Hümbət Quliyev: Senarist (esse)

Hümbət Quliyev: Senarist (esse)

Hümbət Quliyev: Senarist (esse) 

 

Uçurdum. Hə, uçurdum. Bədənimi hiss etmirdim, sadəcə olaraq o yox idi. Ruhum bədəndən ayrıldığına elə bil sevinirdi. O uzun illər məcburən bağlı qaldığı bədəndən ayrılmışdı. Düşündüm, deməli canın bədəndən ayrılmağı belə olurmuş. Mən indi təkcə ruh idim. Əvvəllər görmədiyim rənglərlə dolu, işıqlı bir yoldaydım.

 

Aşağıda insanlarla, dəvələrlə dolu bir köç gedirdi. Hamı ağ paltarda idi, kimi dəvə üstündə, kimi də piyada. İstiqamətimiz eyni idi. İnsanlar arasından mənə əl eləyənlər də olurdu. Onları bir şey birləşdirirdi: onlar dünyasını dəyişmiş qohumlarım, ya da dostlarım idi. Qəfil anladım ki, mən də ölmüşəm. Öləndən sonra bu işıqlı yol haqqında oxumuşdum. Fikirləşdim, görəsən mən niyə öldüm? Nədən? Pəhriz saxlayırdım, bədənimi pis vərdişlərdən uzaq tuturdum. Elə ağrıyan yerim də yox idi axı. Özüm də həkim.

 

Dostlar da deyəcək ki, sağlam və çox yaşamağın yollarından danışırdı, özü də belə…
Yaxınlarımın qəmli olacaqlarını düşündüm. Keçirtdiyim hisslər təəssüf hissindən uzaq idi. Çox rahat idim. Elə bil ömrüm boyu bu rahatlığı arzulamışdım.

 

Uçuş sürətim yavaş-yavaş azalırdı. Astaca harasa endim. Bura böyük və işıqlı bir otaq idi. Ortada, qalın döşəkçənin üzərində ağsaçlı, nurani bir qoca oturmuşdu. Qoca mənə gülümsədi, salam verdi. Mən də salam verdim. Anladım ki, bizdən səs çıxmır, biz baxışlarımızla danışırıq. Niyəsə təəcüblənmədim.
O, qarşısındakı qalın kitabı açdı, səhifələr dümağ olsa da, o elə bil nəsə oxuyurdu. Bir azdan başını qaldırıb baxışları ilə çatdırdı:- yaşamısan. Dedim ki, hə, yaşamışam.

 

Bütün keçmiş həyatım kino lenti kimi bir neçə saniyəyə gözlərimin önündən keçdi. Elə peşmançılığım da yox idi.

 

Qoca soruşdu:- yuxular görürdün?
- Hə, görürdüm.

Həmişə düşündürüb məni bu yuxular. Yuxularım xaotik deyildi, həmişə bir süjet xəttinə bağlı idi. Kim bu süjetləri düşünürdü? Necə?

 

Qoca fikirlərimi oxuyurmuş kimi dedi:- sən yaradıcı insan olmusan, bu gündən insan yuxuları üçün senarilər düşünəcəksən. Gündüz insanları müşahidə edib, yatanda istənilən simada onların yuxularına girə biləcəksən. Bu vaxtdan sən insanların yuxularında yaşayacaqsan. Bu sənin yeni həyatın olacaq. Sualın var? Dedim ki, yox.

 

Qocanın yanında çox gözəl bir xanım peyda oldu. Yunan əsatirlərində gördüyüm xanımlara bənzəyirdi. Uzun və qəşəng hörükləri var idi. Həyatım boyu arzuladığım, amma heç vaxt sığallamaq imkanım olmadığı hörüklər!

 

Qoca son dəfə dilləndi: səni olacağın yerə ötürəcəklər. Qoca yox oldu. Onunla sağollaşa bilməməyimə təəssüfləndim.

 

Hörüklü xanım başı ilə onun arxasınca getməli olduğuma işarə etdi, ixtiyarsız hörüklərin arxası ilə getdim. Elə bu an səslər eşitdim. Səslər doğma idi, qonşu otaqdan gəlirdi. Qızım nəvələrimə deyirdi ki, səs salmayın, babanızı oyadarsınız.
Gözlərimi açdım. Yuxunu xatırladım. Düşündüm ki, mənim bu yuxumun senarisini yazan çox istedadlıdır…

Hümbət Həsənoğlu

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]