Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək

Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək

Bakı, 5 iyul 2022 –  İyulun 15-dən etibarən Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək. Onlar BMT İnkişaf Proqramının (BMTİP) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana biləcəklər.


Ödənişsiz hüquqi xidmət BMTİP-nin “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində həyata keçirilir.  Layihənin əsas məqsədi Azərbaycan Hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək istiqamətində gördüyü işlərə dəstək olmaqdır.


Hazırda Ağcabədi, Biləsuvar, Bərdə, Sumqayıt, Neftçala, Masallı, Xaçmaz, Sabirabad, Salyan, Qusar, Zaqatala, Tərtər, Füzuli rayonlarında və Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir.


Layihə çərçivəsində, həmçinin regionlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində də fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulub. İlk təlim kursu 4-5 iyul tarixlərində Masallıda təşkil olunub. 14 rayonun hüquqşünaslarının iştirak etdiyi bu təlimçilərin təlimi kursu inzibati və mülki hüquq üzrə pulsuz xidmətlərin göstərilməsinə həsr olunub.


Təlimə cəlb edilmiş hüquqşünasların 5 ay müddətinə rayonlarda vətəndaşlara ödənişsiz hüquqi xidmətlər göstərməsi nəzərdə tutulub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]