BDU-nun dosenti Ramin Mahmudzadə vəfat edib

BDU-nun dosenti Ramin Mahmudzadə vəfat edib

BDU-nun dosenti Ramin Mahmudzadə vəfat edib 

 

Azərbaycanın elm və təhsil ictimaiyyətinə ağır itki üz verib.

 

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Əlinazim oğlu Mahmudzadə vəfat edib. O, 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirərək 1961-ci ildə məzun olub. 1961-ci ildən 1968-ci ilədək BDU-nun Mexanika-riyaziyyat fakültəsində laborant işləyib. 1968-1973-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. 1973-cü ildə BDU-da fəaliyyətini davam etdirib, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs deyib. Baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləyib.

 

Ramin Mahmudzadə fasiləsiz olaraq pedaqoji və ictimai fəaliyyət göstərib. 1970-ci illərin əvvəllərində respublikada ilk dəfə olaraq 164, sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin əsasını qoyub.
1989-cu ildə Azərbaycanın məktəblərində kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin rəhbəri işləyib. Respublika üzrə məktəblərarası informatika olimpiadalarının komissiya sədri, 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri kimi çalışıb. Ramin Mahmudzadə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

 

O, pedaqoji fəaliyyəti dövründə translyasiya üsulları, informatika, alqoritmik dillərdən dərs deyib, paralel proqramlaşdırma, proqramlaşdırma dilləri, tədris metodikası sahələri üzrə tədqiqatlar aparıb. 80-dən artıq elmi və pedaqoji əsəri çapdan çıxıb.

 

Allah rəhmət etsin!
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]