Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcək - FOTO

Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcək - FOTO

Proqram iştirakçıları akademik təlimlərdə də iştirak edəcəklər
 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən təcrübə proqramında iştirak üçün seçim turu başa çatıb. İki mərhələli seçim əsasında imtahanlardan uğurla keçən 50 nəfər İsrailin Arava bölgəsində təcrübə keçmək imkanı əldə edib.


Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik təcrübə proqramının iştirakçıları ilə görüşüb. Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov proqram iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Nazir müavini bildirib ki, ölkəmizdə rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması, aqrar bilik və bacarıqların əmək bazarının tələblərinə uyğunlaşdırılması prioritet istiqamətlərdəndir. Qeyd olunub ki, təcrübə proqramının iştirakçılarının İsraildə qazanacağı bilik və bacarıqlar elmin və biliktutumlu istehsal və xidmət sahələrinin inkişafına, məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.


İsrailin Azərbaycandakı səfiri Corc Dik isə öz növbəsində iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb. Səfir əlavə edib ki, yeni təcrübə proqramı kənd təsərrüfatı sahəsində ən yaxşı təcrübələrini bölüşmək və mövcud tərəfdaşlığı daha da inkişaf etdirmək üçün mühüm imkanlar yaradır.


Daha sonra Azərbaycan Dövlət Aqrar Universiteti və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) arasında tələbələr və aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər də daxil olmaqla 50 azərbaycanlı gəncin kənd təsərrüfatı sahəsində İsraildə təcrübə keçməsi və təhsil alması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tələbələr bir tədris ilini İsrailin Arava bölgəsində keçirəcək, burada kənd təsərrüfatı sahəsində ən qabaqcıl bilik və bacarıqları öyrənəcək və geri qayıtdıqdan sonra Azərbaycanda tətbiq edəcəklər.


Qeyd edək ki, AİCAT tərəfindən  elan olunan təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcəklər. Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]