilməsi, yükəsk texnologiyaların transferi və iqtisadiyyatda elmtutumlu məhsulların xüsusi çəkisinin artırılması, inkişafın müxtəlif mərhələlərində olan texnoloji layihələrə investisiyaların cəlb olunmasının YTP qarşısında əsas hədəflər kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.

O, hazırda texnoparkda neft-kimya sənayesi, əczaçılıq, robot texnikası, qida texnologiyası, nanotexnologiyalar, proqramlaşdırma, müdafiə sənayesi və digər sahələr üzrə 12 rezidentin fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. İcraçı direktor texnoparkın rezidentlər üçün təqdim etdiyi üstünlüklərdən də bəhs edərək YTP-yə rezident kimi qəbul edilmiş müəssisələrin 10 il ərzində əmlak, mənfəət və torpaq vergisindən azad olunduqlarını vurğulayıb. Əlavə edib ki, rezidentlərin idxal etdikləri istehsal avadanlıqları, texnika və texnologiyalar, eləcə də tikinti qurğuları da 10 il ərzində əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddır. Z.Nəhmətovun sözlərinə görə, təqdim olunan güzəştlər rezidentlərə qısa bir zamanda texnoparkda fəaliyyətə başlamaq üçün böyük imkanlar açır.

YTP-nin icraçı direktoru çıxışının sonunda iki qurum arasında qarşılıqlı əməkdaşlıq nəticəsində uğurlu nəticələrin əldə olunacağına, kadr mübadiləsinin aparılması və birgə proqramların icrasının faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasına şərait yaradacağına əminliyini ifadə edib.

Sonda müştərək inkubasiya proqramları vasitəsilə biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, vençur maliyyələşməsi üzrə kapitalın və digər investisiyaların cəlb edilməsi üçün şəraitin yaradılması, Asiya və Avropada fəaliyyət göstərən beynəlxalq donor təşkilatların layihə və qrant proqramlarından birgə faydalanma mexanizminin yaradılması, istehsal edilən məhsulların dövlət sifarişi əsasında satışının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi, biznes inkubatorun maliyyələşdirilməsində, donor təşkilatların ianələrindən, eləcə də yerli və xarici investorların vəsaitlərindən birgə istifadə edilməsi, beynəlxalq bazarlara birgə çıxış imkanları, hər iki ölkənin ekosistemlərini inkişaf etdirmək məqsədilə dünyanın müxtəlif ölkələri ilə çoxtərəfli elmi və texnoloji innovativ təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Həmçinin qeyd olunub ki, birgə kiçik və orta innovasiyalı müəssisələrin yaradılmasına və inkişafına dəstəyin göstərilməsi, innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi, yüksək elmi səviyyəsi və praktik əhəmiyyəti olan, ölkələrin iqtisadi inkişafına kömək edən, yeni texnologiyaların tətbiqi yolu ilə mühüm irəliləyişə səbəb olan birgə elmi-tədqiqat işlərinin dəstəklənməsi vacib məsələlərdəndir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]